Qədim Misir mədəniyyəti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Qədim Misir mədəniyyətinin yaranmasında coğrafi amillərin böyük rolu var. Afrikanın şimal-şərqində səhra ilə Qırmızı dənizin arasında Nil vadisi uzanır. Nil Qədim Misirin inkişafında böyük rol oynayıb. Misirdə elm, kənd təsərrüfatı, bütövlükdə iqtisadiyyat, hətta din belə Nil ilə bağlıdır. Min illər ötsə də, Misirdə həyat elə yarandığı yerdə — Nilin deltasında cəmlənmişdir. Ölkənin qalan ərazilərində yaşayış yoxdur.

Misir Qədim Şərqin inkişaf etmiş mədəniyyət mərkəzlərindən biri hesab olunurdu. Sivilizasiyaya uyğun dövlət sistemi, iqtisadiyyat, mədəniyyətin müxtəlif sahələri üç min il ərzində öz mövcudluğunu qorumuş və digər ölkələrə də təsirini göstərmişdir. Misir Qədim Şərqdə ən uzunömürlü dövlətlərdən biri olmuşdur.

Təbabət və digər elm sahələrini çox inkişaf etmişdi. Bəzi xəstəliklərin müalicəsi müəyyənləşdirilmişdi. Həkimlər insan anatomiyası ilə bağlı tədqiqatlar aparırdılar. Bu tədqiqatlar dinin də təsiri ilə mumiyalamada açar rol oynamışdır.

İlk təqvimin yaranması

[redaktə | mənbəni redaktə et]

Nil hər il ilin müəyyən vaxtlarında daşır. Daşan Nil ətrafdakı insanlara böyük ziyan vururdu. Bunun qarşısına almaq üçün çayın dəqiq daşma vaxtını bilməli idilər. Bu zəruriyyətdən təqvim tərtib olunur. Bu isə astronomiyanın ilk məhsuludur. Misirlilər planeti ulduzdan fərqləndirirdilər. Bu, onların ulduzlar haqda tərtib etdikləri ilkin xəritədən də görünür. Misirlilər xüsusi təqvim yaratmışdılar. İli hər bir ayı 30 gündən ibarət 12 aya bölmüşdülər. İlin sonunda 5 gün əlavə olunurdu. İl onda 365 gündən ibarət olurdu. Misir təqvim ili tropik ildən dörddə bir sutka geriyə qalırdı. Bu fərq 120 il ərzində bir aya bərabər olurdu. Onlar gecə-gündüzü 24 saata bölürdülər. Su və günəş saatları icad etmişdilər. Kahinlər astronomik müşahidələr prosesində dövri surətdə təkrarlanan Günəş tutulmasını kəşf etmişdilər.

Tikintinin inkişafı

[redaktə | mənbəni redaktə et]

Evlərinin Nil daşqınından qorumaq üçün misirlilər möhkəm bəndlərin inşasını öyrəndilər. Bəndlər, əsasən sel qabağında duruş gətirə bilmələri üçün maili vəziyyətdə inşa olunurdu. Sonra növbəti zərurət tikililəri müəyyən dərəcədə qoruyan ayrıca kanalın inşası idi. Kanalın inşası üçün yerölçmə işləri aparılmalı idi. Zaman keçdikcə misirlilərin arasından mahir memar və mühəndis-texniklər çıxırdı.

Piramidalar və sfinks

[redaktə | mənbəni redaktə et]

Misirlilər hesab və həndəsə sahəsində biliklərə malik idilər. Biliklər zəruri təlabatdan yaranırdı. Riyaziyyatda ən böyük müvəffəqiyyət onluq say sisteminin yaradılması idi. Yazıda 1, 10, 100, 1000, 10000, 1000000 kimi işarələrdən istifadə olunurdu. Hətta milyonu bildirən işarə vardı: bu təəccübdən əllərini qaldırmış adam şəklində təsvir olunurdu. Həndəsə sahəsində müəyyən inkişaf vardı. Misirlilər düzbucağın, yarım bucağın, xüsusilə bərabəryanlı üçbucağın, trapesiyanın və dairənin səthini müəyyənləşdirə bilirdilər. Qahirə yaxınlığındakı Gizada səhranın qayalı səthində üç nəhəng həndəsi cisim — mükəmməl düzgünlüyə malik dördüzlü piramidalar, fironlar Xeops, Xefren və Mikerinin sərdabələri ucalır. Səhranın sərhədinin keşiyində firon Xefrenin üzünə malik nəhənf sfinks indi də durmaqdadır. Onun qulaqları və burnu insan boydadır.

Yazının meydana gəlməsi

[redaktə | mənbəni redaktə et]

Misirdə yazı e.ə. IV minilliyin sonlarında meydana çıxmışdır. Müxtəlif dövrləri əks etdirən Misir yazı abidələri indiyə qədər qalmaqdadır. Misirdə də ilk yazı növü şumerlərdə olduğu kimi piktoqrafiya, yəni şəkli yazı olmuşdur. Burada yazılar əsasən papirus üzərində cızılırdı ki, bu da onlar üçün kağızı əvəz edirdi. Yazı "lövhəsi" düzəltmək məqsədilə misirlilər papirusun qabığını hissə-hissə kiçik zolaqlarla kəsir, sonra onları sıra ilə bir-birinə yapışdırırdılar. Papirus hissələrinin uzunluğu bəzən 40 metrə çatırdı. Yazılmış papirusu burur və iplə bağlayırdılar. Misir yazısı qarışıq yazı hesab olunur. Bu yazıda 700 işarə ilə yanaşı, 21 heroqlif də vardır ki, onlar ayrı-ayrı hərfləri ifadə edirlər. Misir yazılarını ilk dəfə 1822-ci ildə fransız alimi Şampolon oxumuşdur. Misir yazısını öyrənmək olduqca çətin idi. Məktəbdə oxuyan şagirdlər sərbəst və asan yazmağı 5–6 il müddətinə öyrənirdilər. Təlim prosesində şagirdləri müxtəlif şəkildə cəzalandırırdılar. Baxmayaraq ki, məktəblərdə oxuyanlar varlıların və adlı-sanlı adamların övladları idi, mirzəlik çox hörmətli sənət hesab olunduğundan valideynlər bu münasibətə (övladlarının mirzələr tərəfindən cəzalandırılmasına) pis yanaşmırdılar. Papiruslardan olan Misir dəftərlərinin kənarlarında çox vaxt belə bir atalar sözü yazılırdı: "Uşağın qulaqları belindədir, ancaq döyüldüyü zaman qulaq asır". Misir yazı sistemi təkmilləşdikcə, onun dil quruluşu da minilliklər ərzində dəyişmişdir. III–VII əsrlərdə qədim Misir dili artıq ölü dillərdən hesab olunurdu. Həmin dövrdə Misirdə çipti dilindən istifadə olunurdu. VII əsrdən başlayaraq ərəb dili yayılmağa başlanmışdır (İslamla bağlı). Hazırda Misir ərazisində dörd milyon yerli çipti yaşayır. Onlar xristian olsalar da, ərəb dilində danışır, ancaq öz ibadətlərini çipti dilində edirlər.

Qədim Misirdə bədii ədəbiyyatın əsasında şifahi xalq yaradıcılığı dayanır. Ən qədim əsərlər e.ə. V minilliyə aiddir. Qədim misirlilər üç min il ərzində müxtəlif janrlarda (mif, nağıl, dastan, təmsil, nəsihət, fəlsəfi dialoqlar, himnlər, dualar, ağılar, şeir) zəngin bədii ədəbiyyat nümunələri yaratmışlar. Şifahi xalq yaradıcılığına daxil olan nağıllar əsasən əkinçi həyat tərzini, dünyagörüşünü əks etdirırdi. Belə nağıllarla yanaşı fironlar və əyanlara həsr edilmiş nağıllar da geniş yayılmışdı. Fironlar üçün onların sevdiyi nağıllar yazılırdı və adətən mumiya ilə birlikdə sərdabələrinə qoyulurdu. Qədim misirlilər nağıl vasitəsilə müdrikliyi, humanistliyi tərənnüm edir, sadə insanların əqlini, mübarizliyini, dönməzliyini göstərməyə çalışırdılar. Belə nağıllardan "Gəmi qəzasına uğrayan adam", "Düz və əyri haqqında nağıl", "Firon Xufu və cadugərlər", "İki qardaş haqqında nağıl" və s. göstərmək olar. Qədim misirlilər nağıl vasitəsilə xeyirxahlığı, müdrikliyi tərənnüm edirdilər, sadə adamın fərasətini, ədalətini və cəsarətini açıqlayırdılar. Nağıllarda allahfironların qüdrətinin sarsılmaz olması ideyası əks olunmuşdur, əyanların zalımlığı və qəddarlığı təsvir edilmişdir. Qədim misirlilər təbiətdə və insan həyatında olan hadisələri dini ideologiya ilə izah edirdilər. Misirlilərin ölən və yenidən dirilən təbiət allahı hesab etdikləri Osiris haqqında əfsanə bu baxımdan səciyyəvidir. Orta və Yeni səltənət dövründə ədəbiyyatda mövcud dövlət və ictimai quruluşu müdafiə edən nəsihətlərə təsadüf olunur. Belə nəsihətlərdə sosial ziddiyyətlər, yuxarıların aşağıdakılara münasibəti, xalq üsyanlarının xoşagəlməz nəticələri və s. öz əksini tapır. Bu nəsihətlərə misal olaraq, "Heraklopol hökmdarı Axtoyun oğlu Merikaya nəsihəti", "I Amenemxetin nəsihəti", "Duauf oğlu Axtoyun nəsihəti", "İpuserin kəlamı", "Nefertifm nəsihəti" və s. göstərə bilərik.

Misir incəsənəti bizim barəsində tarixi məlumata malik olduğumuz ən qədim incəsənətdir. Bu bölgədə məskənlərin mövcudluğu artıq neolit dövründə qeydə alınmışdır. Bizim dövrümüzə gəlib çatmış ən qədim abidələrə Qahirə yaxınlığındakı, vaxtilə Memfis paytaxt şəhərinin yerləşdiyi Nilin sol sahilindəki sərdabələrin qalıqları aiddir.

Sinifli cəmiyyətin meydana çıxması ilə bağlı incəsənət firon hakimiyyətinin güclənməsinə xidmət etməyə başladı. Qədim Misir memarlığında dinin təsiri aydın hiss olunur.

Misir fironları özləri üçün ehramlar (piramidalar) tikdirmişlər. Ehramların inşası "tarixin atası"Herodotun "Tarix" əsərində geniş təsvir edilmişdir. Fironlar öldükdən sonra həmin ehramlarda dəfn edilirdilər. Yüz minlərlə qula nəhəng daşlardan ehramlar tikdirirdilər. Bu möhtəşəm ehramlar bir tərəfdən axirət dünyasına inam yaratmalı, digər tərəfdən isə fironların əzəmətini nümayiş etdirməli idi. Qədim Misirdə fironun sərdabəsinə o dünyada ona xidmət etmək üçün "uşebti" adlanan insan fiqurları qoyurdular. Ən möhtəşəm ehram e.ə. XXVII əsrdə Memfis yaxınlığında firon Xeopsun şərəfinə tikilmişdir.[1]

Ehramların klassik nümunəsi Sakkarada təmsil olunmuşdur. Buradakı pilləli ehram firon Coserə həsr olunmuşdur. IV sülalə fironlarından Xeops (hündürlüyü 147 m.), Menkauha (hündürlüyü 6 m.), Xafra (hündürlüyü 140 m.) gözəl ehramlar tikdirmişlər. Məbədlərin divarlarında ilahiləşdirilmiş firon həyatı ilə yanaşı sadə insanların, məsələn, dalaşan qayıqçılar, işləyən sənətkarlar, dəfn mərasimləri və s. təsvirlər həkk olunmuşdur. Yeni səltənət zamanında incəsənət və memarlıq özünün daha yüksək inkişaf dövrünü yaşayır. Belə ki, qayalar yarılıb yeraltı dəfn sərdabələri yaradılır. Məsələn, I Setinin yeraltı sərdabəsində yüzdən çox otaq vardır. Ən əzəmətli memarlıq nümunəsi Fivadakı (Karnak və Luksor) Ason məbədi hesab olunur. Bu məbədin böyük salonu 16 cərgədə ucaldılmış 134 sütundan ibarət imiş. Həmin salonun 12 mərkəz sütununun hündürlüyü 21 metr imiş. Salonun sahəsi isə 5 min kv/m-dən çox imiş.

Ehramların yaxınlığında bütöv qaya parçasından insan başlı aslan bədənli nəhəng heykəl — sfinks yonulmuşdur. Bu nəhəng heykəl çox vahiməli olduğu üçün "dəhşətlər atası" adlandırılmışdır. Bəlkə də, sfinks ehramların qoruyucusu məqsədilə qoyulmuşdur.

Misir memarlığının əsas sahəsini heykəltəraşlıq təşkil edirdi. Bütün məbəd və saraylar heykəllərlə dolu olmuşdur. Əsasən misir allahlarından və fironlardan ibarət olan bu heykəllər içərisində sadə insanlara həsr olunmuş heykəllər də var idi. Dini təsəvvürlər Misirdə cəmiyyətin bütün təbəqələrində özünü göstərdiyi kimi, mədəniyyətdə də izini qoymuşdur. Qədim misirlilərin ideologiyasını din təşkil edirdi. Dini təsəvvürlərin sadə formaları-fetişizm (əşyalara sitayiş) və totemizm (heyvanlara sitayiş) qədim Misir tarixində mövcud olmuşdur. Misirdə dini sistem getdikcə inkişaf edərək Yeni səltənət dövründə daha da mükəmməlləşdi. Allahlar haqqında təsəvvürlər müxtəlif təbiət qüvvələrinin və ictimai hadisələrin təcəssümü kimi yaranmışdı. Dini təsəvvürlərin əsasında yerli, vilayət və ümummisir ibadətgahları möhkəmlənirdi. Misirin ən qədim dövründə əcdadlara və mərhumlara ibadət mövcud olmuşdur. İbadətdə də təbəqələşmə özünü göstərirdi. Zaman keçdikcə Misirdə ibadətin məzmun və forması dəyişir.

Qədim misirlilər fironun şəxsiyyətini ilahiləşdirmişdilər. Əvvəlcə onu allahın oğlu, daha sonra isə allah adlandırdılar. Firona kainatın allahı kimi sitayiş və ibadət olunurdu. İncəsənətdə də hökmdarın allah oğlu olması fikri təbliğ edilirdi. Firona ibadət üçün məbədlərdə xüsusi otaqlar təşkil olunmuşdu. Bu otaqlara "böyük ev" adı verilmişdi. XVIII sülalə zamanı "firon" sözü artıq hökmdar mənasında işlənirdi.

Dinin bu şəkildə təsirinə baxmayaraq, bu dövrdə insanlarda "bilik" haqqında təsəvvürlər də mövcud idi. Məktəblər fəaliyyət göstərir, verilən biliklər tətbiqi mahiyyət kəsb edirdi.

Dini görüşlər

[redaktə | mənbəni redaktə et]

Qədim Misir ilahlarına sitayişin dövrü çox qədim dövrlərə gedib çıxır. Həmin dövrdə insanlar tayfaların hamisi hesab olunan heyvana — totemə sitayiş edirdilər. Misirlilərin tanrrıları heyvan cildinə malikdir. Məsələn, ölənlərin hamisi Anubis çaqqal başlıdır, meymun Tot müdriklik vəyazı ilahı, Soxmet şirbaşlı müharibə ilahıdır. Buna görə də heyvanlar müqəddəs hesab olunurdu. Onlar məbədlərdə saxlanılır, öləndən sonra balzamlanaraq dəfn olunurdular. Muqəddəs öküzlərin, qoyunların, pişiklərin, hətta timsahların qəbiristanlıqları qalmışdır.

Qədim Misirdə insanlar müxtəlif allahlara sitayiş etmiş və dini ayinlər icra etmişdir. Müxtəlif sayda allahlar təbiət qüvvələri və ictimai hadisələri tərənnüm edirdi. Ay – qadın, torpaq və hava isə kişi allahları kimi təcəssüm tapmışdır. Baş Allah — Günəş allahı Hepri və ya Heprer adlandırılırdı. Qədim misirlilərin allahlarının sayını söyləmək çətindir. Əsas allahlar su, torpaq, dünya ruhunu təcəssüm etdirən Ptax hesab edilirdi. Öküz Misirdə səcdə edilən heyvanlardan biri hesab edillərək güc və məhsuldarlıq rəmzi kimi təsəvvür edilirdi. Öküzlərə etiqad ən zəngin və əlamətdar ayinlərdən biri hesab edilirdi. Apis öküzü "ülvi təcəssüm" hesab edilərək Ptaxa xidmət edir və məhsuldarlıq rəmzi kimi tanınırdı.[2]

Qədim Misirdə allahları heyvan başlı insan şəklində təsvir edirdilər. Bu da ovçuluqla bağlı idi. Misirlilərin etiqadına görə, ölən adamın cəsədi saxlansa, onun ruhu vaxtaşırı oraya qayıdar. Elə buna görə də misirlilər ölüləri mumiyalayırdılar. Misirlilərə görə kinli allah Set bitki və əkin himayəçisi Osirisi öldürür. Osiris dirilir, axirətdə padşah və hakim olur. O, ölənlərin ruhunu mühakimə edir. Məbədlərə kahinlər rəhbərlik edirdilər. Məbəd allahın evi sayılırdı. Kahinlər qul sahibi idilər. Fiva şəhərindəki məbədin 80 min qulu var idi. Misirdə Amon Ra (Günəş allahı) baş allah sayılırdı.[1]

Misir çoxallahlığının mövcudluğu ayrı-ayrı qəbilə və icmaların vahid mərkəzləşmiş Dövlət ətrafında birləşməsinə ciddi əngəl idi. B.e.ə. XIV əsrdə yaşamış firon IV Amenxotep təkallahlılıq ideyası ilə dini islahatlar aparmaq cəhdi göstərməyə çalışdı. O, yeni dövlət ayinini elan etdi ki, bu da Aton allahının (Günəş allahı) varlığını nəzərdə tuturdu. Dövlətin paytaxtını isə, Axetanon (müasir Əl-Əmər), elan edərək öz adını Exnaton

qoydu.[2]

R. Nicat Qədim Şərq tarixi. Bakı,2007

  1. 1 2 İ. Hüseynov, N. Əfəndiyeva. Qədim Dünya Mədəniyyəti. Bakı-2009
  2. 1 2 Mədəniyyət Tarixi və Nəzəriyyəsi. Bakı-2010