Appendisit (lat. appendicitis) — kor bağırsağın soxulcanabənzər çıxıntısının iltihabı. Qarın boşluğunun ən geniş yayılmış kəskin xəstəliyi hesab olunur. Appendisit çox vaxt daima bağırsaqlarda qalan və normal həzm prosesi üçün lazım olan qarışıq qeyri-spesfik bakteriyaların fəaliyyəti ilə əlaqədar baş verir. Qeyri-spesfik bakteriyalardan bağırsaq çöpləri üstünlük təşkil edir. Soxulcanabənzər çıxıntının spesifik flora ilə (vərəm, sifilis və s.) zədələnməsinə çox nadir hallarda təsadüf edilir. Morfoloji olaraq kataral (ancaq selikli qişanın iltihabı), fleqmonoz (çıxıntının bütün qişalarının irinli iltihabı) və qanqrenoz (divar qişalarının hamısının ölməsindən tutmuş bəzən onun deşilməsinə – qanqrenoz-perforativ Appendisitədək) Appendisitlər var. Xəstəlik inkişaf etdikcə sağ qalça çuxurunda periton iltihab prosesinə cəlb olunur və yerli, sonra isə yayılmış peritonit baş verir. Orqanizmin müdafiə qüvvəsi yaxşı olduqda iltihabi proses məhdudlaşır (məs., böyük piyliklə, nazik bağırsaq ilgəklərilə) və infiltrat formalaşır. O isə sonradan absesə (irinliyə) çevrilə bilər. Bəzən qarın boşluğu absesi əmələ gəlir. İltihabın müsariqəyə yayılması, qaraciyərin çoxsaylı metastatik absesinin inkişafı ilə flebitin (pileflebit –qapı venasının iltihabı) və sepsisin baş verməsi mümkündür. Xəstəlik adətən qarınüstü və ya göbəkətrafı sahədə olan arasıkəsilməz sızıldayan ağrıların meydana çıxması ilə başlayır və bir neçə saatdan sonra sağ qalça çuxuruna keçir, ürəkbulanma, ağızda quruluq, ümumi əzginlik, temperaturun 38,5°C-yə qədər qalxması, taxikardiya baş verir. Qanda leykositlərin sayı artır (12·109/l-ə qədər). Qarnın palpasiyası zamanı soxulcanabənzər çıxıntının yerləşdiyi nahiyədə ağrı müəyyən edilir. Kəskin Appendisitin çoxlu simptomları təsvir edilmişdir (Mondor, Rovzinq, Obraztsov və s.). Peritonitin inkişafı zamanı sağ qalça nahiyəsi əzələlərinin gərginləşməsi meydana çıxır. Klinik mənzərə müxtəlifdir və soxulcanabənzər çıxıntının yerləşməsindən asılı olaraq dəyişir. Bununla əlaqədar Appendisit özünü xolesistit (qaraciyərin altında yerləşdikdə), sistit (çanaqda yerləşdikdə), sağ böyrəyin və sidik axarının patologiyası (kor bağırsağın arxasında yerləşdikdə) və s. kimi göstərə bilər. Hamilə qadınlarda kəskin Appendisitin diaqnostikası çətin olur və diaqnoz klinik mənzərəyə, leykositlərin dinamikasına nəzarət əsasında qoyulur. Şübhəli hallarda təcili laparaskopiyanın aparılmasına göstəriş olur. Müalicəsi: kəskin Appendisitn bütün formalarında cərrahi müdaxilə yolu ilə aparılır(appendikulyar infiltratdan başqa; bu zaman antibakterial və iltihaba qarşı konservativ müalicə aparılır). Əməliyyat özü appendektomiya adlanır. Əməliyyat özü iki üsulla icra oluna bilər: 1)açıq üsul, yəni qarın boşluğunun yarılması; 2) laparoskopik, yəni minimal invaziv üsul. Laparoskopik üsulla appendektomiya qarın boşluğu yarılmadan ora göbək nahiyyəsindən inçision-punktion yolla daxil edilmiş optik cihaz və qarının aşağı iki yan tərəflərindən inçision-punktion yolla daxil edilmiş iki köməkçi alətlər vasitəsilə manitorda müşahidə aparmaqla icra olunur. Cərrahi əməliyyatdan sonrakı ilk günlərdə – antibakterial və simptomatik müalicə.[3]

Appendisit
XBT-10 K35. — K37.
XBT-10-KM K37
XBT-9 540-543
XBT-9-KM 540-543.99[1][2], 541[1][2]
XBT-O 000256
OMIM C06.405.205.099
DiseasesDB 3430
MedlinePlus 000256
eMedicine /3430 
MeSH D001064
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Laparotomik üsulla (qarın boşluğunun yarılması) appendektomiya
Laparoskopik üsulla appendektomiya

İstinadlar

redaktə
  1. 1 2 Disease Ontology (ing.). 2016.
  2. 1 2 Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
  3. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 580. ISBN 978-9952-441-02-4.