Assosiasiya

Vikimedia:Dəqiqləşdirmə

Assosiasiya (ing. Association) — ümumi məqsədlərə nail olmaq üçün təşkilatların və ya ayrı-ayrı şəxslərin birgə fəaliyyətini əlaqələndirən birlik forması[1]; digər mənaları isə: 1)cəmiyyət, birlik, ittifaq; 2)kimyada molekulların və ya maddənin iki qat, üç qat və i.a. olaraq birləşməsi; 3)fiziki və ya hüquqi şəxslərin qarşılıqlı əməkdaşlıq məqsədilə könüllü birləşməsi; 4)şirkətlər, ittifaqlar; 5)psixologiyada: psixi proseslərin nisbətən davamlı rabitəsi. Müəyyən əlaqə və münasibətdə olan cismin və hadisələrin əks etdirilməsi onlar haqqındakı fikir və təsəvvürlərin əlaqələndirilməsinə səbəb olur. Sonralar cismin biri təsir etdikdə digərləri də yada düşür. Əlaqəli fikir və hadisələr də belədir. Müasir anlamda assosiasiyalar qruplaşmış birliklər, ittifaqlar, təşkilatlar mənasında işlədilir.

Assosiasiyalar cəmiyyətin bütün institusional sahələrində (sənətkarlar gildiyaları, sənayeçilər ittifaqları, həmkarlar ittifaqları, siyasi partiya və bloklar, ictimai, elmi və dini birliklər, idman klubları, həvəskarların cəmiyyətləri və s.) yayılmışdır. Assosiasiyaların açılması və fəaliyyəti müvafiq hüquqi normalarla nizamlanır. Zaman keçdikcə Assosiasiyalar öz məqsədlərini və onlara çatma vasitələrini dəyişə bilər. Sosial institutlardan fərqli olaraq, Assosiasiya vətəndaş cəmiyyətinin institutu kimi, dövlətdən nisbi muxtariyyətə malikdir.

Assosiasiyaların saylarının artması müasir tipli cəmiyyətlərin fərqləndirici cəhətidir. Assosiasiyaların nüfuz və fəallıq dərəcəsi vətəndaş cəmiyyətinin inkişaf göstəricisidir. Plyuralist demokratiya modeli vətəndaşların müxtəlif sosial maraqlarını ifadə edən və onların hüquqlarını dövlət qarşısında fəal surətdə qoruyan Assosiasiyaların, inkişaf ideyası üzərində qurulur. Assosiasiyalar şəbəkəsi dövlət hakimiyyətinin qarşısını almaq mexanizmidir.

Hüquqda

redaktə

Assosiasiya, hüquqda — qeyrikommersiya təşkilatının təşkilati-hüquqi forması. Kommersiya təşkilatları sahibkarlıq fəaliyyətlərini əlaqələndirmək məqsədilə, həmçinin ümumi əmlak maraqlarını təmsil və müdafiə etmək üçün öz aralarında müqavilə bağlamaqla qeyri-kommersiya xarakterli Assosiasiya və ya ittifaq yarada bilər. İctimai və digər qeyrikommersiya təşkilatlarının, həmçinin müəssisələrin Assosiasiyalarda birləşməsi mümkündür. Assosiasiyanın üzvləri öz müstəqilliklərini və hüquqi şəxs hüquqlarını qoruyub saxlayırlar. Assosiasiya öz üzvlərinin öhdəliklərinə görə cavabdehlik daşımır.

Psixologiyada

redaktə

Assosiasiya, psixologiyada — təcrübənin iki məzmunu arasında əlaqə; şüurda bu məzmunlardan (təsəvvürlər, hissiyyatlar, obrazlar, fikirlər və s.) birinin canlanması digərinin də yaranması ilə nəticələnir. Təcrübədə bu əlaqə nə qədər çox yaranırsa, Assosiasiya bir o qədər möhkəm olur. “Assosiasiya” terminini ilk dəfə C.Lokk 17-ci əsrin sonlarında müxtəlif “ideyalar” arasında onlara müvafiq hadisələrin zamana və məkana görə təsadüfən üst-üstə düşməsi səbəbindən yaranan əlaqələri bildirmək üçün tətbiq etmişdir. O, zəka ilə yaranan əlaqələrdən fərqli olaraq, bu tip əlaqələri “ağılsız” sayırdı. 18,19-ci əsrlərdə “Assosiasiya” anlayışı psixologiyada olduqca geniş yayılmağa başladı. Assosiativ psixologiyada Assosiasiya şüurun əsas və hətta yeganə işləmə mexanizmi sayılırdı; yaranma üsullarına görə Assosiasiyanın tipləri təsvir edilirdi. D. Yum oxşarlıq (göy — mavi), kontrast (qara — ağ), zaman və məkanla əlaqə (uşağın qaranlıq otaqda təsadüfən qorxması sonradan qaranlıq qorxusu doğurur) və səbəb-nəticə Assosiasiyalarını (işığın qəfil parlaması — ağrı hissi) fərqləndirirdi. Assosiasiyaların bu ilkin yaranma qanunlarından başqa, T.Braun konkret Assosiasiyanın müəyyən məqamda bir çox digər mümkün Assosiasiyalardan yaranmasına səbəb olan “ikinci dərəcəli” qanunları — faktorları da qeyd edir: Assosiasiyada birləşən təəssüratların gücü, onların yeniliyi, fərdin özünəməxsusluqları və s. Assosiasiya Benə görə, əsasında “ağlın kortəbii fəallığı” duran “yaradıcı Assosiasiya” da mövcuddur.

Assosiasiyalaşdırılmış üzvlər

redaktə

Assosiasiyalaşdırılmış üzvlər — digər birliyə, yaxud təşkilata qoşulan, onların fəaliyyətində həlledici səs hüququ olmadan iştirak edən fiziki və ya hüquqi şəxs, təşkilat, assosiasiyalaşdırılmış dövlət.

Assosiasiyalaşdırılmış dövlət

redaktə

Assosiasiyalaşdırılmış dövlət, assosiasiyalaşdırılmış ştat — 1) çoxtərəfli beynəlxalq müqavilənin, dövlətlər birliyinin (təşkilatının) iştirakçısı; onun tamhüquqlu üzvü olmayan, lakin həmin birliklə (təşkilatla) bağladığı ikitərəfli müqavilələr əsasında onun fəaliyyətində iştirak edən dövlət. Məs., Avstriya, Finlandiya və İsveç Aİda Assosiasiyalaşdırılmış dövlət olmuşlar (1994-95). 2) Dövlətçiliyin bəzi əlamətlərinə malik olan və federativ, yaxud (nadir hallarda) unitar dövlətin tərkibinə daxil olan dövlətiərazi qurum.

“Assosiasiyalaşdırılmış dövlət” termini (ABŞ hüququnda associated state — “assosiasiyalaşdırılmış ştat”) ilkin olaraq dövlətlər (Palay Respublikası, Mikroneziya Federativ Ştatları, Marşall Adaları Respublikası) tərəfindən elan olunmuş, ABŞ federasiyası tərkibində dövləti qurumları (İkinci dünya müharibəsindən sonra BMT tərəfindən ABŞ-nin himayəsinə verilmiş Mikroneziya assosiasiyaları, Puerto-Riko) bildirirdi. Sonra bu termin unitar dövlətlərdə (Yeni Zelandiyada bəzi adalara nəzərən, Fransada Yeni Kaledoniyaya nəzərən, Hindistanda ona birləşmiş Sikkimə nəzərən) də istifadə olunmağa başladı. Xarici federasiyalarda Assosiasiyalaşdırılmış dövlət (ştat) özünün hüquqi vəziyyətinə görə adi ştatdan aşağı mövqedədir. Adətən, Assosiasiyalaşdırılmış dövlət federasiyanın üzvü olduqdan sonra özünün Assosiasiyalaşdırılmış dövlət statusunu federasiyanın adi subyekti statusuna dəyişir.

Mənbə

redaktə
  • Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
  • Adilə Nəzərova, “Fəlsəfə terminlərinin izahlı lüğəti”.

İstinadlar

redaktə
  1. "Azərbaycan dilinin izahlı lüğəti". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-23.