Momo (roman)
Duman Adamlar olaraq da bilinən Momo , Maykl End tərəfindən 1973-cü ildə nəşr olunan fantastik bir romandır. Söhbət zaman anlayışından və müasir cəmiyyətlərdə insanlar tərəfindən necə istifadə edilməsindən gedir.
Momo | |
---|---|
alm. Momo | |
Janr | fantaziya, uşaq nağılı[d] |
Orijinal dili | alman dili |
Nəşr ili | 1973 |
Vikianbarda əlaqəli mediafayllar |
Süjet
redaktəAdı açıqlanmayan bir şəhərin kənarındakı köhnə amfiteatrın xarabalıqlarında haradan gəldiyi bilinməyən kiçik qız Momo yaşayır. Valideynləri yoxdur, əynində isə geyinilmiş uzun bir palto var. Saymağı və hətta neçə yaşı olduğunu da bilmir. Ondan yaşını soruşanda, "Bildiyimə görə, həmişə var olmuşam" cavabını verir. Yaxşı bir dinləyici olduğu üçün məhəllədəki insanların sevgisini qazanır. Sadəcə insanlarla vaxt keçirib onların problemlərini məsləhət vermədən dinləməklə belə qarşısındakının yaxşı hiss etməsinə səbəb olan biridir Momo. Hətta camaat arasında "Get bir Momony gör" ifadəsi məşhur idi. Momo bir çox dostlar qazanır, xüsusən də vicdanlı, sakit bir küçə süpürgəçisi Beppo və şair ruhlu turist bələdçisi Gigi onun ən yaxın dostlarına çevrilirlər.
Məhəllənin bu xoş atmosferi, Duman Adamların gəlişi ilə pozulur və nəticədə insanların vaxtını oğurlayan paranormal varlıqlar ortaya çıxır. Boz geyimli, boz dərili, keçəl kişilər surətində görünən bu qəribə varlıqlar özlərini Vaxta Qənaət Bankının nümayəndələri kimi təqdim edir və əhali arasında "Vaxta qənaət" ideyasını təbliğ edirlər: guya insanlardan aldıqları vaxtı banka yatırırlar və sonra faizlə birlikdə müştəriyə qaytarırlar. Duman Adamlar məhəllə xalqı ilə görüşüb onlarla zamana qənaət müqaviləsi bağlayırdılar, ancaq elə edirdilər ki, onlar gedəndən sonra görüşdükləri adam belə bir görüşün baş tutduğunu və Duman Adamları xatırlamırdı, ancaq müqavilə şərtlərini səbəbini anlamadan yerinə yetirirdi. Tədricən, Duman Adamların pis təsiri bütün şəhərə yayılır: həyat maraqsızlaşır, ictimai fəaliyyətlər, istirahət, sənət, təxəyyül və ya yuxu kimi vaxt itkisi hesab edilən hər şeydən məhrum edilir. Evlər və geyimlər hər kəs üçün eyni şəkildə hazırlanır və insanların həyatları təlaş içində keçir. Əslində, insanlar nə qədər çox vaxta qənaət etsələr, bir o qədər vaxt tapmırlar; qənaət etdikləri vaxt əslində onlardan oğurlanır özləri də bilmədən. Artıq insanlar dostları ilə, sevdikləri birlikdə olmağı, hətta düşünməyi belə vaxt itkisi sayırlar, Ancaq yenə də qənaət etdikləri vaxtın hara getdiyini anlaya bilmirlər.
Momo, qeyri-adi xarakteri sayəsində şəhərdə pis bir şey baş verdiyini anlayır və Duman Adamların planlarını aşkara çıxarır. Duman adamlar onu yola gətirmək, onunla müqavilə bağlamaq istəsələr də buna nail ola bilmirlər. Ən yaxın dostları belə Duman Adamların təsiri altına düşən Momonun bəşəriyyəti xilas etmək üçün yeganə ümidi zamanın idarəçisi, Usta Secundus Minutus Hora və tısbağa Kassiopeyadır. Kassiopeya Momo ilə qabığının üzərində əmələ gələn yazılar vasitəsilə danışır. Həmçinin bu tısbağanın yarım saat ərzində baş verəcək hadisələri bilmək kimi bir qabiliyyəti var. Momonun sərgüzəştləri onu öz vaxtının sevimli saat zanbaqları şəklində axdığı qəlbinin dərinliklərindən, insanların qənaət etdiklərinə inandıqları vaxtın toplandığı Duman Adamların sığınacağına aparır.
Usta Hora vaxtı dayandırandan sonra Momoya yanında aparması üçün bir saat zanbağı verdikdə Momonun donmuş dünyada Duman Adamları məğlub etmək üçün tam bir saatı var. Gizli şəkildə onları yeraltı sığınacaqlarına qədər izləyir və onları məğlub edir. İnsanlardan oğurlanmış vaxtı onlara qaytarır.
Əsərdə toxunulan əsas mövzular
redaktəMomonun əsas mövzusu istehlakçılığın və stresin tənqidi olaraq qəbul edilə bilər. Lazımsız istehlak insanları boşluğa sürükləyir, daha çox pul və ya əşya Gigini xoşbəxt etməyə qadir olmadığı kimi bizi də xoşbəxt etmir. Bizi bu cür həyat tərzinə sövq edən gizli güclərin necə təhlükəli ola biləcəyini vurğulayır Maykl End.
Ende kitablarının çoxunda uşaqlar da vacib bir mövzudur. Momoda, böyüklərin cəmiyyəti ilə ziddiyyət yaratmaq üçün onlardan istifadə olunur. Uşaqlara oyun oynamağın vaxt itkisi olduğunu desək onlar bizə inanmazlar və bunu başa düşməzlər, buna görə də onlar Duman Adamların hədəfinə çevrilə bilmirlər. Müəllif burada həmçinin istehlakçıların diqqət mərkəzində olan Barbie gəlinciklərini ələ salır və bahalı oyuncaqları uşaqların xəyal gücünü tənbəlləşdirdiyi üçün qınayır.
Robert N. Pek, Momo'nun beş əsas elementə sahib olduğunu izah edir: vaxt ayırmaq, dinləmək, xəyal etmək, insanlar və musiqi.
Ədəbi əhəmiyyət
redaktəFilosof Devid Loy və ədəbiyyat professoru Lİnda Qudhivan yazdığı məqalədə Momonu "XX əsrin sonlarının ən diqqətəlayiq romanlarından biri" olaraq adlandırılır. Daha sonra bildirirlər " Momo haqqında ən heyrətamiz şeylərdən biri 1973-cü ildə nəşr edilməsidir. O vaxtdan bəri təsvir etdiyi müvəqqəti kabus bizim reallığımıza çevrildi. "
Kitab 1985-ci ildə ABŞ -da nəşr olunduqda, Washington Post qəzetindən Natali Babbit belə bir şərh verdi: "Uşaq kitabıdırmı? Amerikada yox. "