Məzmuna keç

Əbu Turxan: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 259: Sətir 259:


[[Kateqoriya:1952-ci ildə doğulanlar]]
[[Kateqoriya:1952-ci ildə doğulanlar]]
[[Kateqoriya:Azərbaycan alimləri]]

16:21, 31 oktyabr 2019 tarixinə olan versiya

Əbu Turxan (Səlahəddin Sədrəddin oğlu Xəlilov; 22 fevral 1952, Marneuli) — fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2007).



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Adam o zaman özünə yer tapa bilmir ki, yerini başqa yerdə axtarır.
  • Aforizm fikrin qönçəsidir.
  • Ağ lövhə təkcə Allah-a məxsusdur; biz hamımız yazılmışların üzərində yazırıq.
  • Ağıl ayırır, məhəbbət birləşdirir.
  • Ağıl gücə çevrilər, güc ağıla çevrilə bilməz.
  • Ağıl qüvvət üçün sükandır.
  • Allah insana öz ruhundan pay verərək onu şərəfləndirmişdir. İnsan da cisimləri dərk edərkən onları ruhani enerji ilə işıqlandırır və onlar ideya mərtəbəsinə yüksəlmiş olur.
  • Allah qarşısında əyilmək bu dünyada əyilməzliyin təməl daşıdır.
  • Allahdan qorxmayan bu dünyanın heybətlərindən qorxmağa məhkumdur.
  • Allahı sevməyin yolu onun yaratdıqlarını sevməkdən keçir.
  • Alimlərin ruhu elm məbədində əbədi həyata qovuşur.
  • Alın yazısı bir dəfə yazılır, amma insana onun üzərində hər dəfə yenidən yazmaq şansı verilir.
  • Alovda nur yoxsa, nurda alov var.

B

  • Bədənlə birləşəndə ruh əqldən ayrılmış olur; bu məqamda əql insanı tərk etməsə,yenidən əlini uzadıb ruhu öz məqamına qaldıra bilər.
  • Bərabərlik iddiası ailəni sarsıdır.
  • Bəzən biz yolu seçirik, bəzən də yol bizi.
  • Bəzən sığınacaqların özü ən böyük təhlükəyə çevrilir.
  • Biliksizlikdən utancaqlıq yaranır, çoxbilmişlikdən – utanmazlıq.
  • Bir fəsil başqa fəsil üçün bir fasilədir.
  • “Bir şərdən qaçsan, başqa şərə düşərsən”. Ona görə də şərdən qaçmaq yox, onu dəf etmək lazımdır.
  • Biz adətən özümüzü yox, başqalarını görürük. Özünü görməyin yolu isə özünə başqalarının gözü ilə baxmaqdır.
  • Biz böyük Yaradan qarşısındakı borcumuzu onun yaratdıqlarına ödəməliyik.
  • Biz gələcəyə çatanda, məlum olur ki, onun mənzərəsi öncədən çəkilibmiş.
  • Böyük tarixi hadisələrin təməli durğunluq illərində qoyulur.
  • Bu aynada mən ancaq özümü görürəm. Amma bu ayna məndən öncə neçə-neçə sifətlər görüb.
  • Bu dünya imkanla gerçəklik arasında qərar tutur. Biz sonsuz imkan dünyasında ancaq bir cığır seçib gedirik.
  • Bu günü olmayan xalqın keçmişi də yoxdur.
  • Bütövləşmək əzmində olan yarımçıq dağılmaq ərəfəsində olan bütövdən daha dəyərlidir.
  • Bütün kölgələr silinir, ürəyə düşən kölgədən başqa.
  • Bütün yollar qaranlıqdan işığa doğrudur.

D

  • Daha mürəkkəb olan daha kövrək olur.
  • Daxili nəzarət cəmiyyətin və dövlətin nəzarətindən daha etibarlıdır.
  • Din o zaman elmə qarşı çıxır ki, özünün bir inam hadisəsi olduğunu unudaraq idrak hadisəsi kimi çıxış etməyə çalışır və dünyada gedən proseslərin izahını vermək iddiasına düşür.
  • Dostluq eyniyyətdən, məhəbbət fərqdən yaranır.
  • Dua: Vaxtın bərəkətli olsun.
  • Dünya ancaq insan qəlbinin hənirtisi ilə canlanır.
  • Dünya bizdən öncə yazılmışdır. Amma bəzən o bizə ağ vərəq kimi görünür və başlayırıq onu yenidən yazmağa; neçə gözəlliklər bizim cızma-qaranın altında qalır!
  • Dünya eyni məzmunda, amma müxtəlif dillərdə yazılmış üç kitabdan ibarətdir: Müqəddəs kitab, təbiət və əql. Bunlar adətən ayrı-ayrılıqda oxunur. Amma onların eyni kitab olduğunu çox az adam dərk edir.
  • Dünya ilə tam olmaq üçün onu sevmək lazımdır, çünki ancaq sevgi bütövləşdirir.
  • Dünya onu anlayanlarındır
  • Dünya vahid bir ideyanın təcəssümü olmasaydı, bu qədər bütöv və ahəngdar olmazdı.
  • Dünyanı dərk edə bilmək üçün əvvəlcə insan dünya ilə bir tam halına gəlməlidi
  • Dünyanı dərk etmək üçün dünyadan kənara çıxmaq lazımdır
  • Dünyanı dərk edə bilmək üçün ondan ayrılmaq lazımdır.
  • Dünyanı duya bilmək üçün onun ahənginə qatılmaq lazımdır.
  • Dünyanı tam halında yaşamaq olmur; o damla-damla, çiçək-çiçək yaşanır.
  • Dünyanın ancaq öz qəlbimizlə işıqlandırdığımız hissəsi bizə məxsusdur.
  • Dünyanın həqiqətləri elm dilində, insanın həqiqəti isə fəlsəfə dilində yazılmışdır.

E

  • Elm – beyini, sənət – ürəyi, din – ruhu qidalandırır.
  • Elmlə din arasında ziddiyyət o zaman yaranır ki, onlar təyinatını unudub bir-birini əvəz etmək istəyir.
  • Elm və din – hər ikisi idrak müstəvisində dünya nizamına münasibətdir; elmi düşüncə dünya nizamının ayrı-ayrı lokal təzahürlərini aşkar etmək əzmindən, dini hiss – sonsuz, əzəli-əbədi bir nizam qarşısında heyrətdən qaynaqlanır.
  • Eşqsiz insan tək ölümdən yox, həyatdan da qorxur.
  • Eybəcər sifətə adət etmək və uyğunlaşmaq olar, çünki o həmişə eyni cür təzahür edir; eybəcər mənəviyyata isə uyğunlaşmaq olmur, çünki o həmişə müxtəlif formalarda təzahür edir.

Ə

  • Əgər lazımsız işlərə vaxt qalırsa, deməli, hansı isə vacib işlərə vaxt çatmayacaq.
  • Əgər su da təmiz deyilsə, yuyunmağın nə faydası?
  • Əxlaq hüquqdan, din əxlaqdan yüksəkdir.
  • Ən böyük iradə özünü yenidən yaratmaq əzmində təzahür edir.
  • Ən böyük zəfər məğlub etdiyin tərəfin həm də qəlbini fəth etməkdir.
  • Ən çətin əldə olunan azadlıq insanın öz keçmişindən azad olmasıdır.
  • Ən güclü insan da mühitin təsirlərinə məruz qalır.
  • Ən pis xəstəlik “qorxaq” xəstəlikdir; həkimi görəndə gizlənir.
  • Ən sərt adamın da içində bir uşaq yatır; sadəcə onu oyatmaq lazımdır.
  • Əsl qalib yüz dəfə qalib gələn yox, axırıncı qalib gələndir.

G

  • Gələcək o zaman bizimkidir ki, keçmişimizin davamıdır
  • "Gözü ayağının altını seçməyənlər" gec-tez həyatın girdabına düşəcəklər.
  • Güc qaranlıqda qorxunc görünür; onun nəcabəti ancaq xidmət etdiyi amalın işığında üzə çıxır.
  • Günahı ancaq savabla yumaq olar.
  • Günəş qüruba endikcə, kölgə böyüyür.
  • Günəşin başı o tərəfdəki işıqlı həyata qarışmasaydı, bu tərəfi qaranlıq bürüyə bilməzdi.

F

  • Fəlsəfə seçilmişlər, din isə hamı üçündür.
  • Fəlsəfənin gücü – fikrin dərinliyində, dinin gücü – fikrin sadəliyindədir.
  • Fikrin düyün nöqtələri xalçanın ilmələri kimidir.
  • Fikrin müəllifi çox vaxt onu ilk dəfə deyən yox, daha gözəl deyən sayılır.

H

  • Hadisələr üçün müxtəliflik, mahiyyətlər üçün eyniyyət və sabitlik səciyyəvidir.
  • Heç bir təmas yoxdursa, alışan təkcə özünü yandırar.
  • Heç nəyə inanmayan adamın guya təkcə Allaha inanmasına inanmayın.
  • Həqiqi din əslində çox vaxt insani keyfiyyət kimi təzahür edir.
  • Hər bir insan ancaq öz boyuna biçilmiş bir həyat yaşayanda xoşbəxt ola bilər.
  • Hər bir insan öz sevgisi qədərdir.
  • Hər insan bir ulduzu, bəşəriyyət – kəhkəşanı xatırladır.
  • Hərdən tənhalığa çəkiləndə mən, Dünya darıxırmı mənsiz görəsən?!
  • Hərə öz qəlbinin dərinliklərindəki işığı üzə çıxara bilsə, dünya daha işıqlı olar.
  • Hərə öz zəmanəsində oturub tarix yaza bilməz; bütün ruhu ilə keçmişə köçmək, dövrün ab-havasına bələd olmaq və indiyə keçmişlə birlikdə qayıtmaq lazımdır.
  • Hərənin öz əqli olmur; əql universaldır, sadəcə kim onun qanadlarında daha uzağa uça bilirsə, o da yeni biliklər fəth edir.
  • Həyat da, ölüm də eşqin təzahürləridir. Bizim təbiətə sevgimiz həyat eşqidir. Təbiətin bizə sevgisi bizi yenidən əbədiyyətə qaytarmaq əzmidir.
  • Hikmət və nadanlıq insan zəkasının iki nəhayətsiz qütbüdür.

X

  • Xarici aləm əqllə, daxili aləm imanla işıqlanır.
  • Xoşbəxt o adamdır ki, xoşbəxtlik axtarmağa ehtiyacı yoxdur.
  • Xoşbəxtlik indiki gerçəyin keçmişin arzularına uyğun gəlməsidir.

İ

  • İctimai hadisəyə çevrilmiş din artıq din deyil.
  • İç dünyasının naməlum qatları ancaq ilhamlı məqamlarda işıqlanır və sonra yenə qaranlığa bürünür.
  • İçki məclisində ayıq adama münasibət necədirsə, naqis mühitdə düz adama münasibət də elədir.
  • İdrak və inamın hər biri öz yerində gözəldir. Başqasının sahəsinə keçdikdə isə mürtəceləşirlər.
  • İki işığın təmasından daha böyük işıq da yarana bilər, qaranlıq da.
  • İnsan ancaq yaranmaq məqamı çatmış olan şeyi yarada bilər.
  • İnsan bədəni dünyanın, kainatın bir zərrəsi olduğu halda, insan ruhu dünyanı, kainatı ehtiva etmək qüdrətindədir!
  • İnsan bu fani dünyada daim yol gedir ki, nəhayət, onun cazibəsindən kənara çıxsın. Amma bu, ona ancaq ömrün sonunda müyəssər olur.
  • İnsan cismani aləmdəki şeyləri, hadisələri mənimsəyərkən onları şərəfləndirmiş olur.
  • İnsan dəyişdikcə dünya da onun üçün dəyişmiş olur. Müxtəlif inkişaf səviyyələrində insan öz dünyasını hər dəfə yenidən qurur.
  • İnsan dünyası üç təməl üzərində qərar tutur: söz, zəka və əməl.
  • İnsan gələcəyə öz keçmişinin çiynində gedir.
  • İnsan həqiqəti öyrənmək üçün təbiətin dilini öyrənir.
  • İnsan nəzərləri aləmə tuşlanaraq onu ancaq öz baxış bucağında işıqlandırır. Həmin anda insanın özü də məhz öz baxış bucağına bərabər olur.
  • İnsan o vaxt xoşbəxt olur ki, iç dünyası ilə içində yaşadığı dünya uyğun gəlsin.
  • İnsan oğlu hər gün çarmıxa çəkilir; keçmiş ayaqları pərçimləyir, gələcək isə əllərindən tutub dartır.
  • İnsan özündə ən azı rüşeym halında olmayanı başqasında görə bilməz.
  • İnsan sifətini güzgüdə gördüyü kimi, qəlbini də ancaq könül güzgüsündə görə bilə.
  • İnsan var dərya kimidir, baş vurdunsa, çıxmaq çətindir; insan var ki, divar kimidir, qarşında durur və heç nə görə bilmirsən; insan var ki, şüşə kimidir – dünyanı sənə göstərməyə çalışır; insan var ki, ayna kimidir, səni özünə göstərməyə çalışır.
  • İnsanı aşağı çəkən qüvvələr sərvət və şəhvət, insanı ucaldan – yaradıcılıqdır.
  • İnsanı yaşadan, irəli aparan arzulardır. Amma hər bir insanın qəlbinin dərinliyində bir tarixdə qalmaq arzusu da var.
  • İnsanın ən böyük səyahəti öz daxili aləminə səyahətidir.
  • İnsanın ən böyük varı – özünün var olmasıdır.
  • İnsanın xoşbəxtliyi üçün içindəki işıq yetərli deyil; yaşadığı mühit də işıqlı olmalıdır.
  • İnsanın işığı artdıqca bu fani dünya ona daha qaranlıq görünür.
  • İnsanın mənəvi dünyası əslində dünyadakı mənaların dünyasıdır.
  • İnsanın ölçüsü onun imkanlarının sərhəddi ilə müəyyən olunur.
  • İnsanın öz dünyasını genişləndirməsi təkcə öz şəxsi həyatı sayəsində deyil, həm də başqa insanların yaşantılarını da öz dünyasına qatması sayəsində mümkün olur.
  • İnsanın özünü xoşbəxt hesab etməsi ilə xoşbəxt olması düz, bilikli hesab etməsi ilə bilikli olması isə tərs mütənasibdir.
  • İnsanın ruhun iki qütbü arasında hansı məqamda qərar tutması əqldən asılı olur.

K

  • Kainatın insan dünyasında tutduğu yer bəzən insanın kainatda tutduğu yerdən də kiçik olur.
  • Keçmiş – xatirələrdə, gələcək isə xəyallarda yaşayır.
  • Keçmişi də, gələcəyi də ancaq indinin işığında görmək olar.
  • Keçmişi dəyişmək olmaz, deyirlər; amma biz dəyişdikcə keçmiş sanki dəyişir və qarşımızda hər dəfə yeni bir keçmiş canlanır.
  • Keçmişimizin izlərini tarixin qaranlıqlarında deyil, bu günümüzün iç qatında axtarmalıyıq.
  • Kəşfiyyat yaxşı işləməyəndə düşmən gücündən xəbərsiz olursan. Amma ən pisi öz gücünü düzgün dəyərləndirə bilməməkdir.
  • Kimə aşiq olmaq adamın iradəsindən asılı deyil, amma səviyyəsindən asılıdır.
  • Kimlərsə yaşadığı yeri gözəlləşdirmək üçün tər tökür, kimlərsə sadəcə gözəl yerə köçür.
  • Kimsə deyib ki, “çox oxuyan çox bilməz, çox gəzən çox bilər”. Lakin çox gəzənlərin çoxu könül evindən bixəbər qalıblar.
  • Kitab ol, hamıya açılma; qoy səni ancaq anlayanlar oxusun!
  • Kol-kola söykənibdir, gülsə tikan üstədir. Yaxşılar ayrı düşüb, Yamanlarsa dəstədir.
  • Kölgəni yox edə bilmək üçün günəş öz zirvəsinə qalxmalıdır.

Q

  • Qanun hamı üçün eynidir; ləyaqət isə hər bir insanın özü üçün könüllü qoyduğu əlavə qadağalarla müəyyənləşir.
  • Qaranlıq işığın yoxluğundan, kölgə işığın çoxluğundan törəyir.
  • Qəlb o zaman geniş olur ki, orada hər yetənə yer olmasın.
  • Qüdrət əqllə ruhun ittifaqındadır; ayrılıqda əql ağıla, ruh – ehtirasa çevrilir.

L

  • Ləyaqətli adamlar – yaxşılığı, naqislər isə – pisliyi unutmurlar.
  • Ləyaqətsiz adamı təhqir etmək mümkün deyil.

M

  • Mahiyyətlər heç vaxt itmir; zaman keçdikcə müxtəlif libaslarda yenidən üzə çıxır.
  • «Mən»dən uzaqlaşdıqca dünya genişlənir və genişləndikcə yadlaşır.
  • Mənəvi dəyər maddi meyarla ölçülə bilməz.
  • Mənəvi dünya “iç aləmi” sayılsa da, onun da öz içi və çölü, əlçatmaz göyləri vardır.
  • Mənəviyyatca zəngin adamlar – sadə, maddi imkan baxımından zəngin adamlar – təkəbbürlü olurlar.
  • Məntiqi ilahiləşdirənlər ilahi hissdən məhrum olurlar.
  • Müasirlik mənəviyyatın zamana uyğunlaşmış, amma hələ zamanın sınağından çıxmamış üst qatıdır.
  • Müasirlik zəmanəyə bənzəməkdir.
  • Müdrik adamın faciəsinə şərik ol, nadan adamın xoşbəxtliyinə şərik olma.
  • Müqəddəslik duyğusu itən yerdə şər ağacı bitər.
  • Mütləqi də, mahiyyəti də, sonsuzluğu və əbədiyyəti də insan ancaq ruhunun ənginliyində tapa bilər.
  • Mən heç vaxt gələcək haqda düşünməyə macal tapmıram. O, kifayət qədər tez gəlib çıxır.

N

  • Nadan adamın yaxşılığı ilə pisliyi arasında niyyət fərqi olar, nəticə fərqi olmaz.
  • Nizam öncə xaosun bətnində olur və ancaq üzə çıxdıqdan sonra biz onu görə bilirik.
  • Nura qovuşa bilməyənlərin qisməti nardır.

O

  • Odu sevənlər müxtəlif olur; kimi istisinə, kimi tüstüsünə, kimi işığına görə; kimi öz “canını oda yaxmaq” üçün, kimi başqalarını yandırmaq üçün.
  • Ordu torpaqları, kitab könülləri fəth edir.

Ö

  • Ömür çox ölçülüdür və hər ölçüdə fərqli bir həyat yaşanır.
  • Öz yükünü sakit şəraitdə, günəşli gündə çəkməyənlər qarda-boranda tələm-tələsik çəkmək zorundadırlar.
  • Özün kimi ol: onda səni istəyənlər səni tapacaq, istəməyənlər səndən qaçacaq.
  • Özündən daha qaba gücə rast gəlməyincə ağıl yada düşmür.
  • Özünə inanmayan adam özünü yaradana da inana bilməz.
  • Özünü hisslərin ixtiyarına buraxmaq vəhşi azadlığın əlamətidirsə, hissləri cilovlamaq şəxsiyyət azadlığının əlamətidir.
  • Özünü nəfsin ixtiyarına buraxanlar – ağıla, ancaq ağılla yaşayanlar isə özünə xəyanət edir.
  • Özünü sevənlərin çoxu əslində özünü deyil, özləri haqqında uydurduqları obrazı sevirlər.
  • Özünü tanımaq heç də hamıya sərf etmir.
  • Özünü tanımayan insanlar öz həyatlarını yaşamırlar.
  • Özünüdərk dünyanın dərkindən keçir.

P

  • Pis adamın biliklisi daha təhlükəlidir.
  • Pisi söyməkdənsə, yaxşını öymək yaxşıdır.
  • Pislər pisləri – pis olduğu üçün, yaxşıları da – yaxşı olduğu üçün sevmirlər.

R

  • Riyakar adamların qiyafəti işıq, məzmunu kölgədir.
  • Riyakarlıq zəiflərin silahıdır.
  • Ruh dünyasının dərinliklərinə ancaq dini hissin köməyi ilə girmək mümkün olur.
  • Ruhun əqldən ayrılması iki cür ola bilər: birincisi, ruh göylərə yüksəlir və öz ilahi mənşəyinə qayıdır; ikincisi, yerə enir və bədənlə onu bağlayan məqamda qərar tutur.

S

  • Sadəlik və sadəlövhlük çox vaxt qarışıq salınır, halbuki biri ürəyin təmizliyindən, o biri ağlın zəifliyindən irəli gəlir.
  • Sevgi hissindən məhrum olan adam dindar ola bilməz.
  • Səbr insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır.
  • Sənə yardım edənlərə yardım etməyi arzulama. Sən də sənə ehtiyacı olanlara yardım et!
  • Silah zəiflə güclü arasında fərqi aradan götürür.
  • Simasızlıq əslində simaların çoxluğundan irəli gəlir.

Ş

  • Şərab insanı riyakar edir: ağlını alıb ona ən ağıllı olduğunu, gücünü alıb ən güclü olduğunu təlqin edir, sağlığını alıb sağlıq dedirdir.

T

  • Tarix iki halda təkrarlanır: ibrət götürəndə – yaxşı məqamlar, götürməyəndə pis məqamlar təkrar olunur.
  • Tarix hadisələr səviyyəsində qərar tutur, elm hadisələrdən mahiyyətə gedir, fəlsəfə isə mahiyyətdən başlayır.
  • Təbiət ancaq qaydalardan ibarət olsaydı, darıxdırıcı olardı. İnsanın hərdən bir möcüzələrə də ehtiyacı vardır.
  • Təbiət kitabı nağıl dünyasını xatırladır; axırıncı otağa çatanda, yenə qırx qapı açılır.
  • Təfərrüatlarda ilişib qalanlar mahiyyətə çata bilmirlər.
  • Təxəyyül hadisələri zaman və məkan məhdudiyyətindən azad edir.

V

  • Vaxtsız çiçək açan arzular bar verməz.
  • Vəzifəli şəxslər öncə ətrafındakı yaltaqların xoş yalanlarına birtəhər dözür, sonra onlara vərdiş edir və tək-tük düz danışanlara birtəhər dözürlər. Və nə vaxtsa daha buna da dözə bilmirlər.

Y

  • Yaxındakı köz uzaqdakı Günəşdən daha betər yandıra bilər.
  • “Yaxşılıq da, pislik də gec-tez adamın özünə qayıdır”. Sadəcə pisliyi kimə edibsənsə, ondan gözlə, yaxşılığı – Haqqdan.
  • Yalnız işıq var, qaranlıq işığın yoxluğudur.
  • Yandırmasa idi, atəşi daha parlaq nur zənn edərdilər.
  • Yaradana inanmağın ən mühüm şərtlərindən biri insanın öz yaratdıqlarının da Yaradan tərəfindən yaradıldığına inanmasıdır.
  • Yaşadığımız dünya ona görə fani və naqisdir ki, burada xalis heç nə yoxdur; işıq qaranlıqla, əql nadanlıqla, xeyir şərlə, ideya maddiyyatla qatışıq haldadır.
  • Yaşamaq – sadəcə nəfəs almaq deyil, həyatın nəfəsini duymaqdır.
  • Yeni cümlə başlamaq üçün əvvəl nöqtə qoymaq lazımdır.
  • Yer özü də göyün ənginliyindədir; göydən yerə baxa bilsən
  • Yolların ən mübarəki insanı özünə çatdıran yoldur.
  • Yolu ağıl seçir, iradə hərəkətə gətirir, inam isə yola işıq salır.

Z

  • Zavallı olmaq kimə isə haqq qazandıra bilməz; zəhmət çəkib güclü olmaq lazımdır.
  • Zəif iradələr güclü iradənin təsir dairəsinə düşəndə tərksilah olur və insan öz simasını itirir.
  • Zəiflərin faciəsi üçün güclülər məsuliyyət daşıyır.
  • Zəmanə ancaq dayazda olanları dəyişir; dərin qatlara nüfuz edə bilmir.
  • Ziyankar adam düşünür ki, hələ ziyan vurmadığı adamlar ona minnətdar olmalıdırlar.
  • Zoru düzgün dəyərləndirəndə, onu zərərsizləşdirmək də asan olur.
  • Zülmət çoxaldıqca ömrü qısalar.

İstinadlar