Bayburtlu Qara İbrahim Paşa
Qara İbrahim Paşa | |
---|---|
كارا إبراهيم باشا | |
15 dekabr 1683 – 18 dekabr 1685 | |
Əvvəlki | Mərzifonlu Qara Mustafa Paşa |
Sonrakı | Sarı Süleyman Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1620/1621 |
Doğum yeri | Bayburt, Gümüşxanə ili |
Vəfat tarixi | İyun 1687 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | Qatırçı Əhməd |
Həyat yoldaşı | Fatma xanım |
Uşağı | Qaymaq Mustafa Paşa |
Rütbəsi | Admiral |
Bayburtlu Qara İbrahim Paşa (d. 1620/21 - ö. iyun 1687) — IV Mehmed dönəmində ümumilikdə 2 il Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.
Həyatı
[redaktə | mənbəni redaktə et]Hicri təqvimin 1030-cu ilində (1620-1621) Bayburtda Qatırçı Əhməd adlı bir kəndlinin evində dünyaya gəlmişdir. Gənclik illərində üsyançı Abxaz Həsənin xidmətində olmuş, üsyan yatırıldıqdan sonra (1659) İrana qaçaraq bir müddət burada qalmışdır. Daha sonra geri dönərək Mustafa Paşanın himayəsinə girdi və burada çuxadar və kəndxuda oldu. Himayədarının ölümünün ardından bəzi dövlət adamlarının xidmətində oldu. Nəhayət, o illərdə sədarət kəndxudası olan Mərzifonlu Mustafa Paşanın xidmətinə girdi və onun Silistrə bəylərbəyliyi dövründə kəndxudası olaraq fəaliyyət göstərdi. Mərzifonlu Mustafa Paşa dövlət idarəsində gücləndikcə nüfuzunu artıran Qara İbrahim ağa fürsətdən istifadə edərək IV Mehmedlə də tanış oldu. Himayədarının sədarət naibi olması ilə, İbrahim ağa da sədarət kəndxudası seçildi və Qara kəndxuda ləqəbi aldı. 8 avqust 1671 tarixində ikinci miraxurluğa gətirildi və 24 gün sonra vəzifəsi artırılaraq baş miraxur oldu. Mərzifonlu Mustafa Paşanın sədrəzəmliyə gətirilməsi ilə üçüncü vəzir olan İbrahim Paşa padşahın ən yaxın adamlarından biri kimi bütün səfərlərdə və ov mərasimlərində iştirak edirdi. Onun padşah üzərindəki nüfuzundan çəkinən Mərzifonlu Mustafa Paşa 13 noyabr 1677 tarixində İbrahim Paşanı kaptan-ı dərya seçərək saraydan uzaqlaşdırmaq istədi. Ancaq İbrahim Paşa 19 gün sonra özünü riqabdarlığa gətirtdi və bununla həm vəzifəsini yüksəltdi, həm də padşaha olan yaxınlığını qorudu. Mərzifonlu Mustafa Paşanın Çehrin səfəri əsnasında sədarət naibi və onun vəkili olan Qara İbrahim Paşa səfərin sonunda kaptan-ı dəryalıqdakı uğursuzluğu bəhanə edilərək bütün vəzifələrindən azad edildi və vəzifəsi beşinci vəzirliyə salındı (25 noyabr 1678).
Mərzifonlu Mustafa Paşa İbrahim Paşanı vəzifədən alsa da, padşah üzərindəki nüfuzunu azalda bilmədi. Belə ki, çox keçmədən dördüncü, ardından üçüncü vəzirliyə gətirilərək padşahın yanındakı yerini bərpa etdi. Nəticədə rəqibi ilə barışmağa məcbur olan Mərzifonlu Mustafa Paşa çıxdığı Avstriya səfəri əsnasında onu yenidən sədarət naibi seçdi. Səfər başladıqdan sonra sədrəzəmi Zemun qalasına qədər müşayiət edən İbrahim Paşa daha sonra Belqrada döndü və ordunun ehtiyaclarını ödədi.
Vyana mühasirəsindəki məğlubiyyətin ardından padşahla birlikdə Ədirnəyə gələn İbrahim Paşa, sədrəzəmin əzəli düşməni olan Darüssəadə ağası Yusif ağa və baş miraxur Uzun Süleyman ağanın təşviqi ilə keçmiş himayədarına düşmən oldu. Sultan Mehmed ondan xəbərsiz baş tutan Vyana mühasirəsindəki məğlubiyyətinə baxmayaraq Mərzifonlu Mustafa Paşanı öldürmək niyyətində deyildi. Ancaq Qara İbrahim Paşa və tərəfdarlarının fəaliyyəti nəticəsində 25 dekabr 1683 tarixində sabiq sədrəzəm edam olundu.
Mərzifonlu Mustafa Paşanın yerinə sədarətə gətirilən İbrahim Paşa ilk əvvəl sabiq sədrəzəmə bağlı olan bəzi dövlət adamlarını mərkəzdən uzaqlaşdırmağa başladı. Onlardan boşalan vəzifələrə isə öz adamlarını gətirdi. Vyana mühasirəsi ilə başlayan Avstriya müharibəsi getdikcə böyümüş, Venesiya və Lehistanın da qatılmasıyla, bir növ səlib yürüşünə çevrilmişdi. Venesiyanı müharibədən çəkindirmək istəyən sədrəzəm isə bu qədər geniş cəbhəli bir müharibəni idarə edə bilmirdi. Avstriya, Lehistan və Venesiya cəbhələrinə sərdarlar göndərərək özü padşahın yanında qalırdı.
Hərbi vəziyyətin və döyüş sursatının azlığı, xüsusilə də Macarıstan və Moreya cəbhələrində Osmanlıların məğlub olmasına səbəb olmuş, şəhərlər və qalalar ard-arda əldən çıxırdı. Səhhətinin pis olmasını bəhanə edərək cəbhələrə getməyən İbrahim Paşa yalnız Ədirnədən sərhəd bölgələrinə və adalara əsgər, ərzaq və döyüş sursatı göndərməklə kifayətlənir, uğur qazana bilməyən sərdarları yeniləri ilə əvəz edirdi. Bu əsnada padşaha yalnız qələbə xəbərləri deyilir, müharibədəki məğlubiyyətlər isə sədrəzəm tərəfindən gizlədilirdi. Ordu sərdarları isə sədrəzəmin şəxsən ordunun başında səfərə çıxmasını istəyir, bu məsələdə padşahı təşviq edirdilər. Bunlar arasında olan keçmiş müttəfiqləri Uzun Süleyman Paşa və Müsahib Mustafa Paşanı da cəbhəyə yollayan İbrahim Paşa bu yolla Sultan Mehmedi yenidən öz təsiri altına almışdı. Vəzifə qorxusu və sələfi Mustafa Paşa kimi edam edilməkdən qorxan İbrahim Paşa sədrəzəm namizədi olan hamını bir bəhanə taparaq mərkəzdən uzaqlaşdırırdı. O əsnada Mələk İbrahim Paşanın Budində əldə etdiyi uğur orduda və əhali arasında böyük əks-səda doğurmuş, hətta Ədirnədə baş tutan bir ayaqlanmada onun sədarətə gətirilməsi istənilmişdi. Buna görə də sədrəzəm, Mələk İbrahim Paşanı aradan qaldırmaq üçün onun əleyhində işlər görməyə başlamışdı. Macarıstan sərdarlığına gətirdiyi rəqibinə bilərəkdən hərbi dəstək verməmiş, beləliklə onun məğlub olmasına və edam edilməsinə səbəb olmuşdu. Buna baxmayaraq Lehistan cəbhəsinin uğur qazanan sərdarı Uzun Süleyman Paşanı aradan qaldıra bilmədi. Əslində bu cəbhədəki uğurun əsas səbəbkarı Krım xanı I Səlim Gəray idi. Buna baxmayaraq bütün qələbəni öz adına çıxaran Uzun Süleyman Paşanı aradan qaldırmaq üçün onu Avstriya cəbhəsinə göndərdi. Ancaq Süleyman Paşa saraydakı ən güclü tərəfdarı olan Darüssəadə ağası Yusif ağa vasitəsilə hər şeydən xəbər tutmuş, Ədirnəyə gələrək sədrəzəmi cəbhəyə yollamaq məsələsində padşahı yola gətirmişdi. Bunun ardından yenə xəstəliyini bəhanə edərək səfərdən yayınan İbrahim Paşa Darüssəadə ağasının müdaxiləsi ilə vəzifədən alındı (18 dekabr 1685).
Vəzifədən alınan İbrahim Paşa İstanbula gəldi və bir müddət Üsküdardakı köşkündə yaşadı. Daha sonra həcc ziyarəti üçün padşahdan icazə aldı və şəxsi mühafizəsi üçün əsgər toplamağa başladı. Ancaq müxalifləri, keçmiş Cəlali üsyançısı olan İbrahim Paşanın olduqca böyük var-dövlətinin olmasını bəhanə edərək onun yenidən üsyan edə biləcəyi haqda şayə yaymağa başladı. Bütün bunların doğruluğunu yoxlamaq üçün Sultan Mehmed səfər ianəsi olaraq İbrahim Paşadan 500 kisə qızıl istədi. İbrahim Paşa isə həcc ziyarəti üçün yığdığı 70 min qızıldan başqa pulunun olmadığnı deyərək bu təklifi geri çevirdi. Ardından həbs olunan İbrahim Paşanın bütün var-dövlətinə əl qoyuldu. 43 gün həbs qaldıqdan sonra 1686-cı ilin martında Rodos adasına sürgün edildi. Ancaq mərkəzdəki rəqibləri İbrahim Paşanın öldürülməyini istəyirdi. Belə ki, rəqiblərindən Rəcəb Paşa sabiq sədrəzəmin dilindən yeniçəri ağalarına məktublar yazaraq bu məktubları Sultan Mehmedə təqdim etdi. Nəticədə İbrahim Paşanın qətli üçün fərman yazan Sultan Mehmed baş qapıçı Kor Mustafa bəyi Rodos adasına göndərdi və İbrahim Paşa 1687-ci ilin iyununda edam olundu. Kəsik başı mərkəzə göndərilərək cəsədi orada dəfn olundu.
Qara İbrahim Paşa həm yanında yüksəldiyi, həm də ölümünə səbəb olduğu Mərzifonlu Mustafa Paşanın qızı Fatma xanımla evləndi. Bu evlilikdən Lalə dövrü kaptan-ı dəryalarından Qaymaq Mustafa Paşa dünyaya gəldi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Abdurrahman Abdi Paşa, Vekāyi‘nâme, TSMK, Koğuşlar, nr. 915, vr. 108a, 140b, 143a;
- Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekāyiât (nşr. Abdülkadir Özcan), Ankara 1995, s. 18, 77, 86, 89, 91, 106, 140, 166-167, 199-200, 204, 208-211, 212, 213-214, 256;
- Silâhdar, Târih, I, 653, 656, 663, 668, 669, 671, 716-718, 726, 728, 749 vd.;
- Hadîkatü’l-vüzerâ, s. 110-111;
- Râşid, Târih, I, 255, 334, 392, 429, 469-470, 475, 484-485, 486;
- Behcetî Hüseyin, Mi‘râcü’z-zafer, Süleymaniye Ktp., Esad Efendi, nr. 2368, tür.yer.;
- Dimitri Kantemir, Osmanlı İmparatorluğunun Yükseliş ve Çöküş Tarihi (trc. Özdemir Çobanoğlu), Ankara 1980, III, 78, 81-82, 88, 103-108, 365, 393, 418-419; Sefînetü’l-vüzerâ, s. 39;
- Hammer, HEO, XII, 71, 157-194;
- Mustafa Nuri Paşa, Netâyicü’l-vukūât, İstanbul 1327, II, 84-85;
- Râmizpaşazâde Mehmed İzzet, Harîta-i Kapûdânân-ı Deryâ, İstanbul 1258, s. 70-71;
- Sicill-i Osmânî, I, 110;
- Danişmend, Kronoloji, III, 457, 460-461, 466-469, 470, 475, 497 vd.;
- Ahmet Mumcu, Osmanlı Devletinde Siyaseten Katl, Ankara 1985, s. 73, 89, 103, 104;
- İsmet Parmaksızoğlu, “İbrahim Paşa, Kara”, İA, V/2, s. 906-908;
- a.mlf., “İbrāhīm Paѕћa, Kara”, EI² (Fr.), III, 1026-1027;
- Ali Ekber Diyânet, “İbrâhim Paşa, Ķara”, DMBİ, II, 480-482.