İctimai formasiya

Vikipediya, azad ensiklopediya
Araz Yaquboglu (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 05:46, 17 noyabr 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

İctimai formasiya (alm. Gesellschaftformation‎) – marksist iqtisadi nəzəriyyənin kateqoriyası, ictimai inkişaf mərhələsidir. Formasiya konsepsiyasının mahiyyəti – həm marksist, həm də qeyri-marksist variantlarda – vahid istiqamətli tarixi inkişaf prosesinin mövcudluğunun postulatlaşdırılmasından ibarətdir. Bu mənada, tarix keyfiyyətcə identifikasiya edilə bilən və ictimai formasiya adı almış "mərhələlərin" mütərəqqi qaydada bir-birini əvəz etməsi şəklində təsvir edilə bilər. Formasiya konsepsiyası tarixin dövrlərə bölünməsinin digər konsepsiyalarından – sivilizasiya, tarixin təkrarlanması və tarixi dövr konsepsiyalarından əhəmiyyətli dərəcədə fərqlənir.

Sivil cəmiyyət konsepsiyasına görə bütün sosiumlar əlahiddə və bir-birindən asılı olmayan, çox vaxt sivilizasiyalar adlanan tarixi tiplər şəklində müxtəlif qruplarda birləşirlər. Tarixən təkamül edən məhz bu qruplardır. Belə sivilizasiyaların hər biri yarandığı andan məhv olana qədər bir neçə inkişaf mərhələsindən keçir. N.Danilevskinin təbirincə desək ümumdünya tarixi yoxdur, yalnız konkret sivilizasiyaların tarixi var. Sivilizasiya konsepsiyası N. Danilevskinin, A. Toynbinin, P. Sorokinin, O. Şpenqlerin və başqalarının nəzəriyyələrinin əsasını təşkil edir. Formasiya konsepsiyası ilə sivilizasiya konsepsiyası arasında orta mövqe tutan tarixi dövran konsepsiyasına görə ümumdünya tarixi proses ayrı-ayrı mərhələlərin bir-birini mütərəqqi əvəzetməsi deyil, tsiklik əvəz etməsi prosesidir. Onlar dirçəlişdən tənəzzülə doğru gedir, sonra yenidən dirçəliş başlanır və i. Aristotel, Polibi, İbn Həldun, N. Makiavelli, D. Viko, F. Furye, E. Mayer və başqaları bu cür baxışların tərəfdarı idi. Tarixi dövrlər – obyektiv əlamətlərin müəyyən, bəzən ixtiyari şəkildə təyin edilən məcmusu, çox vaxt ictimai inkişafın hər hansı meyli əsasında fərqləndirilən özünəməxsus tarixi dövrlərin konsepsiyası tarixçilər arasında daha geniş yayılmışdır. Beləliklə, tarixin dövrlərə bölünməsi meyarı öyrənilən hadisələrin gedişində mühüm dəyişiklik hesab edilir. Tarixi epoxalara bölgü prinsip etibarilə empirik və çox cəhətdən ixtiyari bölgüdür, o hər hansı tarixi nəzəriyyədə təyin edilməmişdir və sistematik olması vacib deyil.

Formasiya konsepsiyası marksist iqtisadi nəzəriyyədə və adətən "postindustrial cəmiyyəti nəzəriyyəsi" termini ilə birləşdirilən müxtəlif nəzəriyyələrdə bu və ya digər şəkildə istifadə edilmişdir.

XX əsrin 80-ci illərində aparılmış tarixşünaslıq tədqiqatlarının gedişində aydışlaşdırılmışdır ki, K. Marks "ictimai formasiya" terminindən geniş və məhdud mənada istifadə etmişdir. O, geniş ictimai formasiyanın üç növünü fərqləndirirdi:

  • ilkin və ya ibtidai (arxaik);
  • ikinci və ya antoqonist (iqtisadi);
  • üçüncü və ya kommunist ictimai formasiya.

Antoqonist (iqtisadi) formasiya da öz növbəsində K. Marks tərəfindən sözün məhdud mənasında dörd formasiyaya bölünürdü:

Keçmiş SSRİ-də uzun müddət mövcud olmuş bəsit interpretasiyada tarixi proses beş ictimai-iqtisadi formasiyanın ardıcıl olaraq bir-birini əvəz etməsi kimi təqdim olunurdu:

Kommunizmin birinci mərhələsi də sosializmdir. Bəzi marksistlər kapitalizmdən əvvəl bir antoqonist formasiyanın mövcud olmasını iddia edirdilər. İndiki halda bu formasiya yuxarıdakı siyahıda göstərilib (feodalizm).

Marksa görə, hər bir ictimai formasiya həm məhdud, həm də geniş mənada məhz ona xas olan məhsuldar qüvvələrin və istehsal münasibətlərinin tarixən müəyyən vəhdətindən ibarət istehsal üsulu mövcuddur. İstehsal münasibətlərinin məcmusu cəmiyyətin bazisini təşkil edir. Hüquqi, siyasi və digər ictimai münasibətlər isə bazis üzərində ucalan və son nəticədə onunla müəyyənləşən üstqurumdur. İctimai formasiyaların bir-birini əvəz etməsi istehsal münasibətlərinin məhsuldar qüvvələrin xarakterinə və inkişaf səviyyəsinə uyğunluğu qanunu əsasında baş verir. Məhsuldar qüvvələrin inkişafı nəticəsində köhnə ictimai formasiyanın təməlində yeni ictimai formasiyanın obyektiv və subyektiv ilkin şəraiti formalaşır. Lakin bu prosesin gedişində istehsal münasibətləri modifikasiya edilərək dəyişilmiş məhsuldar qüvvələrə uyğunlaşa bilər. Bu vəziyyət ictimai formasiyanın öz-özünə yeniləşməsi imkanını istisna edir; onun aradan qaldırılması üçün istehsal üsulunu, cəmiyyətin siyasi təşkilini yenidən quran subyektiv qüvvələrin təsiri zəruridir. Bəzi hallarda bu cür təsir sosial inqilablar forması kəsb edir.

Böll, Helbreyt, Kan və Toflerə əsasən postindustrial cəmiyyəti nəzəriyyələrində tarixi inkişafın üç mərhələsi fərqləndirilir:

  • sənayeləşmədən əvvəlki və ya ənənəvi (aqrar) sənaye və postsənaye (Böll və b.);
  • texnotron (Bjezinski);
  • ifrat sənayeləşmiş mərhələ (Tofler);

Bu mərhələləri bir-birindən ayıran hədlər sənaye inqilabları və elmi-texniki inqilablardır. Bu nəzəriyyələrdə formasiya konsepsiyasından istifadə edilir. Lakin bu halda ictimai formasiyaların fərqləndirilmə meyarı marksizmdə olduğundan fərqlənir – texnikanın və texnologiyanın geniş mənada inkişaf səviyyəsindən meyar kimi istifadə edilir. Sənayeləşmədən əvvəlki dövrdə iqtisadiyyatın əsas sahəsi kənd təsərrüfatı, sənayeləşmə dövründə sənaye, postsənaye dövründə isə xidmətlər sahəsi üstünlük təşkil edir, limitləşdirici amillər rolunda isə müvafiq surətdə ardıcıl olaraq torpaq, kapitalinformasiya, hakim sosial qruplar – torpaq sahibkarları, kapital sahibkarları və informasiya mülkiyyətçiləri çıxış edir.

Formasiya konsepsiyasından istifadə edilən bütün nəzəriyyələrin müəyyən ümumi metodoloji xüsusiyyətləri var. Əvvələn bu nəzəriyyələrin hamısı teleoloji nəzəriyyələrdir, yəni onlar sosiumların hərəkətinin heç kəs tərəfindən əvvəlcədən müəyyən edilməmiş məqsədinin mövcud olmasını fərz edirlər. Belə bir məqsəd kimi ictimai tərəqqinin yeni pilləsinə keçid məqsədi elan edilir. Bu bir növ tarixi inkişafın məqsədəuyğunluq doktrinasıdır. İkincisi, həmin nəzəriyyələrdə tarix hadisələrin qarşısıalınmaz gedişi kimi təqdim edilir. Onlar belə güman edirlər ki, tarixi qüvvələr axınına xas olan daxili bağlılıq manevr etmək, tarixi dəyişmək imkanını əhəmiyyətli dərəcədə azaldır. Nəhayət, üçüncüsü, bütün formasiya nəzəriyyələrində hər hansı tarixi hadisələr aşkar və ya qeyri-aşkar şəkildə qiymətləndirilir: bu hadisələr ictimai formasiyaların dəyişilməsində ifadə olunan tarixi tərəqqiyə ya şərait yaradır, ya da ona mane olur. Müasir dövrdə formasiya nəzəriyyələrinin həm tarixçilər arasında, həm də iqtisadçılar arasında populyarlığı get-gedə azalır.

  • Karl Marks: Die deutsche Ideologie (1844). In: Marx-Engels-Werke MEW 3, Berlin: Dietz 1956 ff.
  • Karl Marks: Manifest der kommunistischen Partel (1844). In: MEW 4, Berlin: Dietz 1956 ff.
  • Karl Marks: Zur Kritik der politischen Ökonomie (1859). In: MEW 13, Berlin: Dietz 1956 ff.
  • Konrad Lotter, Reinhard Meiners, Elmar Treptow: Marx-Engels-Begriffslexikon. Beck, München 1984, ISBN 3–406-09273-X, S. 135 ff.
  • Georg Lukács: Geschichte und Klassenbewußtsein (1923), Berlin: Luchterhand 1973
  • Dieter Nohlen, Rainer-Olaf Schultze (Hg.): Lexikon der Politikwissenschaft. Theorien, Methoden, Begriffe. Bd. 1, 2005, S. 301

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]