İsa Çələbi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İsa Çələbi
Əvvəlkiİldırım Bəyazid
SonrakıSüleyman Çələbi
Musa Çələbi
Mehmed Çələbi
Şəxsi məlumatlar
Doğum tarixi 1378
Doğum yeri Kütahya sancaqbəyliyi, Osmanlı imperiyası
Vəfat tarixi sentyabr 1403
Vəfat yeri
Dəfn yeri İldırım Bəyazid türbəsi, Bursa
Fəaliyyəti siyasətçi
Atası İldırım Bəyazid
Anası Dövlətşah Xatun
Həyat yoldaşı ... Xatun (İohann Tunteresin qızı)

İsa Çələbi (1378, Kütahyasentyabr 1403, Əskişəhər) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin oğlu, Fetrət dönəmində sultanlığını elan edən Osmanlı şahzadələrindən biri.[1]

Şahzadə İsa Çələbi 1378-ci ildə Kütahyada dünyaya gəldi. Atası Sultan Murad Hüdavəndigarın oğlu və o illərdə Kütahya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə Gərmiyanoğlu Süleyman bəyin qızı Dövlətşah Xatundur. 1387-ci ilin iyununda Bursa yaxınlığındakı Yenişəhərdə keçirilən mərasimlə qardaşları Ərtoğrul  və Süleyman Çələbiylə birlikdə sünnət edildi.[2] Eyni mərasimlə babası Sultan Murad Hüdavəndigar, atası Şahzadə Bəyazid və əmisi Şahzadə Yaqub Bizans imperatoru II Manuilin qızlarıyla evləndilər.

1389-cu ildə baş tutan Birinci Kosovo döyüşündə babası Sultan Murad Hüdavəndigar qələbə qazanmasına baxmayaraq sui-qəsd nəticəsində öldürüldü və ardından atası taxta çıxdı. Atası İldırım Bəyazidin Anadolu bəyliklərini birləşdirmə siyasəti nəticəsində, 1391-ci ildə işğal edilən Həmidoğulları bəyliyinin torpaqları İsa Çələbinin idarəsinə verildi. Bu vəzifədə ikən qardaşları kimi Niqbolu döyüşündə (1396) iştirak etməmiş, əmrindəki birliklərlə Anadolunu mühafizə etmişdir.[3] Ankara döyüşündə (1402) isə atası İldırım Bəyazidin mərkəzdəki qüvvələrinin gerisində qardaşları Mustafa ÇələbiMusa Çələbiylə yer aldı.

Məğlubiyyətin ardından döyüş meydanından qaçaraq Balıkəsir yaxınlarında bir köşkdə gizləndi. 1402-ci ilin noyabrından etibarən bu bölgədə, eləcə də Mərmərə dənizinin cənub sahillərində öz hakimiyyətini qurdu. Əmir Teymurun İzmiri fəth etməsinin (5 yanvar 1403) ardından elçisi Qütbəddin İznikini göndərərək təbəəliyini qəbul etdiyini bildirdi. Elçisiylə birlikdə dəyərli hədiyyələr və cins atlar göndərən İsa Çələbiyə qızıl kəmər və xələt göndərilərək Balıkəsir bölgəsindəki səltənəti Əmir Teymur tərəfindən təsdiq edildi.[4]

Əmir Teymurdan aldığı icazəylə Bursanı ələ keçirən İsa Çələbi burada özünü sultan elan etdi (yanvar 1403). Rumelidə hakimiyyəti ələ alan qardaşı Süleyman Çələbinin də təşviqiylə Bizans imperatoru II Manuillə sülh bağlayan İsa Çələbi, tanınmış Bizans zadəganı İohann Tonteresin qızıyla evləndi. Qardaşı Musa Çələbinin Əmir Teymurdan aldığı yarlıqla Bursaya gəlməsinin ardından şəhəri tərk etsə də, Əmir Teymurun Anadoludan çəkilməsinin ardından yenidən Bursanı ələ keçirdi.

Bu dəfə isə Amasya, TokatSivas bölgələrində hakimiyyət quran digər qardaşı Mehmed Çələbi ilə qarşı-qarşıya gəldi. Mehmed Çələbi Ulubat yaxınlığında qardaşını məğlub etdi. Döyüşdə İsa Çələbinin yaxın adamlarından Sarı Timurtaş Paşa əsir düşdü. İki qardaş arasındakı taxt mübarizəsini sülh yoluyla həll etməyə çalışan Karesi bəyi Eynə bəyin səyləri nəticəsində, Mehmed Çələbi böyük qardaşına məktub yazaraq Anadolu torpaqlarının aralarında bölüşdürülməsini təklif etdi. Bu razılaşmaya görə, Bursadan Tokata və Sivasa qədərki bütün şərqi Anadolu torpaqları Mehmed Çələbiyə, Bursanın cənubunda qalan Aydın, Sarıxan, Gərmiyan, KarəsiQaraman əyalətlərinin torpaqları isə İsa Çələbiyə qalacaqdı. Ancaq İsa Çələbi üçün nəzərdə tutulan bu torpaqlarda Əmir Teymurun gəlişindən sonra ayaqlanan bəyliklər öz müstəqilliklərini elan etmişdilər. Bunu anlayan İsa Çələbi Osmanlı səltənətinin paytaxtı olan Bursanın öz əlində olduğunu, üstəlik yaşca böyük olduğunu irəli sürərək bu təklifi rədd etdi. Ulubat yaxınlığında yenidən qarşı-qarşıya gələn 2 qardaş arasında həlledici döyüş baş tutdu. Daha təcrübəli ordu mənsublarından ibarət birlikləriylə Mehmed Çələbi bu döyüşdə qələbə qazandı. İsa Çələbi Yalovaya qaçdı və buradan gəmiylə İstanbula gələrək Bizans imperatoruna sığındı. Bursada taxta çıxaraq özünü sultan elan edən qardaşı Çələbi Mehmed isə əsir tutduğu Sarı Timurtaş Paşanı edam etdirdi və qələbəsini yazdığı bir məktubla paşanın kəsik başını Rumelidəki qardaşı Süleyman Çələbiyə göndərdi.[5]

Bizans imperatoru II Manuilə sığınan İsa Çələbi, qardaşı Süleyman Çələbinin elçi göndərərək qardaşını tələb etməsinin ardından 1403-cü ilin yayında Ədirnəyə gəldi. Anadoludakı səltənətin İsa Çələbiyə məxsus olduğunu elan edən Süleyman Çələbi isə qardaşını pul və əsgərlə dəstəkləyərək Bursa üzərinə göndərdi. Gəliboludan Anadoluya keçən İsa Çələbi Karesi bəyliyini ələ keçirdi və Bursanı mühasirəyə aldı. Ancaq şəhər əhalisi qapıları tutaraq onu şəhərə buraxmadı. Ardından qardaşı Çələbi Mehmedə məktub yollayaraq əmrindəki birliklərin qışlaması üçün münasib bir yer istədi. Çələbi Mehmed isə qardaşına hədiyyələr göndərərək Beypazarı adlı bölgəni ona və əmrindəki adamlara təsis etdiyi bildirdi.

Ancaq çox keçmədən İsa Çələbi yenidən ayaqlandı və Sivrihisar üzərindən Qaramanoğulları torpaqlarına hücum etdi. Burada bir neçə qalanı əələ keçirdi və əhalidən zorla topladığı vergilərlə ordusunu genişləndirib yenidən Bursaya hücum etdi. Bu dəfə də onu şəhərə buraxmayan şəhər əhalisi qalaya çəkilərək müqavimət göstərdi. Ancaq İsa Çələbi bu dəfə şəhər ətrafını yağmalayaraq şəhəri talan edib yandırdı. Bunu xəbər alan Çələbi Mehmed əmrindəki 3 min əsgərlə 10 gün içində Bursaya gəlib çatdı və qardaşını geri çəkilməyə məcbur etdi. İsa Çələbi Kastamonuya qaçaraq Candaroğlu İsfəndiyar bəyə sığındı. Onunla birlikdə Ankara qalasını mühasirəyə alsa da, Çələbi Mehmedin gəlişini xəbər alıb geri çəkildi.

Kastamonuda bir müddət qaldıqdan sonra Çələbi Mehmedin Tokatda olduğunu eşidib yenidən Bursa istiqamətində yola çıxdı. Keçdiyi yerlərə əhali tərəfindən dəstəklənmədiyini anlayan İsa Çələbi İzmiroğlu Cüneyd bəyin yanına sığındı. Burada digər Anadolu bəyliklərinə xəbər göndərərək onları qardaşına qarşı ittifaqa çağırdı. Bunun qarşılığında onların torpaqlarına hücum edilməyəcəyinə təminat verdi. İzmiroğlu Cüneyd bəy rəhbərliyində toplanan Aydın, Sarıxan, MenteşəTəkə bəylikləri Çələbi Mehmedə qarşı hücum etsə də, yenə məğlub oldular. Bu dəfə də az sayda birliklə Qaramanoğlu Nəsrəddin Mehmed bəyə sığınan İsa Çələbi burda çox qala bilmədi və Əskişəhərdə gizləndi. Bunu xəbər alan Çələbi Mehmed gizlicə şəhərə adamlarını göndərərək hamamda ikən qardaşını ələ keçirdi və kaman ipiylə boğdurdu (sentyabr 1403). Cənazəsi Bursaya aparıldı və İldırım Bəyazid türbəsinə - atasının yanına dəfn olundu.

  • Hâfız-ı Ebrû, Zübdetü’t-tevârîḫ, Süleymaniye Ktp., Fâtih, nr. 4370, vr. 336a.
  • Chalkokondyles, L’histoire de la décadence de l’Empire Grec et éstablissement de celuy des Turcs (trc. B. de Vigenere), Rouen 1660, s. 71.
  • Âşıkpaşazâde, Târih, s. 81.
  • Rûhî Târîhi (TTK Belgeler, XIV/18 [1992] içinde, tıpkıbasımı ile birlikte, nşr. Yaşar Yücel – Halil Erdoğan Cengiz), s. 399, 412-415.
  • Oruç b. Âdil, Tevârîh-i Âl-i Osmân, s. 26.
  • Anonim Tevârîh-i Âl-i Osman (nşr. F. Giese, haz. Nihat Azamat), İstanbul 1992, s. 50.
  • İdrîs-i Bitlisî, Heşt Bihişt, Süleymaniye Ktp., Esad Efendi, nr. 2197, vr. 221a, 228a-b, 230a.
  • Neşrî, Cihannümâ (Unat), I, 315; II, 425, 427, 431-433.
  • Hoca Sâdeddin, Tâcü’t-tevârîh, İstanbul 1279, I, 218, 222, 224, 228-229.
  • Hammer (Atâ Bey), II, 93-95.
  • N. Jorga, Osmanlı İmparatorluğu Tarihi (trc. Nilüfer Epçeli), İstanbul 2005, I, 278-288, 295-297, 301.
  • Uzunçarşılı, Osmanlı Tarihi, I, 318, 327, 330.
  • Ş. Nezihi Aykut, “Fetret Devri-IV: İsa Çelebi”, TD, sy. 44 (2008), s. 25-36.
  • Mükrimin Halil Yınanç, “Bayezid I.”, İA, II, 372.
  1. https://web.archive.org/web/20060502151032/http://www.4dw.net/royalark/Turkey/turkey2.htm
  2. D. Kastritsis, Bayezid’in Oğulları: 1402-1413 Osmanlı İç Savaşında İmparatorluk İnşası ve Temsil (trc. Ayda Arel), İstanbul 2010, s. 89-119, 121.
  3. Şerefeddin Ali Yezdî, Ẓafernâme (nşr. Mevlevî M. İlâhdâd), Kalküta 1888, II, 428, 479-480.
  4. R. G. de Clavijo, Anadolu, Orta Asya ve Timur (trc. Ömer Rıza Doğrul, s.nşr. Kâmil Doruk), İstanbul 1993, s. 29.
  5. E. Zachariadou, “Süleyman Çelebi in Rumili and the Ottoman Chronicles”, Isl., LX/2 (1983), s. 269, 284-285.