Yallı
Yallı | |
---|---|
| |
Tempi | Aramla, ritmik |
Mənşəyi | Azərbaycan |
Vikianbarda əlaqəli mediafayllar |
Yallı — Azərbaycan milli rəqsi. Ən qədim rəqs növlərindən biridir.[1] 2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port-Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilmiş qərarla "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir.[2][3]
Etimologiya
[redaktə | vikimətni redaktə et]Azərbaycanın güney bölgələrində "yallı"ya "halay" da deyilir guney Azərbaycanın qərbi Azərbaycan əyalətində jəlman da adlanır. (Al/Hal) kökündən törəmişdir. Birlik və atəş mənaları ehtiva edir. Monqol "halah" feli sərbəst buraxmaq, rahatlaşdırmaq mənalarına gəlir. Mançurca "hələ" feli də eyni anlama gəlir.
Tarixi
[redaktə | vikimətni redaktə et]Yallı (Halay), türk və altay xalq mədəniyyətində mərasim rəqsidir. Kökləri miladdan əvvəlki dövrlərə gedən bir oyundur. Həyatın enerjisini, dövrünü, həmrəyliyi, hərəkəti, dayanıb davam etməyi və ritmi ehtiva edər.(Al Hal) sözcüyünün odla yəni həyati enerjiylə bağlı olması bu oyuna verilən əhəmiyyəti göstərir. Primitiv formasının adı Allı olaraq bilinər. Qobustan adlı bölgədə qayalara çəkilən köhnə çağlara aid şəkillərdə bu oyunun təsvir edildiyi görülməkdədir.[4] Elley (Allay) adlı ilk ata ilə də əlaqəli görünməkdədir. Yakutlar bu rəqsə Ohokay deyərlər.
"Yallı" sözünün arxaik sinonimlərindən biri Çöppüdür. "Çöpü" sözünə Azərbaycan şairi Qətran Təbrizinin (1012–1088) "Divan"ındakı beytlərin birində rast gəlinir. Beytin izahında "Çöppü" sözünün yallıyabənzər, kollektiv oyun olduğu bildirilir. Deməli, Q. Təbrizinin XI əsrdə yaşadığını nəzərə alsaq, ondan əvvəlki əsrlərdə də Qobustan qayaüstü rəsmlərində təsvir edilən rəqslərə bənzər "Çöppü" adlı kütləvi oyunun icra edildiyi ehtimalı özünü doğruldur.[5]
Yallı — rəqs sənətinin ilkin formasıdır.
Azərbaycan xalq musiqisinin, musiqi folklorumuzun çox geniş yayılmış və qədim tarixə malik olan janrlarından biri də rəqslərdir. Rəqs sənətinin çoxəsrlik tarixə malik olması faktı xalq rəqslərimizin əsas qollarından biri sayılan "yallı"nın yaranması ilə bağlıdır. Azərbaycanda "yallı"nın dərin kökləri haqqında bir çox mənbələr, arxeoloji qazıntılar, tarixi ərazilər bizə mühüm və maraqlı məlumatlar açıqlayır. Belə ki, Qobustan ərazisindəki qayaüstü təsvirlər, Ordubad ərazisində Gəmiqaya dağındakı əl-ələ verib dövrə ətrafında rəqs edən insan şəkilləri, arxeoloji qazıntılar zamanı tapılmış müxtəlif əşyaların üzərindəki yallı oynayan insan rəsmləri, tarixçilərin, alimlərimizin illərlə apardıqları elmi araşdırmalar Azərbaycanda mərasim rəqsi sayılan "Yallı"nın tarixini eramızdan əvvəl V minnilliyə aid olduğunu sübuta yetirmişdir.
Qobustandakı qayaüstü təsvirlərin yaranma tarixi üst Paleolit dövrünün orta Daş (Mezolit) dövrünə aid olunur. Buradakı qayaüstü təsvirlər ilk dəfə 1939-cu ildə aşkar edilmiş və ilk tədqiqat işi əməkdar elm xadimi İshaq Cəfərzadə tərəfindən aparılmışdır. Qobustanın qayaüstü təsvirlər kolleksiyası Böyükdaş, Kiçikdaş, Cingirdağ, Yazılıtəpə, Şonqar və Şıxqaya dağları sahəsində aşkar edilmişdir. Uzunluğu 15–20 km, eni isə 2 km olan bu ərazidə "petroqlif" üsulu ilə çəkilmiş (mənası; "daş üzərində naxış açma") 6 mindən çox təsvir əldə olunmuşdur ki, bu təsvirlərin bəzilərində əl-ələ tutub yallı gedən insan cizgilərinə rast gəlirik. Ordubadın Tivi və Nəsirvazlı kəndlərinin şimal-şərqində yerləşən, dəniz səviyyəsindən 3907m yüksəklikdə qərarlaşan Gəmiqaya dağındakı qayaüstü təsvirlər isə ilk dəfə 1960-cı illərdə qeydə alınmışdır. Buradan çoxlu sayda "qazma", "cızma", "döymə" üsulu ilə icra edilmiş (çəkilmiş) rəsmlər və piktoqrafik yazı nümunələri tapılmışdır. Gəmiqayada uzun müddət arxeoloji tədqiqatlar aparmış istedadlı alim-arxeoloq Vəli Əliyev tərəfindən öyrənilmiş qaya təsvirləri arasında bəzi rəsmlər "yallı" rəqsinin tarixindən xəbər verir. Təsvirlərin birində qayanın mərkəzi hissəsində od və günəş rəmzi sayılan kiçik dairə, onun ətrafında isə qollarını yuxarı qaldırıb rəqs edən insan rəsmləri həkk olunmuşdur.[6]
Qədim Midiya ərazisində aşkar edilən, boyalı qablar üzərində kişilərlə yanaşı qadınların da rəqs etdikləri təsvirlər, tək və kollektiv surətdə oynanılan rəqs şəkilləri çəkilmişdir[7]
Tarixdən bizə məlumdur ki, uzun əsrlər boyu Azərbaycanda atəşpərəstlik hökm sürmüşdür. Ümumiyyətlə, Azərbaycan hər zaman ərzin od məkanı, yanar odlar yurdu sayılmışdır. Heç bir biliyə malik olmayan, odun gücünə inanan ibtidai insanlar ov zamanı hansısa bir vəhşi heyvanın ovlanması sevincini və ya müxtəlif tapıntılarını, əldə etdikləri yeni nailiyyətlərini qeyd etmək üçün tonqallar qalayar, əl-ələ verib cərgə-cərgə, qrup halında odun ətrafında dövrə vuraraq müxtəlif rəqslər oynayardılar. Qədim dövrün bu adət-ənənələrindəki bəzi elementlər əsrlərin süzgəcindən keçə-keçə bu günümüzədək gəlib çatmış və indi də "yallı"larımızın ifası zamanı istifadə olunmaqdadır. Belə ki, keçmişdə günəşi, ayı, küləyi, odu və suyu müqəddəs sayan insanlar indi də baharın (Novruzun) gəlişini təntənə ilə qeyd edərək, bayram gününə kimi dörd çərşənbənin (su, od, torpaq, külək) hər birində tonqallar yandırır, odun üstündən tullanır, əl-ələ verərək tonqal ətrafında yallı gedirlər.
Yallılar qədim dövrlərdən bəri Azərbaycan ərazisinin indiki Şərur, Ordubad, Şahbuz, Şəki, Kəlbəcər, Laçın, Qazax və qərbi Azərbaycan ərazisi olan İrəvan bölgəsində çox geniş yayılmışdır. Bu bölgələrdə, əsasən toylarda və el şənliklərində yaşlı insanlardan başlayaraq uşaqlara kimi hər kəs dəstə tutub yallı gediblər. Ümumiyyətlə, "yallı" məfhumu Azərbaycan xalqının dilində çox qədim zamanlardan mövcuddur. Belə ki, "yal" sözü – dağın yüksəkliyində yerləşən düzəngah deməkdir. Azərbaycanda belə ərazilər saysızdır. Məsələn, Gəncənin 30 km cənubunda dağlıq yerdə sıra ilə düzülmüş sarı qayalıqda yerləşən düzəngah "Sarı yal" adlanır. Kəlbəcər və Laçın ərazisində Qırxqız yaylağı ilə Çilgəz dağının arasındakı düzəngaha "Gödək yal" deyirlər. Ümumiyyətlə, Azərbaycanda bu cür yer adları çoxluq təşkil edir. "Uzun yal", "Cıdır yalı", "Oyuqlu yal" və başqaları belə ərazilərdəndir.
Xalq rəqslərimizin araşdırıcılarından Kamal Həsənov "yallı" sözünün mənasını açıqlayaraq yazır ki; "Yal – cərgədir, zəncir xəttidir. "Yallı"nı oynayanlar bir və ya iki cərgədə, bəzən də bir neçə cərgədə dururlar".[8]
"Yallı" – həmrəylik rəmzidir. Azərbaycanın bəstəkarı Əfrasiyab Bədəlbəyli "yallı" oyununa yüksək qiymət verərək yazırdı ki; "Burada çox intişar edən "yallı" forması bütün bir elin, bir obanın kollektiv surətdə öz sevinc duyğularını, bacarıq və istedadını təmsil edən əzəmətli bir yaradıcılığın parlaq təzahürüdür".
Yaranışından ta bu günə kimi yallılar xalqımızın yaşam tərzini, adət-ənənəsini, mübarizliyini, qorxmazlığını və birliyini özündə əks etdirmişdir. Dünyanın bir çox xalqlarında da bu cür keyfiyyətləri özündə cəmləşdirən yallıya bənzər rəqslər mövcuddur. Rumınlarda "Arkan", bolqarlarda "Treskoxoro", moldavanlarda "Tabakaryaska", özbəklərdə "Lapar", gürcülərdə "Perxuli", fransızlarda "Branl", yunanlarda "Sertaki" və s. belə rəqslərdəndir.
"Yallı" – cərgəyə düzülərək dəstə ilə ifa olunan kütləvi rəqsdir. Oyun zamanı yallıya kollektivin önündə gedən iştirakçı (rəqqas) rəhbərlik edir. Ona xalq arasında "yallıbaşı" deyirlər. Yallıbaşı əvvəldən axıradək rəqsin ümumi gedişinə, iştirakçıların nizamlı hərəkətinə, hər bir ayaq hərəkətinin bütün iştirakçılar tərəfindən eyni qaydada yerinə yetirilməsinə, rəqsin düzgün başlamasına və vaxtında sona yetməsinə nəzarət edir. Bu işdə "yallıbaşı"ya ondan sonra gələn (ikinci rəqqas) iştirakçı "müavin" və dəstənin axırında duran sonuncu iştirakçı "ayaqçı" kömək edir. "Yallı"nı oynayarkən yallıbaşının və ayaqçının əlində yaylıq olmalıdır. Onlar əllərini yuxarı qaldıraraq yaylığı yelləməklə dəstənin əvvəlinin və axırının harda olduğunu bildirirlər.
"Yallı" dəstəsinə düzülən iştirakçıların sayı dəqiq müəyyən olunmur. Adətən yallı dəstəsinə 10–15 nəfər düzülür. Lakin bəzən, əsasən də, toy şənliklərində bu iştirakçıların sayı 20–30, hətta 40–50 nəfərə çatır. Yallı kollektivi həm kişilərdən, həm də qadınlardan ibarət ola bilər. Çox zaman bu rəqs qarışıq ifa olunur. Oyun zamanı iştirakçılar əl-ələ verərək və ya qollarını yana geniş açmaqla əllərini digər iştirakçının çiyninə qoyaraq rəqs edirlər. Bu zaman hər bir iştirakçı "yallıbaşı"nın etdiyi bütün hərəkətləri olduğu kimi, onunla bərabər eyni vaxtda təkrar etməlidirlər. Hər hansı bir hərəkəti düzgün oynamayan iştirakçı ya cəzalanır, ya da dəstədən kənarlaşdırılır.
Elə yallılar da var ki, orada iki dəstə iştirak edir. Üz-üzə dayanmış iki yallı dəstəsi ardıcıllıqla müxtəlif hərəkətlər nümayiş etdirirlər. Bir dəstənin etdiyi hərəkəti digər dəstə təkrar etməyə çalışır. Sonda hər iki dəstənin başçısı güləşirlər və qalib gələn başçı dəstələri birləşdirməklə onlara rəhbərlik edir.
Yallı rəqsi incəsənətin sintetik forması olaraq instrumental, vokal musiqi və ifaçılıq kimi bir neçə sənəti özündə birləşdirir.
Yallılar xoreoqrafik məzmununa görə iki yerə bölünür. Bunlardan birincisi "süjetli yallılar"dır. Bu növ yallıların xoreoqrafik quruluşu və ifa tərzi müəyyən bir süjeti tərənnüm edir. Belə yallılar teatrlaşmış xalq oyunları olduğu üçün "oyun-yallı" adlanır. "Qazı-qazı", "Çöp-çöpü", "Köçəri", "Dırqoyu" kimi yallılar buna nümunədir. Məsələn, "dırqoyu" yallısında qanadı qırılmış quşun süjeti göstərilir. Quş qanadı sındığından uça bilmir, lakin buna baxmayaraq tez-tez onu qaldıraraq hərəkətə gətirmək istəyir.
Digər yallılar isə müəyyən əhval-ruhiyyəni, xüsusən qəhrəmanlığı, gümrahlığı, gəncliyi və cəldliyi ümumi şəkildə tərənnüm edən "rəqs-yallılar"dır. Bu yallılara "tənzərə", "siyaqutu", "dönə", "ürfanı" və başqaları daxildir.
Yallılar musiqi müşayiətinə görə də iki yerə bölünürlər.
- Mahnı (reçitativ) müşayiəti ilə ifa olunan yallılar.
- Musiqi (instrumental) müşayiəti ilə ifa olunan yallılar.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
- Mahnı ilə müşayiət olunan yallılarda instrumental ifa yoxdur. Daha doğrusu, belə yallılar əvvəllər musiqi çalğısı olmadan, yalnız mahnı kimi oxunurdu. Belə ki, rəqsi oynayan dəstənin bütün iştirakçıları hansısa bir şeiri, mətni xorla, mahnı kimi ifa etməklə yallı gedirdilər. Bu zaman oynayanlar oxuduqları mahnının ritmini ayaq hərəkətlərinə əsasən təyin edirdilər. Çox maraqlıdır ki, hər bir yallı öz ayaq hərəkətlərinə uyğun ritmə və ritmik quruluşlara malikdir. Bu səbəbdəndir ki, bir çox yallılar "ikiayaq", "üçayaq" və "dördayaq" adlanırlar. Sonralar yallı oyununa yalnız bir zərb aləti (çubuqla çalınan nağara) əlavə olunmuşdur. Təkcə zərb alətinin müşayiəti ilə oxunaraq oynanılan yallılar öz quruluşu etibarilə "halay"ların quruluşuna çox yaxındır.
Musiqi məzmununa mətn (şeir) əlavə edilərək mahnı kimi ifa olunan yallılardan "Qaladan-qalaya", "Tirmə-şal" ("Arzumanı" kimi də adlanır), "Tello", "Ləyli xani", "Hoynare", "Güleynare", "Mərcanlar" və başqalarının adlarını çəkmək olar. Bu yallılardakı mahnıların mətni, əsasən kəndlilərin əmək fəaliyyətini, onların gündəlik həyat tərzini, cəsarətini, qəhrəmanlığını, sevgisini tərənnüm edir. Belə mahnıların sözləri xalq tərəfindən yaranmış və bu gün də özünün xüsusi bədii-poetik məziyyətləri ilə seçilərək qoşma və bayatılardan ibarət olmuşdur. Bu gün xalq arasında artıq yallı kimi deyil, mahnı kimi məşhurlaşan, yuxarıda adlarını çəkdiyimiz rəqslər müxtəlif mənbələrdə, məcmuələrdə məhz, xalq mahnısı kimi göstərilmişdir. Məsələn, "Tello" yallısını Qafar Namazəliyev 1985-ci ildə nəşr etdirdiyi "Azərbaycan xalq mahnı və təsnifləri" kitabında xalq mahnısı kimi təqdim etmişdir. Onun musiqisi aşağıdakı mətnlə oxunur.
I bənd:
Araz üstə, buz üstə, Tello, Kabab yanar köz üstə, Tello. Qoy məni öldürsünlə, Tello, Bir ala göz qız üstə, Tello.
Nəqərat Aman Tello, Tellocan, Tello. Canım Tello, Tellocan, Tello.
II bənd:
Araz axır lil ilə, Tello, Dəstə-dəstə gül ilə, Tello. Mən yarımı sevirəm, Tello, Şirin-şirin dil ilə, Tello.
Yallıya bu mətn sonradan əlavə olunmuşdur. "Tello" – bir hissəli yallıdır. Onun musiqisi ağır tempdə başlayaraq asta ritmlərlə ifa edilir. Yallını oynayan kollektivin rəhbəri (yallıbaşı) işarə etdikdən sonra musiqiçilər tərəfindən temp artırılaraq sürətlənir, ritm tezləşir. "Tello" yallısının melodik dili onun, onun mahnı kimi oxunan musiqisindən də nisbətən fərqlidir. Nümunə üçün yallının musiqisini izləyək.
2. Yallının digər növü isə instrumental musiqi ifası ilə müşayiət olunan rəqsyallılardır. Əvvəla onu qeyd etməliyik ki, kütləvi rəqs olan "yallı"ları açiq havada (dağətəyi yamacda və ya düzəngah çəmənlikdə) oynayırlar. Bu zaman onları güclü tembrə malik olan alətlər müşayiət etməlidir ki, yallı gedənlər hərəkət zamanı və mahnı oxuyarkən, rəqsin musiqisini və ritmini aydın eşidə bilsinlər. Bu səbəbdən ritmləri ifa etmək üçün nağara alətinə çubuq və ya çubuqlar da əlavə olunmuşdur. Ümumiyyətlə, "yallı"larımızın ifasında hər zaman qədim musiqi alətlərimiz olan zurna və nağaradan istifadə edilib. Hal-hazırda "yallı" rəqslərini müşayiət edən müxtəlif tərkibli musiqiçi dəstələri (ansambllar) mövcuddur. Bu ansambllar üç, dörd və daha artıq musiqiçidən ibarət olur. Məsələn, Naxçıvan bölgəsində yallıları üç nəfərdən ibarət musiqiçi dəstəsi müşayiət edir. Bura 2 zurna, 1 nağara ifaçısı daxildir. Zurna ifaçılarından biri rəqsin əsas melodiyasını ifa edən solistdir. O həm də ansamblın rəhbəri sayılır. Dəmkeş adlanan digər zurnaçı isə bu melodiyada tonikanı və digər istinad pərdələrini "dəm" şəklində uzadaraq ifa edir. Ritmləri ifa edən nağaraçı çubuqdan istifadə edərək iri nağarada (davul) yallını müşayiət edir.
Yallının çox istifadə olunduğu bölgələrdən biri də Şəkidir. Buradakı "yallı" ansambllarının tərkibi isə dörd nəfərdən; yəni 2 zurna, 2 nağara ifaçılarından ibarət olur. Kollektivdə zurnaçıları müşayiət edən iri nağara – "kos" adlanır. İki çubuqla çalınan digər kiçik diametrli nağara isə "bala nağara" və ya "dümbək" adlanır. Bu çubuqlardan biri düz formada, ikincisi isə ucu geriyə əyilmiş şəkildə olur.
- Birinci zurna – solist
- İkinci zurna – dəmkeş
- İri nağara – kos (tək çubuqla çalınır)
- Kiçik nağara – bala nağara, dümbək (İki çubuqla)
Yallıların ifası zamanı çox zəruri müşayiət formalarından biri də "ritmli küy"lərdir. "Ritmli küy" terminini ilk dəfə Azərbaycan xalq rəqslərinin öyrənilməsində çox böyük xidmətləri olan araşdırıcımız Bayram Hüseynli (1923–1992) işlətmişdir. "Ritmli küy" – ritmik səslər deməkdir. Bu səsləri yallını oynayan iştirakçılar müxtəlif hərəkətlərlə əldə edirlər. Çəpik çalmaqla, ayaqlarını yerə döyməklə, əllərini dizlərinə vurmaqla, çırtmalarla öz oyunlarını müşayiət edən rəqqaslar yallıda yeni bir ritmik ahəng yaradırlar.
Yallılar özünün musiqi məzmununa görə 1, 2 və ya 3 hissədən ibarət olur. Bir hissəli yallılarda musiqi məzmunu dəyişmədən əvvəlcə ağır, sonra isə get-gedə sürətlənərək tez tempdə ifa olunur. Belə yallılar əsasən, 6/8 ölçüdə (bəzən 3/8 ölçüdə), ardıcıl ritmlə ifa olunurlar. Bir hissəli yallılardan "Qazı-qazı", "Zülfanı", "Nare", "Hoynare", "Sareyi" ("Qofeyi" kimi də adlanır), "Ver-veri", "Qənimo", "Çöp-çöpü" ("Nehrəmi" kimi də adlanır), "Laçın bala" və başqalarını göstərə bilərik.
İki hissəli yallılarda bəzən ikinci hissə birincidən fərqli musiqi məzmununa malik ola bilər. Lakin çox zaman ikincinin musiqi məzmunu birincinin variasiya olunmuş formasından ibarər olur.
İki və üç hissəli yallılarda hər bir hissə müxtəlif ritmlə ifa olunur. Məsələn, yallı iki hissəlidirsə, onun 1-ci hissəsi 2/4 və ya 4/4 ölçülərdə, marşsayağı, "yallı" ritmində ifa edilir, 2-ci hissə əsl rəqs havası kimi, 6/8 ölçüsündə ardıcıl ritmlə çalınır. Üç hissəli yallılarda isə 2-ci hissə bəzən 3/8 ölçüdə (çox vaxt 6/8 ölçüdə) ifa olunsa da, 3-cü hissədə yenidən 6/8 ölçüsünə keçir. Belə yallılardan "Ürfanı", "Köçəri", "Tənzərə", "Çınqı-çınqı" ("Xərəc" kimi də adlanır), "Dəlilo", "Delasoru" ("Buğda" kimi də adlanır), "Qara Pir", "Şərur", "Çopudum", "Dəhnə" ("El yallısı" kimi də adlanır) iki hissəli, "İrəvan" ("Dördayaq" kimi də adlanır), "Gopu", "Kürdün ağırı" və başqaları üç hissəlidir.
Ümumiyyətlə, "yallı" rəqslərinin ifasında ən mühüm amillərdən biri tempdir. Çünki, bir, iki və ya üç hissədən ibarət olan yallının hər bir hissəsi öz musiqi məzmununa uyğun müxtəlif tempə malikdir. Yallıların hissələri arasında temp bölgüsü elə aparılmışdır ki, rəqs çox ağır, asta hərəkətlərlə başlayır, 2-ci hissəyə keçərkən orta tempdə, nisbətən cəld hərəkətlərlə davam etdirilərək, 3-cü hissədə isə tez, iti surətdə oynanılır. Rəqsi müşayiət edən musiqiçilərin, xüsusilə də, zərb aləti ifaçılarının nəzərləri hər zaman yallı gedənlərdə olmalıdır. Nağaraçı istər rəqsi başlayarkən, istərsə də onun digər hissələrinə (2-ci və 3-cü hissə) keçərkən elə temp seçməlidir ki, yallını oynayan kollektiv hərəkətləri tələsmədən, düzgün qaydada, nizamla yerinə yetirə bilsinlər.
"Yallı" Azərbaycan xalqının milli-mədəni sərvətidir. Onu daim qorumaq, yaşatmaq və gələcək nəslə ötürmək üçün bizim dahi bəstəkarlarımız öz əsərlərində də bu janra böyük yer ayırmışlar. Üzeyir Hacıbəyli "Koroğlu" operasında, Müslüm Maqomayev "Nərgiz" operasında, Soltan Hacıbəyov "Gülşən" baletində, Cahangir Cahangirov "Azad" operası və xalq çalğı alətləri üçün "Yallı" əsərində, Rauf Hacıyev "Yallı balet miniatürləri"ndə yallının janr xüsusiyyətlərindən istifadə etmişlər.
"Yallı" xalqı sülhə səsləyən musiqisi ilə, möhtəşəm ritmik ahəngi ilə çox böyük emosional təsirə malikdir. Bu musiqinin qüdrəti insan mənəviyyatının saflığını ön plana çəkir. Yallı təkcə musiqi və rəqs növü deyil, o qədim türk tarixinin başlıca möhürü, Azərbaycanın mənəvi emblemi və Azərbaycan xalqının azərbaycançılıq simvoludur.
Başqa xalqlarda yallısayaq rəqslər
[redaktə | vikimətni redaktə et]Rumınların "Arkan", bolqarların "Treskohoro", moldovanların "Tabakaryaska", özbəklərin "Yalla", "Lapar", müasir "Paxtakor", fransızların "Branl" və s. rəqslər yallısayaq ifa edilir[9][10].
Xüsusiyyətləri
[redaktə | vikimətni redaktə et]Yallı rəqsi oxuma və əlçalma ilə də muşayiət oluna bilər. Bu rəqs əvvəllər aydınca əmək xarakteri daşıyardı. Yallı böyük bir dəstənin birgə iştirakı ilə ifa olunur. Dəstənin başında əlindəki yaylığı (dəsmalı) yellədərək qabaqda gedən "yallıbaşı" durur. Başqa iştirakçılar isə qollarını açaraq bir – birilərinin çeçələ barmağından tutur, ya da əllərini bir–birilərinin çiyninə qoyurlar. Yallı gedərkən çox vaxt yallıbaşı kamanı bir əlində tutub silkələyərək həm səsləndirir, həm də rəqsin ölçüsünü oynaya–oynaya qeyd edir[11].
Yallı rəqsi üç hissədən ibarətdir: rəqs əvvəlcə təntənəli və aram addımlarla başlanır, getdikcə sürəti artmağa başlayır və texniki cəhətdən mürəkkəb tullanma hərəkətlərlə davam etdirildikdən sonra əvvəlki təntənəli vəaram yürüşlə tamamlanır.
Yallılar əsasən zurna alətinin müşayiəti altında oynanılır. Zurnaçılar dəstəsi 4 nəfərdən ibarət olur: zurna (solo), züyçü (dəmkeş), kos (böyük nağara), bala nağara (kiçik nağara). Şəkidə zurnaçılar dəstəsi öz tərkibinə görə başqa bölgələrdəki dəstələrdən fərqlənir. Belə ki, Naxçıvanda zurnaçılar dəstəsi 3 nəfərdən ibarətdir: zurna (solo), züyçü (dəmkeş), çubuq nağara.
Çubuq nağarası iri diametrli nağaradır. Ifaçı sağ əli ilə ağzı düyülmüş iri çubuqla, sol əli ilə isə yuxarıdan ağzı düz kiçik çubuqla ifa edir.
Şəkidə də bu tərkibdə musiqiçi dəstələri çoxdur. Çünki bura zurna ifaçılıq sənətinin çox inkişaf etdiyi bölgələrdəndir. Bu da səbəbsiz deyil. Əgər Şirvan zurna ifaçılıq sənətinin təməli Əli Kərimovun adı ilə bağlıdırsa, Şəki zurna ifaçılıq məktəbinin banisi Həbibullah Cəfərovdur. Bu məktəbi zirvələrə çatdıran isə Ələfsər Şəkili (Rəhimov) olmuşdur. Onun virtuoz, əzəmətli ifası nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da tanınmışdır.
Növləri
[redaktə | vikimətni redaktə et]Xoreografik məzmunlarına görə yallılar iki qrupa bölünür:
- oyun yallıları — Köçəri, Qaz-qazı, Çöp-çöpü;
- rəqs yallıları — Dönə yallı, Siyaquşu, Tənzərə, Urfanı və s.
Tərkibinə görə yallılar 3 cür olur:
- qadın
- kişi
- qarışıq[12]
Yallılar musiqi müşayiətinə görə iki yerə bölünür:
- Mahnı müşayiəti ilə ifa olunan yallılar
- Musiqi müşayiəti ilə ifa olunan yallılar
Yallının bir çox növləri mövcuddur:
- Şəki yallıları: Daş bulağı, Hönə Qaradağlı, Dərviş baba, Dal Dağıstanı, Kəkliyi, Cindaboru, Şəmili, Yegara, Altı qızlar və s.
- Naxçıvan yallılar: Qaladan qalaya, Şərur, Tənzərə,
- Urfanı, El yallısı (iki ayaq), Üç ayaq, Dörd
- Urmiya yallıları (jəlmanları): tək ayaq, iki ayaq, üç ayaq, bəndi, mojəssəmə, şirxani, düdü, məşşava (məştibad), ostanbazi, Topçular (topçinar), yanbasma (köçəri), vəzrava, mamır, pedava, sənəndaji, Teymurava, Qənbəryamani və s.
- ayaq
- Köçəri yallısı
- Haxışta
- Qaleyi
- Gopu
- Çöp-çöpü
- Qaz-qazı
- Siyaqutu
- Cing-cing
- Xələfi
Yallı bəstəkar musiqisində
[redaktə | vikimətni redaktə et]Yallıların melodiyaları Üzeyir Hacıbəyovun "Koroğlu" və Müslüm Maqomayevin "Nərgiz" operalarında, Soltan Hacıbəyovun "Gülşən" baletində istifadə olunmuşdur.[13]
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Muğam ensiklopediyasında — Yallı". 2016-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-07.
- ↑ "Azərbaycan Respublikasının Mədəniyyət və Xarici İşlər Nazirliklərinin birgə bəyanatı". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-28.
- ↑ ich.unesco.org Arxivləşdirilib 2021-12-04 at the Wayback Machine Yalli (Kochari, Tenzere), traditional group dances of Nakhchivan
- ↑ "Səda — Qobustan Dövlət Tarixi Bədii Qoruğuna səyahət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-22.
- ↑ Abbasqulu Nəcəfzadə. Azərbaycan idiofonlu çalğı alətləri Arxivləşdirilib 2022-05-12 at the Wayback Machine. Bakı, 2010, səh. 38.
- ↑ Gəmiqaya rəsmləri "Ədəbiyyat və İncəsənət" qəzeti. 2 avqust 1969-cu il
- ↑ "История Мидии", Баку. 1960. табло 36
- ↑ "Qədim Azərbaycan xalq rəqsləri". 56-cı səh.
- ↑ Telman Qəniyev. Azərbaycan yallıların və türk Anadolu yallılarının oxşar və fərqli cəhətləri. Arxivləşdirilib 2020-09-23 at the Wayback Machine "Musiqi dünyası" jurnalı.
- ↑ R. Imrani. Azərbaycanın musiqi tarixi. V cild. Bakı: "Elm", 1999, 147s.
- ↑ "Muğam Ensiklopediyası — Kaman". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-09.
- ↑ "Gülnaz Abdullazadə, Rauf Verdiyev. Konfransları… Ekspedisiyalar… "Musiqi dünyası" jurnalı". 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-09.
- ↑ Qəmər Almaszadə. Azərbaycan xalq rəqsləri (metodik vəsait) Arxivləşdirilib 2022-04-01 at the Wayback Machine. Bakı: "Birləşmiş nəşriyyat", 1959.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]Videolar
[redaktə | vikimətni redaktə et]- Türkiyə Adana — Üç ayaq halayı
- İran şahsevənlərinin halayı
- Azərbaycan dövlət rəqs ansamlı — Yallı rəqsi — musiqi: Cavanşir Quliyev
- "Qaladan qalaya" — yallı rəqsinin növü
- "Tirmə şal" Naxçıvan yallısı
- Şərur xalq yallı ansamlı — El yallısı
- Kəngər Uşaq Yallı Ansamblı — Siyaqutu yallısı
- Balov yallı qrupu — Urmiyə yallısı, Şirxanı havası
Musiqi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |