Əbu Turxan
Görünüş
Əbu Turxan - (Əsl adı -Səlahəddin Sədrəddin oğlu Xəlilov; təxəllüsü: Tur Xander 22 fevral 1952, Marneuli) — fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2007).[1]
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
- Adam o zaman özünə yer tapa bilmir ki, yerini başqa yerdə axtarır.
- Aforizm fikrin qönçəsidir.
- Axmaqlıq kiçiklik deyil; axmağın da böyüyü-kiçiyi olur.
- Ağ lövhə təkcə Allah-a məxsusdur; biz hamımız yazılmışların üzərində yazırıq.
- Ağıl ayırır, məhəbbət birləşdirir.
- Ağıl gücə çevrilər, güc ağıla çevrilə bilməz.
- Ağıl qüvvət üçün sükandır.
- Allah insana öz ruhundan pay verərək onu şərəfləndirmişdir. İnsan da cisimləri dərk edərkən onları ruhani enerji ilə işıqlandırır və onlar ideya mərtəbəsinə yüksəlmiş olur.
- Allah qarşısında əyilmək bu dünyada əyilməzliyin təməl daşıdır.
- Allahdan qorxmayan bu dünyanın heybətlərindən qorxmağa məhkumdur.
- Allahı sevməyin yolu onun yaratdıqlarını sevməkdən keçir.
- Alimlərin ruhu elm məbədində əbədi həyata qovuşur.
- Alın yazısı bir dəfə yazılır, amma insana onun üzərində hər dəfə yenidən yazmaq şansı verilir.
- Alovda nur yoxsa, nurda alov var.
B
- Bədənlə birləşəndə ruh əqldən ayrılmış olur; bu məqamda əql insanı tərk etməsə,yenidən əlini uzadıb ruhu öz məqamına qaldıra bilər.
- Bərabərlik iddiası ailəni sarsıdır.
- Bəzən biz yolu seçirik, bəzən də yol bizi.
- Bəzən sığınacaqların özü ən böyük təhlükəyə çevrilir.
- Biliksizlikdən utancaqlıq yaranır, çoxbilmişlikdən – utanmazlıq.
- Bir fəsil başqa fəsil üçün bir fasilədir.
- “Bir şərdən qaçsan, başqa şərə düşərsən”. Ona görə də şərdən qaçmaq yox, onu dəf etmək lazımdır.
- Biz adətən özümüzü yox, başqalarını görürük. Özünü görməyin yolu isə özünə başqalarının gözü ilə baxmaqdır.
- Biz böyük Yaradan qarşısındakı borcumuzu onun yaratdıqlarına ödəməliyik.
- Biz gələcəyə çatanda, məlum olur ki, onun mənzərəsi öncədən çəkilibmiş.
- Böyük tarixi hadisələrin təməli durğunluq illərində qoyulur.
- Bu aynada mən ancaq özümü görürəm. Amma bu ayna məndən öncə neçə-neçə sifətlər görüb.
- Bu dünya imkanla gerçəklik arasında qərar tutur. Biz sonsuz imkan dünyasında ancaq bir cığır seçib gedirik.
- Bu günü olmayan xalqın keçmişi də yoxdur.
- Bütövləşmək əzmində olan yarımçıq dağılmaq ərəfəsində olan bütövdən daha dəyərlidir.
- Bütün kölgələr silinir, ürəyə düşən kölgədən başqa.
- Bütün yollar qaranlıqdan işığa doğrudur.
D
- Daha mürəkkəb olan daha kövrək olur.
- Daxili nəzarət cəmiyyətin və dövlətin nəzarətindən daha etibarlıdır.
- Din o zaman elmə qarşı çıxır ki, özünün bir inam hadisəsi olduğunu unudaraq idrak hadisəsi kimi çıxış etməyə çalışır və dünyada gedən proseslərin izahını vermək iddiasına düşür.
- Dostluq eyniyyətdən, məhəbbət fərqdən yaranır.
- Dua: Vaxtın bərəkətli olsun.
- Dünya ancaq insan qəlbinin hənirtisi ilə canlanır.
- Dünya bizdən öncə yazılmışdır. Amma bəzən o bizə ağ vərəq kimi görünür və başlayırıq onu yenidən yazmağa; neçə gözəlliklər bizim cızma-qaranın altında qalır!
- Dünya eyni məzmunda, amma müxtəlif dillərdə yazılmış üç kitabdan ibarətdir: Müqəddəs kitab, təbiət və əql. Bunlar adətən ayrı-ayrılıqda oxunur. Amma onların eyni kitab olduğunu çox az adam dərk edir.
- Dünya ilə tam olmaq üçün onu sevmək lazımdır, çünki ancaq sevgi bütövləşdirir.
- Dünya onu anlayanlarındır
- Dünya vahid bir ideyanın təcəssümü olmasaydı, bu qədər bütöv və ahəngdar olmazdı.
- Dünyanı dərk edə bilmək üçün əvvəlcə insan dünya ilə bir tam halına gəlməlidi
- Dünyanı dərk etmək üçün dünyadan kənara çıxmaq lazımdır
- Dünyanı dərk edə bilmək üçün ondan ayrılmaq lazımdır.
- Dünyanı duya bilmək üçün onun ahənginə qatılmaq lazımdır.
- Dünyanı tam halında yaşamaq olmur; o damla-damla, çiçək-çiçək yaşanır.
- Dünyanın ancaq öz qəlbimizlə işıqlandırdığımız hissəsi bizə məxsusdur.
- Dünyanın həqiqətləri elm dilində, insanın həqiqəti isə fəlsəfə dilində yazılmışdır.
E
- Elm – beyini, sənət – ürəyi, din – ruhu qidalandırır.
- Elm Təbiət kitabını oxuyur və öyrəndiklərini təbiətin öz üzərində sınaqdan keçirir.
- Elm və din – hər ikisi idrak müstəvisində dünya nizamına münasibətdir; elmi düşüncə dünya nizamının ayrı-ayrı lokal təzahürlərini aşkar etmək əzmindən, dini hiss – sonsuz, əzəli-əbədi bir nizam qarşısında heyrətdən qaynaqlanır.
- Elmin mənəvi siması onun kimin əlində olmasından asılıdır.
- Elmlə din arasında ziddiyyət o zaman yaranır ki, onlar təyinatını unudub bir-birini əvəz etmək istəyir.
- Eşqsiz insan tək ölümdən yox, həyatdan da qorxur.
- Eybəcər sifətə adət etmək və uyğunlaşmaq olar, çünki o həmişə eyni cür təzahür edir; eybəcər mənəviyyata isə uyğunlaşmaq olmur, çünki o həmişə müxtəlif formalarda təzahür edir.
Ə
- Əgər lazımsız işlərə vaxt qalırsa, deməli, hansı isə vacib işlərə vaxt çatmayacaq.
- Əgər su da təmiz deyilsə, yuyunmağın nə faydası?
- Əxlaq hüquqdan, din əxlaqdan yüksəkdir.
- Ən böyük iradə özünü yenidən yaratmaq əzmində təzahür edir.
- Ən böyük zəfər məğlub etdiyin tərəfin həm də qəlbini fəth etməkdir.
- Ən çətin əldə olunan azadlıq insanın öz keçmişindən azad olmasıdır.
- Ən güclü insan da mühitin təsirlərinə məruz qalır.
- Ən mahir müəllif də yetkin olmayan bir dildə yetkin əsər yaza bilməz.
- Ən pis xəstəlik “qorxaq” xəstəlikdir; həkimi görəndə gizlənir.
- Ən sərt adamın da içində bir uşaq yatır; sadəcə onu oyatmaq lazımdır.
- Əsl qalib yüz dəfə qalib gələn yox, axırıncı qalib gələndir.
G
- Gələcək o zaman bizimkidir ki, keçmişimizin davamıdır
- "Gözü ayağının altını seçməyənlər" gec-tez həyatın girdabına düşəcəklər.
- Güc qaranlıqda qorxunc görünür; onun nəcabəti ancaq xidmət etdiyi amalın işığında üzə çıxır.
- Günahı ancaq savabla yumaq olar.
- Günəş qüruba endikcə, kölgə böyüyür.
- Günəşin başı o tərəfdəki işıqlı həyata qarışmasaydı, bu tərəfi qaranlıq bürüyə bilməzdi.
F
- Fəlsəfə seçilmişlər, din isə hamı üçündür.
- Fəlsəfənin gücü – fikrin dərinliyində, dinin gücü – fikrin sadəliyindədir.
- Fikir cəmiyyətə çıxan kimi sahibini unudur: kim onu daha yaxşı mənimsəyərsə, – onun olur.
- Fikir cövhərini odda yapmasan,
Soyuq düşüncədən şəfqət sönəcək.
Sevgi atəşinə hikmət qatmasan,
Kərəmlər yanaraq külə dönəcək. - Fikrin düyün nöqtələri xalçanın ilmələri kimidir.
- Fikrin haradadırsa, özün də oradasan.
- Fikrin müəllifi çox vaxt onu ilk dəfə deyən yox, daha gözəl deyən sayılır.
H
- Hadisələr üçün müxtəliflik, mahiyyətlər üçün eyniyyət və sabitlik səciyyəvidir.
- Heç bir təmas yoxdursa, alışan təkcə özünü yandırar.
- Heç nəyə inanmayan adamın guya təkcə Allaha inanmasına inanmayın.
- Həqiqi din əslində çox vaxt insani keyfiyyət kimi təzahür edir.
- Hər bir insan ancaq öz boyuna biçilmiş bir həyat yaşayanda xoşbəxt ola bilər.
- Hər bir insan öz sevgisi qədərdir.[2]
- Hər bir sənət abidəsi canlıdır. Onlar üst-üstə toplansaydı, altda qalanlar nəfəs ala bilməz.
- Hər insan bir ulduzu, bəşəriyyət – kəhkəşanı xatırladır.
- Hərdən tənhalığa çəkiləndə mən, Dünya darıxırmı mənsiz görəsən?!
- Hərə öz qəlbinin dərinliklərindəki işığı üzə çıxara bilsə, dünya daha işıqlı olar.
- Hərə öz zəmanəsində oturub tarix yaza bilməz; bütün ruhu ilə keçmişə köçmək, dövrün ab-havasına bələd olmaq və indiyə keçmişlə birlikdə qayıtmaq lazımdır.
- Hərənin öz əqli olmur; əql universaldır, sadəcə kim onun qanadlarında daha uzağa uça bilirsə, o da yeni biliklər fəth edir.
- Həyat da, ölüm də eşqin təzahürləridir. Bizim təbiətə sevgimiz həyat eşqidir. Təbiətin bizə sevgisi bizi yenidən əbədiyyətə qaytarmaq əzmidir.
- Hikmət və nadanlıq insan zəkasının iki nəhayətsiz qütbüdür.
X
- Xarici aləm əqllə, daxili aləm imanla işıqlanır.
- Xoşbəxt o adamdır ki, xoşbəxtlik axtarmağa ehtiyacı yoxdur.
- Xoşbəxtlik indiki gerçəyin keçmişin arzularına uyğun gəlməsidir.
İ
- İctimai hadisəyə çevrilmiş din artıq din deyil.
- İç dünyasının naməlum qatları ancaq ilhamlı məqamlarda işıqlanır və sonra yenə qaranlığa bürünür.
- İçki məclisində ayıq adama münasibət necədirsə, naqis mühitdə düz adama münasibət də elədir.
- İdrak və inamın hər biri öz yerində gözəldir. Başqasının sahəsinə keçdikdə isə mürtəceləşirlər.
- İki işığın təmasından daha böyük işıq da yarana bilər, qaranlıq da.
- İnsan ancaq yaranmaq məqamı çatmış olan şeyi yarada bilər.
- İnsan bədəni dünyanın, kainatın bir zərrəsi olduğu halda, insan ruhu dünyanı, kainatı ehtiva etmək qüdrətindədir!
- İnsan bu fani dünyada daim yol gedir ki, nəhayət, onun cazibəsindən kənara çıxsın. Amma bu, ona ancaq ömrün sonunda müyəssər olur.
- İnsan cismani aləmdəki şeyləri, hadisələri mənimsəyərkən onları şərəfləndirmiş olur.
- İnsan dəyişdikcə dünya da onun üçün dəyişmiş olur. Müxtəlif inkişaf səviyyələrində insan öz dünyasını hər dəfə yenidən qurur.
- İnsan dünyası üç təməl üzərində qərar tutur: söz, zəka və əməl.
- İnsan gələcəyə öz keçmişinin çiynində gedir.
- İnsan həqiqəti öyrənmək üçün təbiətin dilini öyrənir.
- İnsan nəzərləri aləmə tuşlanaraq onu ancaq öz baxış bucağında işıqlandırır. Həmin anda insanın özü də məhz öz baxış bucağına bərabər olur.
- İnsan o vaxt xoşbəxt olur ki, iç dünyası ilə içində yaşadığı dünya uyğun gəlsin.
- İnsan oğlu hər gün çarmıxa çəkilir; keçmiş ayaqları pərçimləyir, gələcək isə əllərindən tutub dartır.
- İnsan özündə ən azı rüşeym halında olmayanı başqasında görə bilməz.
- İnsan sifətini güzgüdə gördüyü kimi, qəlbini də ancaq könül güzgüsündə görə bilə.
- İnsan var dərya kimidir, baş vurdunsa, çıxmaq çətindir; insan var ki, divar kimidir, qarşında durur və heç nə görə bilmirsən; insan var ki, şüşə kimidir – dünyanı sənə göstərməyə çalışır; insan var ki, ayna kimidir, səni özünə göstərməyə çalışır.
- İnsanı aşağı çəkən qüvvələr sərvət və şəhvət, insanı ucaldan – yaradıcılıqdır.
- İnsanı yaşadan, irəli aparan arzulardır. Amma hər bir insanın qəlbinin dərinliyində bir tarixdə qalmaq arzusu da var.
- İnsanın ən böyük səyahəti öz daxili aləminə səyahətidir.
- İnsanın ən böyük varı – özünün var olmasıdır.
- İnsanın xoşbəxtliyi üçün içindəki işıq yetərli deyil; yaşadığı mühit də işıqlı olmalıdır.
- İnsanın işığı artdıqca bu fani dünya ona daha qaranlıq görünür.
- İnsanın mənəvi dünyası əslində dünyadakı mənaların dünyasıdır.
- İnsanın ölçüsü onun imkanlarının sərhəddi ilə müəyyən olunur.[3]
- İnsanın öz dünyasını genişləndirməsi təkcə öz şəxsi həyatı sayəsində deyil, həm də başqa insanların yaşantılarını da öz dünyasına qatması sayəsində mümkün olur.
- İnsanın özünü xoşbəxt hesab etməsi ilə xoşbəxt olması düz, bilikli hesab etməsi ilə bilikli olması isə tərs mütənasibdir.
- İnsanın ruhun iki qütbü arasında hansı məqamda qərar tutması əqldən asılı olur.
K
- Kainatın insan dünyasında tutduğu yer bəzən insanın kainatda tutduğu yerdən də kiçik olur.
- Keçmiş – xatirələrdə, gələcək isə xəyallarda yaşayır.
- Keçmişi də, gələcəyi də ancaq indinin işığında görmək olar.
- Keçmişi dəyişmək olmaz, deyirlər; amma biz dəyişdikcə keçmiş sanki dəyişir və qarşımızda hər dəfə yeni bir keçmiş canlanır.
- Keçmişimizin izlərini tarixin qaranlıqlarında deyil, bu günümüzün iç qatında axtarmalıyıq.
- Kəşfiyyat yaxşı işləməyəndə düşmən gücündən xəbərsiz olursan. Amma ən pisi öz gücünü düzgün dəyərləndirə bilməməkdir.
- Kimə aşiq olmaq adamın iradəsindən asılı deyil, amma səviyyəsindən asılıdır.
- Kimlərsə yaşadığı yeri gözəlləşdirmək üçün tər tökür, kimlərsə sadəcə gözəl yerə köçür.
- Kimsə deyib ki, “çox oxuyan çox bilməz, çox gəzən çox bilər”. Lakin çox gəzənlərin çoxu könül evindən bixəbər qalıblar.
- Kitab ol, hamıya açılma; qoy səni ancaq anlayanlar oxusun!
- Kol-kola söykənibdir, gülsə tikan üstədir. Yaxşılar ayrı düşüb, Yamanlarsa dəstədir.
- Kölgəni yox edə bilmək üçün günəş öz zirvəsinə qalxmalıdır.
Q
- Qanun hamı üçün eynidir; ləyaqət isə hər bir insanın özü üçün könüllü qoyduğu əlavə qadağalarla müəyyənləşir.
- Qaranlıq işığın yoxluğundan, kölgə işığın çoxluğundan törəyir.
- Qəlb o zaman geniş olur ki, orada hər yetənə yer olmasın.
- Qüdrət əqllə ruhun ittifaqındadır; ayrılıqda əql ağıla, ruh – ehtirasa çevrilir.
L
- Ləyaqətli adamlar – yaxşılığı, naqislər isə – pisliyi unutmurlar.
- Ləyaqətsiz adamı təhqir etmək mümkün deyil.
M
- Mahiyyətlər heç vaxt itmir; zaman keçdikcə müxtəlif libaslarda yenidən üzə çıxır.
- Mən heç vaxt gələcək haqda düşünməyə macal tapmıram. O, kifayət qədər tez gəlib çıxır.
- «Mən»dən uzaqlaşdıqca dünya genişlənir və genişləndikcə yadlaşır.
- Mənəvi dəyər maddi meyarla ölçülə bilməz.
- Mənəvi dünya “iç aləmi” sayılsa da, onun da öz içi və çölü, əlçatmaz göyləri vardır.
- Mənəviyyatca zəngin adamlar – sadə, maddi imkan baxımından zəngin adamlar – təkəbbürlü olurlar.
- Məntiqi ilahiləşdirənlər ilahi hissdən məhrum olurlar.
- Müasirlik mənəviyyatın zamana uyğunlaşmış, amma hələ zamanın sınağından çıxmamış üst qatıdır.
- Müasirlik zəmanəyə bənzəməkdir.
- Müdrik adamın faciəsinə şərik ol, nadan adamın xoşbəxtliyinə şərik olma.
- Müəyyən bir həddə çatanda pul öz sahibini də satın alır.
- Müqəddəslik duyğusu itən yerdə şər ağacı bitər.
- Mütləq gözəllik həm də mütləq varlığın ifadəsidir, nisbi gözəllik varlığın da nisbiliyinə dəlalət edir.
- Mütləqi də, mahiyyəti də, sonsuzluğu və əbədiyyəti də insan ancaq ruhunun ənginliyində tapa bilər.
N
- Nadan adamın yaxşılığı ilə pisliyi arasında niyyət fərqi olar, nəticə fərqi olmaz.
- Nisbi müqəddəslik duyğuları olmadan mütləq müqəddəslik duyula bilməz.
- Nizam öncə xaosun bətnində olur və ancaq üzə çıxdıqdan sonra biz onu görə bilirik.
- Nura qovuşa bilməyənlərin qisməti nardır.
O
- Odu sevənlər müxtəlif olur; kimi istisinə, kimi tüstüsünə, kimi işığına görə; kimi öz “canını oda yaxmaq” üçün, kimi başqalarını yandırmaq üçün.
- Ordu torpaqları, kitab könülləri fəth edir.
Ö
- Ömür çox ölçülüdür və hər ölçüdə fərqli bir həyat yaşanır.
- Öz yükünü sakit şəraitdə, günəşli gündə çəkməyənlər qarda-boranda tələm-tələsik çəkmək zorundadırlar.
- Özün kimi ol: onda səni istəyənlər səni tapacaq, istəməyənlər səndən qaçacaq.
- Özündən daha qaba gücə rast gəlməyincə ağıl yada düşmür.
- Özünə inanmayan adam özünü yaradana da inana bilməz.
- Özünü hisslərin ixtiyarına buraxmaq vəhşi azadlığın əlamətidirsə, hissləri cilovlamaq şəxsiyyət azadlığının əlamətidir.
- Özünü nəfsin ixtiyarına buraxanlar – ağıla, ancaq ağılla yaşayanlar isə özünə xəyanət edir.
- Özünü sevənlərin çoxu əslində özünü deyil, özləri haqqında uydurduqları obrazı sevirlər.
- Özünü tanımaq heç də hamıya sərf etmir.
- Özünü tanımayan insanlar öz həyatlarını yaşamırlar.
- Özünüdərk dünyanın dərkindən keçir.
P
- Pis adamın biliklisi daha təhlükəlidir.
- Pisi söyməkdənsə, yaxşını öymək yaxşıdır.
- Pislər pisləri – pis olduğu üçün, yaxşıları da – yaxşı olduğu üçün sevmirlər.
- Pul da silah kimi ağıllı adamda olanda onu qoruyur, naqis adamda olanda həm özü, həm də ətraf üçün təhlükəyə çevrilir.
- Pul qazanmaq qabiliyyət tələb edirsə, onu düzgün xərcləmək ikiqat qabiliyyət və mədəniyyət tələb edir.
R
- Riyakar adamların qiyafəti işıq, məzmunu kölgədir.
- Riyakarlıq zəiflərin silahıdır.
- Ruh dünyasının dərinliklərinə ancaq dini hissin köməyi ilə girmək mümkün olur.
- Ruhun əqldən ayrılması iki cür ola bilər: birincisi, ruh göylərə yüksəlir və öz ilahi mənşəyinə qayıdır; ikincisi, yerə enir və bədənlə onu bağlayan məqamda qərar tutur.
S
- Sadəlik və sadəlövhlük çox vaxt qarışıq salınır, halbuki biri ürəyin təmizliyindən, o biri ağlın zəifliyindən irəli gəlir.
- Sahibsiz fikrə sahib çıxan çox olur.
- Sahil ümiddir; gözdən itəndə dənizdə ancaq vahimə qalır.
- Sevgi daha çox qeyri-müəyyənliklə, müəmma ilə, sirr və sehrlə əlaqədar olub, əslində bir möcüzə axtarışıdır.
- Sevgi hissindən məhrum olan adam dindar ola bilməz.
- Səbr insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır.
- Sənə yardım edənlərə yardım etməyi arzulama. Sən də sənə ehtiyacı olanlara yardım et!
- Silah zəiflə güclü arasında fərqi aradan götürür.
- Simasızlıq əslində simaların çoxluğundan irəli gəlir.
Ş
- Şərab insanı riyakar edir: ağlını alıb ona ən ağıllı olduğunu, gücünü alıb ən güclü olduğunu təlqin edir, sağlığını alıb sağlıq dedirdir.
T
- Tarix iki halda təkrarlanır: ibrət götürəndə – yaxşı məqamlar, götürməyəndə pis məqamlar təkrar olunur.
- Tarix hadisələr səviyyəsində qərar tutur, elm hadisələrdən mahiyyətə gedir, fəlsəfə isə mahiyyətdən başlayır.
- Təbiət ancaq qaydalardan ibarət olsaydı, darıxdırıcı olardı. İnsanın hərdən bir möcüzələrə də ehtiyacı vardır.
- Təbiət kitabı nağıl dünyasını xatırladır; axırıncı otağa çatanda, yenə qırx qapı açılır.
- Təfərrüatlarda ilişib qalanlar mahiyyətə çata bilmirlər.
- Təxəyyül hadisələri zaman və məkan məhdudiyyətindən azad edir.
V
- Vaxtsız çiçək açan arzular bar verməz.
- Vəzifəli şəxslər öncə ətrafındakı yaltaqların xoş yalanlarına birtəhər dözür, sonra onlara vərdiş edir və tək-tük düz danışanlara birtəhər dözürlər. Və nə vaxtsa daha buna da dözə bilmirlər.
Y
- Yaxındakı köz uzaqdakı Günəşdən daha betər yandıra bilər.
- “Yaxşılıq da, pislik də gec-tez adamın özünə qayıdır”. Sadəcə pisliyi kimə edibsənsə, ondan gözlə, yaxşılığı – Haqqdan.
- Yalnız işıq var, qaranlıq işığın yoxluğudur.
- Yandırmasa idi, atəşi daha parlaq nur zənn edərdilər.
- Yaradana inanmağın ən mühüm şərtlərindən biri insanın öz yaratdıqlarının da Yaradan tərəfindən yaradıldığına inanmasıdır.
- Yaşadığımız dünya ona görə fani və naqisdir ki, burada xalis heç nə yoxdur; işıq qaranlıqla, əql nadanlıqla, xeyir şərlə, ideya maddiyyatla qatışıq haldadır.
- Yaşamaq – sadəcə nəfəs almaq deyil, həyatın nəfəsini duymaqdır.
- Yeni cümlə başlamaq üçün əvvəl nöqtə qoymaq lazımdır.
- Yer özü də göyün ənginliyindədir; göydən yerə baxa bilsən
- Yolların ən mübarəki insanı özünə çatdıran yoldur.
- Yolu ağıl seçir, iradə hərəkətə gətirir, inam isə yola işıq salır.
Z
- Zavallı olmaq kimə isə haqq qazandıra bilməz; zəhmət çəkib güclü olmaq lazımdır.
- Zəif iradələr güclü iradənin təsir dairəsinə düşəndə tərksilah olur və insan öz simasını itirir.
- Zəiflərin faciəsi üçün güclülər məsuliyyət daşıyır.
- Zəmanə ancaq dayazda olanları dəyişir; dərin qatlara nüfuz edə bilmir.
- Ziyankar adam düşünür ki, hələ ziyan vurmadığı adamlar ona minnətdar olmalıdırlar.
- Zoru düzgün dəyərləndirəndə, onu zərərsizləşdirmək də asan olur.
- Zülmət çoxaldıqca ömrü qısalar.
İstinadlar
- ↑ [1] Əbu Turxan fenomeni və ya kimdir Əbu Turxan?! - 525-ci qəzet
- ↑ Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,
- ↑ Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,