Biznes klasteri
Biznes klasteri (ing. business cluster[1]) — xidməti fəaliyyətinin əsasları həmcins olan sahibkarlıq subyektlərinin, təminatçıların və əlaqədar digər təşkilatların xüsusi statusla coğrafi təmərküzləşməsi.[2]
Tarixi
redaktəİqtisadçıların aqlomerasiya (təmərküzləşmə) adlandırdığı anlayışın metodoloji tarixi Alfred Marşalın 1890-cı illərdəki tədqiqatlarına qədər gedir. Müasir dövrdə isə "Biznes klasteri" yaxud "Porter klasteri" termini əsasən amerikalı akademik Maykl Porterin 1990-cü ildə nəşr etdirdiyi "Ölkələrin rəqabət üstünlüyü" əsəri ilə təqdim olunmuş və ardınca elmi çevrələr tərəfindən qəbul edilərək məşhurlaşmışdır.[3] İqtisadi proseslərdə müvəffəqiyyətin əldə edilməsində iqtisadiyyatın coğrafi aspektləri isə Paul Kruqmanın "Coğrafiya və ticarət" (1991) əsərində geniş şəkildə işıqlandırılmışdır.[4] Məhz bu cürə tədqiqatlardan sonra biznes klasterləri dövlətlərin iqtisadi strategiyalarında öz yerini almağa başladı.
Mahiyyəti
redaktəMaykl Porterə görə müasir qlobal iqtisadi proseslərdə rəqabət üstünlüyü əldə etməyin üsulu kimi bir qisim xüsusi faktorlar əhəmiyyət daşıyır. Məsələn, biznes subyektinin yerləşdiyi məkanın limana yaxın olması yaxud insan resursunun rəqiblərinə nisbətdə daha münasib qiymətlə çalışdırılması kimi nümunələr, xərcləri azaltmaqla rəqabət üstünlüyünü şərtləndirən başlıca amillərdir. Bu qəbildən olan üstünlüyü kortəbii haldan sistemli formaya transformasiya etmək üçün isə müəyyən inzibati tənzimləmərə ehtiyac duyulur. Biznes klasterləri rəqabət anlayışına təsir edən təkmil metodoloji yanaşma kimi məhz bu zərurəti qarşılamaq məqsədi güdür.[5] Porterə görə biznes klasterləri rəqabət anlayışına üç əsas istiqamətdə təsir edə bilər:[5]
- Klaster daxilində fəaliyyət göstərən subyektlərin məhsuldarlığını yüksəltməklə;
- İnnovasiyanın əməliyyatların hərəkətverici elementi kimi prosesə inteqrasiyası ilə;
- Yeni biznes subyektlərinin təşəkkülünü stimullaşdırmaqla.
Növləri
redaktəBiznes klasterləri mahiyyət etibarilə əsasən iki kateqoriyada səciyyələnirlər. Burada fərqləndirici faktorlar, subyektin təşəkkül mərhələsi və onun sonrakı fəaliyyətinin spesifikasına müvafiq olaraq formalaşmışdır.
Quruluşuna görə
redaktə- Coğrafi klaster – Əsasən coğrafi faktorlara görə yaranmış klasterlərə verilən addır. Buna misal olaraq Hollandiyadakı gül klasterini göstərmək mümkündür. [6]
- Sektoral klaster – Eyni kommersiya fəaliyyəti ilə məşğul olan subyektlərin təmərküzləşdiyi klasterlərə deyilir.
- Üfüqi klaster – Mənbə paylaşımı dərəcəsində qarşılıqlı əlaqələrin olduğu subyektlərin bir araya gətirərək formalaşdırdığı klaster növüdür. Məs: "nouhau" paylaşımı.
- Şaquli klaster – Ortaq mexanizmlərdən istifadəyə görə cəmləşən şirkətlərin olduğu klasterdir. Məs: Tədarük zənciri klasteri.
Fəaliyyət spektrinə görə
redaktə- Yüksək texnologiya klasteri – Yüksək texnologiya tutumlu, bilik iqtisadiyyatına adaptasiya olunmuş və əməliyyatların mahiyyəti universitetlərin elmi-tədqiqatlarına söykənən şirkətlərin cəmləşdiyi qrupu ifadə edir. Məs: Silikon Vadisi.
- Ənənəyə söykənən klaster – Biznes strukturlarının iqtisadi ənənələrin təmin etdiyi çoxillik təcrübə və imkanların zəngin olduğu spesifik mühitdə fəaliyyətini nəzərdə tutur. Məs: Maliyyə mərkəzi kimi tanınan London şəhərində, əsasən bu qəbildən olan qurumların cəmləşməsi.
- "Lou-kost" klaster – İstehsal xərclərini minimallaşdırmaq məqsədi güdən korporasiyaların bəzi inkişaf etməkdə olan ölkələrdə, bir sıra üstünlüklərə görə (ucuz işçi qüvvəsi, vergi güzəşti, əlverişli xammadə qiymətləri və s.) müəyyən edilmiş zonalarda biznes əməliyyatları aparması halını ifadə edir.
Dünya üzrə nümunələr
redaktəAmerika Birləşmiş Ştatlarında
redaktəABŞ-da əksər sahələr üzrə çoxsaylı biznes klasterləri mövcuddur. Bunların sırasından ən məşhuru Kaliforniya ştatında yerləşən, Apple, Facebook, Google, Netflix, Tesla, Twitter, Yahoo, eBay, Cisco və Oracle kimi dünyaca tanınmış nəhəng şirkətlərə ev sahibliyi edən Silikon Vadisi rəqəmsal klasteridir. Əsasən müdafiə sənayesi üzrə tədqiqatlar üçün nəzərdə tutulmuş, sonradan Stanford Universitetinin təşəbbüsü ilə mülki tədqiqatlara da açılmış ərazi, ötən əsrin 70-ci illərindən etibarən informasiya kommunikasiya texnologiyaları üzrə ixtisaslaşan şirkətlərin qərargahına çevrildi.[7] ABŞ Ticarət Departamentinin İqtisadi Təhlil Bürosunun 2017-ci ildə Kaliforniya ştatı üzrə dərc etdiyi hesabata görə ştatın 3,2 trilyon dollar olan Ümum Daxili Məhsulunda 400-450 milyard dollarlıq İKT sektorunun payının əhəmiyyətli bir hissəsi, təkcə 2018-ci ildə 60 milyard dollardan bir qədər çox investisiya cəlb edən xüsusi zonanın hesabına formalaşır. Göstəricilər bir daha sübut edir ki, bu qəbildən olan zonaların xarici investisiya və təşəbbüskar cəlb etmə qabiliyyəti olduqca yüksəkdir.[2]
Hindistan Respublikasında
redaktəRegional həm də sektoral klasterləşmənin uğurlu örnəyi Hindistanın Karnataka ştatının paytaxtı Banqalor şəhəri hesab olunur. Həcm baxımından dünyanın dördüncü, bəzi mənbələrə görə birinci[8] texnoloji klasteri olan şəhər, 200 ali və orta mühəndislik məktəbi o cümlədən, 400-ə yaxın tədqiqat mərkəzi ilə araşdırma və inkişaf nöqteyi-nəzərindən regionun qabaqcıllarındandır. Yerli iqtisadi instutlara görə, ölkə Ümum Daxili Məhsulunun %10-i təşkil edən rəqəmsal sektoru əksərən Banqalor özünün rəqəmsal məhsulları ilə təmin edir.[2]
Türkiyə Respublikasında
redaktəTürkiyə Respublikasında universitetlər nəzdnində texnoparklar, həmçinin sənaye məhəllələri ilə yanaşı müxtəlif biznes klasterləri vardır. Bunlardan həcm etibarilə ən böyüyü və ən yenisi “Bilişim Vadisi” adı ilə formalaşıb. Türkiyə nümunəsini fərqləndirən cəhət isə biznes inkubatoru adlanan mexanizmin proseslərə inteqrasiya edilməsi ilə uğuru davamlılaşdırmağa hesablanmış addımlar atmasıdır.[2] İstanbul şəhərinin yaxınlığında yerləşən Qəbzə sənaye ərazisində qurulmuş “Bilişim Vadisi”ndə ən müxtəlif stimullaşdırıcı vasitələrlə informasiya kommunikasiya texnologiyaları sektorunun şirkətləri təmərküzləşdirilməyə çalışılır. Bu cəhd özünün ilkin nəticəsini yerli elektrik avtomobil layihəsi olan TOGG markasının istehsalının məhz “Bilişim Vadisi”ndə start götürməsi ilə göstərdi. Orta dövr üçün xüsusi zonanın rezident sayının 5000 şirkətə çatacağı, 50 milyard dollarlıq dövriyyə və 100 min nəfərlik məşğulluq sahəsi yaradacağı Türkiyə Respublikasının müvafiq orqanlarının dərc etdiyi hesabatlara əsasən gözləniləndir.[9]
İstinadlar
redaktə- ↑ JANUŠKA, M. Communication as a key factor in Virtual Enterprise paradigm support. In Innovation and Knowledge Management: A Global Competitive Advantage. Kuala Lumpur: International Business Information Management Association (IBIMA), 2011. s. 1-9. ISBN 978-0-9821489-5-2
- ↑ 1 2 3 4 Nicat Muradzadə. "Azərbaycanın rəqəmsal biznes klasterinə ehtiyacı var". moderator.az (az.). 6 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2020.
- ↑ Porter, M.E. (1990). The Competitive Advantage of Nations. New York: The Free Press. 1–857 pgs.
- ↑ Krugman, P. (1991). Geography and Trade. MIT Press. 1-142pg.
- ↑ 1 2 Porter, Michael. On Competition. Boston: Harvard Business School Press. 1998. səh. 225.
- ↑ Porter, M., Ramirez-Vallejo, J., & van Eenennaam, F. (2011). The Dutch flower cluster.
- ↑ Wiktionary.Silicon Valley
- ↑ "Bangalore". Open for Business.[ölü keçid]
- ↑ "Teknoloji tabanlı kalkınmanın kalbi Bilişim Vadisi'nde atacak". Anadolu Ajansı. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-11.