Birinci Qarabağ müharibəsində itkin düşən azərbaycanlılar
Qarabağ müharibəsində itkin düşən azərbaycanlılar — Ermənistan–Azərbaycan müharibəsi zamanı itkin düşmüş və ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan vətəndaşları.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən 2007-ci il ərzində aparılmış araşdırma zamanı məlum olmuşdur ki, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4354 nəfər təşkil edir. Onlardan 3503 nəfəri hərbçi, 841 nəfəri mülki şəxslərdir (9 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil). Mülki şəxslərdən 47 nəfəri uşaq (16 nəfər azyaşlı qız), 268 nəfəri qadın, 371 nəfəri yaşlılardır. Əsir, itkin düşmüş 4354 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub. Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104-ü qadın, 446-ı kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.[1]
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudun Sadıqovun sözlərinə görə, 2008-ci ilin sonunda 170-ə qədər insanın da taleyinə aydınlıq gətirilib və onların sağ olduğu aydınlaşıb: "Onlar Şuşa, Şuşanın ətraf kəndləri, Kəlbəcər, Laçın işğal olunan zaman ermənilərin əlinə keçmiş insanlardır. Bu il həmin insanlarla bağlı kitabın və CD–nin buraxılacağı da planlaşdırılır".
F. Sadıqov deyib ki, son 4 ildə 800-ə qədər insanın taleyi müəyyən olunub: "İndiyədək həmin insanlar itkin hesab olunurdular. Onlardan bir qismi dünyasını dəyişib. Onların dəfn edildiyi yerlər müəyyən olunub".
İşçi Qrupunun rəhbərinin sözlərinə görə, Ermənistan tərəfi əsir və itkinlərlə bağlı əməkdaşlığa maraq göstərmir: "Sözügedən əməkdaşlığa hamı maraq göstərir. Amma əməkdaşlığın əsasında konkret faktlar dayanmalıdır. Bu danışıqların bir nəticəsi yoxdursa, o sadəcə, ekskursiyaya bənzəyir. Bu məsələdə biz konkretliyə üstünlük veririk. Dəfələrlə erməni tərəfi ilə görüşümüz olub, amma nəticəsi olmayıb".
Beynəlxalq Qırmızı Xaç Komitəsi
[redaktə | mənbəni redaktə et]Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ müharibəsində itkin düşən vətəndaşların sümüklərinin qalıqlarının kimə məxsus olmasının müəyyənləşdirilməsi məsələsində əməkdaşlığa dair Azərbaycan və Ermənistan hökumətləri ilə saziş imzalayacaq. BQXK müharibədə hər iki tərəfdən itkin düşənlərin müəyyənləşdirilməsi ilə bağlı siyahıyaalmaya başlayacaq. O, artıq bununla əlaqədar tərəflərlə ayrı-ayrılıqda razılaşma əldə edildiyini də qeyd edib: "Azərbaycanda siyahıyaalma Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllərindən ibarət qruplar tərəfindən həyata keçiriləcək. İtkin düşənlərin ailələrində olacaq könüllülər həmin şəxsin kimliyi və tibbi tarixçəsi haqda ətraflı məlumat toplayacaqlar. Hər iki tərəfin humanitar təşkilatları bu məsələ ilə bağlı məlumatları ölkələrinin Dövlət Komissiyasına, onlar isə öz növbələrində Beynəlxalq Qırmızı Xaç Komitəsinə təqdim edəcək". O, məlumatların müharibədən sonra tapılacaq sümük qalıqlarının kimə məxsus olduğunu müəyyənləşdirmək üçün vacib olduğunu söyləyib: "Tapılan sümük qalıqları eksqumasiya olunacaq, toplanan məlumatlar uzlaşdıqda, cəsədin kimliyini müəyyənləşdirmək mümkün olacaq.[2]
Helsinki Vətəndaş Assambleyası
[redaktə | mənbəni redaktə et]Avqustun 30-da "Helsinki Vətəndaş Assambleyası"nın (HVA) Gəncə ofisində Qarabağ müharibəsində itkin düşmüş əsgərlərin ailələri ilə görüş keçirildi. Tədbiri giriş sözü ilə açan HVA-nın Gəncə filialının sədri Akifə Əliyeva iştirakçıları əvvəlcə 1992–1994-cü illərdə itkin düşmüşlərin siyahısı və fotoşəkilləri ilə tanış etdi. Bildirdi ki, rəsmi statistikaya əsasən, Qarabağ müharibəsi zamanı 4812 nəfər itkin düşüb. Sonra o, Azərbaycan Respublikasının qanunvericiliyinə görə yalnız beş ildən sonra itkin düşənlərə şəhidlik statusunun verilməsi məsələsindən də söhbət açdı. Bildirdi ki, bu qanun onların ailələri arasında böyük narahatlıq doğurur. İtkin düşmüş əsgərlərin ailələrinin nümayəndələri də danışaraq, öz növbələrində HVA-ya təşəkkürlərini bildirdilər və qeyd etdilər ki, bu günə kimi hələ də əzizlərinin sağ qalmalarına inamları itməyib. Akifə xanım bildirdi ki, bu məqsədlə onlar "Azadlıq" radiostansiyası vasitəsilə əhaliyə müraciət ediblər: "Ümid edirik ki, bəlkə bu haqda nəsə məlumatları olan tapılar. Ola bilər ki, onlar hardasa həlak olublar, qəbirlərinin yerini bilən tapılar. Biz hesab edirik ki, atılan hər bir addım cavabsız qalmayacaqdır". Sonda tədbir iştirakçılarının təşəbbüsü ilə prezident İ. Əliyevə müraciət imzalandı.[3]
BMT-nin insan haqları üzrə şurası
[redaktə | mənbəni redaktə et]BMT-nin insan haqları üzrə şurasının 7-ci sessiyasında silahlı münaqişələr zamanı itkin düşmüş azərbaycanlıların problemi ilə bağlı ölkəmizin nümayəndə heyətinin irəli sürdüyü qətnamə layihəsi 38 ölkənin yekdil rəyi ilə qəbul edilib. Bu barədə Azərbaycanın BMT-nin Cenevrədəki ofisi yanındakı daimi nümayəndəliyindən məlumat verilib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərlə bağlı siyahıda ölkəmizdən 4 mindən artıq vətəndaşın itkin düşməsi faktı öz əksini tapıb. Layihədə silahlı münaqişədə iştirakçı tərəf dövlətlərin itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə hərtərəfli əməkdaşlıq etməsi barədə çağırış öz əkisni tapıb.
Qətnamə layihəsi istiqamətlərinin operativliyini təmin etmək məqsədilə Azərbaycan nümayəndə heyətinin BQXK, qeyri hökumət təşkilatlarının, insan haqları üzrə milli təsisatların və beynəlxalq təşkilatların, dövlətlərin iştirakı ilə insan haqları üzrə şuranın sentyabr ayında keçirilməsi planlaşdırılmış sessiyası çərçivəsində itkin düşmüş şəxslər probleminin açıq şəkildə müzakirəsinin keçirilməsi və sessiyanın nəticələri əsasında BMT İnsan Haqları üzrə Ali Komissarının rezyümə hazırlaması barədə təşəbbüsü yekdilliklə qəbul edilib. Qətnamə layihəsində, həmçinin BMT baş katibindən layihədəki müddəaların yerinə yetirilməsinə dair hərtərəfli hesabat hazırlamaq barədə xahiş olunub.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ ERMƏNİ ƏSİRLİYİNDƏ 783 AZƏRBAYCANLI VAR[ölü keçid]
- ↑ Beynəlxalq Qırmızı Xaç Komitəsi Dağlıq Qarabağ müharibəsində itkin düşənlərlə…[ölü keçid]
- ↑ "İTKİN DÜŞMÜŞ ƏSGƏRLƏRİN AİLƏLƏRİ İLƏ GÖRÜŞ". 2019-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-14.
- ↑ BMT AZƏRBAYCANLA BAĞLI NÖVBƏTİ QƏTNAMƏ QƏBUL EDİB[ölü keçid]
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət komissiyasının rəsmi sitəsi
- Qarabağ müharibəsində itkin düşənlərdən xəbər var Arxivləşdirilib 2011-04-08 at the Wayback Machine
- Ermənistan I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid məzar yerləri barədə məlumatları təqdim etmir