Elmas Hüseynov
Elmas (Elmass) Mirmehdi oğlu Hüseynov (14 may 1937, Bakı – 6 dekabr 2013, Bakı) — Azərbaycan rəssamı, qrafika ustası, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992).
Elmas Hüseynov | |
---|---|
Digər adı | Elmass Hüseynov |
Doğum tarixi | 14 may 1937 |
Doğum yeri | |
Vəfat tarixi | 6 dekabr 2013 (76 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, qrafika ustası[d] |
Təhsili |
|
Mükafatları |
Həyatı
redaktəElmas Hüseynov 14 may 1937-ci ildə Bakıda anadan olmuşdur. Buradakı 6 saylı orta məktəbdə təhsil almışdır. 1955-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olmuş, 1960-cı ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə o, Belarus Dövlət İncəsənət Universitetinin qrafika bölməsinə qəbul olmuşdur. Məzun olduqdan sonra Bakıya dönərək yaradıcılıq fəaliyyətinə başlamışdır.[1]
Elmas Hüseynov 1970-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü olmuş, 1988-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Qrafika şöbəsinin sədr müavini olmuşdur. 1988–1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Rəssamlıq fakültəsinin Qrafika kafedrasında dosent işləmişdir. 1993-cü ildən Azərbaycan Rəssamlar İttifaqının idarə heyətinin üzvü olmuşdur.[1]
Elmas Hüseynov 6 dekabr 2013-cü ildə vəfat etmişdir.
Yaradıcılığı
redaktəElmas Hüseynov Kazım Kazımzadə, Qəzənfər Xalıqov, İsmayıl Axundov, Maral Rəhmanzadə kimi qrafika ustalarının yaradıcılıq ənənələrini davam etdirmiş, eyni zamanda öz orijinal əsərləri ilə seçilmişdir. O, öz "Neftçi" adlı linoqravüründə müəllif incə xətlərlə, ağ və qara rəngin bütövlüyü ilə ifadəli bir obraz yaratmışdır. Rəssam "Şair və obrazlar" adlı qravüründə canlı, ifadəli bir səhnə qurmuş, fərqli üsulda əsər yaratmışdır.[1]
Elmas Hüseynov tez-tez müharibə bölgələrində olmuş, Azərbaycan əsgərlərinin obrazlarını yaratmışdır. Onun Azərbaycan Prezidenti Heydər Əliyevin həyat və fəaliyyətinə həsr etdiyi silsilə rəsmləri dünyanın müxtəlif sərgilərində nümayiş etdirilmişdir. Rəssamın Nizamiyə, Füzuliyə həsr etdiyi rəsmləri, "Əlifba" kitabına çəkdiyi rəngli şəkilləri xüsusilə seçilmişdir. Nizaminin "Xəmsə"sinə dəfələrlə müraciət edən Elmas Hüseynov "Xosrov və Şirin" poemasına çəkdiyi tablo özünəməxsusluğu ilə fərqlənir.[1]
Elmas Hüseynovun "Sirlər xəzinəsi", Nəbi Xəzrinin "Arzu" poemalarına çəkdiyi rəsmlər, eləcə də "Ağaclar" mənzərəsi, "Gül" natürmortu ,"Dağ", "Lerik", "Şuşa", "Quba", "Abşeron" mənzərələri, "Meyvələr", "Çöl çiçəkləri", "Qarpız", kimi bədii əsərləri onun yaradıcılığının yaddaqalan əsərlərindən hesab olunur.[1]
Bakı Slavyan Universitetinin binasının fasadında Azərbaycan ədiblərinin portretlərini şərq motivləri fonunda əks etdirən mozaik panno Elmas Hüseynov tərəfindən yaradılmışdır.[2]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Mehdiyev R. "Görkəmli qrafika ustası". "Respublika" qəzeti. 7 iyun 2008. səh. 7. 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2022.
- ↑ "Prezidentin müdaxiləsi bu problemin də həllinə səbəb oldu". Sputnik. 3 may 2017. 17 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2022.