Çuğundur

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çuğundur
Elmi təsnifat
Beynəlxalq elmi adı

Çuğundur (lat. Beta) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.

Çuğundur bir və ikiillik ot bitkisi olub, yoğun, şaxəli müxtəlif rəngli ağ rəngdən başlayaraq tünd-qırmızı rəngə qədər, acza şırımlı köklərə malikdir. Yarpaqları şirəli, uzun saplaqlı, kənarı bütöv, yumurtavarıdır. Hamışıq çiçəkləri ləçəklidir, kasacığı solğun-yaşıl rəngdədir. Meyvəsi kürəvarı olub, üstən yastıdır, sərtdir, toxumları qara-qonur rəngdədir.

Azərbaycanın demək olar ki, bütün rayonlarında çuğundurun müxtəlif sortları yeməli və yem sortları geniş becərilir. Bundan başqa, yerli əhalinin həyatyanı sahələrində də şəkər çuğunduru yetişdirilir.

Çuğundur çox qiymətli təsərrüfat bitkilərindən biridir. Onun köklərində bir sıra faydalı maddələr var. Məsələn, respublikada becərilən çuğundurun köklərində 13-22% şəkər olur. Yarpaqlarında çoxlu miqdarda rəngləyici boyaq maddə vardır ki, o, şərab sənayesində işlədilir. Bundan başqa yarpaqlarında 106 mq C vitamini, A, B1 vitaminləri, üzvi turşular və s. maddələr müəyyən edilmişdir. Çuğundurun kökləri isə C, B vitaminləri ilə, xüsusən karotinlə daha zəngindir. Ona görə də çuğundurun köklərindən polivitamin konsentratı hazırlayıb istifadə etmək faydalıdır.

Çuğundurun yastı formalı sortlarından Misir, Qribov-A 473, Puşkin K-18, Don-367, yastı-girdə və girdə çuğundur sortlarından Leninqrad, bordo-337, konusvari formalılardan isə Erfurt, Gecyetişəni misal göstərmək olar.

  • Misir çuğunduru — qabığı tünd-bənövşəyi rəngdə azacıq qırmızıya çalır, forması isə yastı və girdədir. Bunların ətli hissəsi bənövşəyi-qırmızı, içi çox halqalı olur. Şirindir, lakin saxlama müddəti azdır.
  • Bordo çuğunduru — qabığı tünd qırmızı olur və bənövşəyi rəngə çalır, forması girdə, əti tünd qırmızı, içi ağ halqasız, dadı yaxşı olur. Xəstəliklərə və saxlanılmağa qarşı davamlıdır.
  • Nesravnennaya sortu — qabığı tünd qırmızı, forması yastı və ya girdə-yastı, ətli hissəsi isə tünd qırmızı olur. Saxlama müddəti çoxdur.

Azərbaycanda Bordo-237, yastı Puşkin-K-18 çuğundur sortları becərilir.