Çurular
Ümumi sayı | |||
---|---|---|---|
19,314 (2009)[1] | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Çurular (vyet. Chu ru) — Vyetnam Sosialist Respublikasının cənubunda – Lamdonq və Txuanxay əyalətlərində yaşayan dağ tyamları qrupuna aid xalq[2]. Vyetnamda rəsmi olaraq tanınmış 54 xalqdan biridir. Sayları təqribən 19 min nəfərdən çoxdur.
Bu xalq həm də tyurular, tyorular (özlərini "yeni torpaqları mənimsəyən adamlar" adlandırırlar), tyular, krular, kazolar adlanırlar.
Əcdadları
[redaktə | vikimətni redaktə et]Ehtimal edilir ki, çurular tyamlarla eyni əcdadlara malikdirlər. Çuruların rəvayətlərinə görə onların əcdadları vaxtilə Mərkəzi Vyetnamın sahilyanı ovalığında yaşamış, tyamlardan ayrılaraq Cənubi Vyetnamın dağlıq və dağətəyi rayonlarına köçmüşlər[2]. Bəzi yerlərdə raqlaylar və koxolarla birlikdə yaşayırlar.
Fransız müstəmləkəsi dövründə Dalat ərazisində ən güclü dağlıq liderləri çurular idi.
Sayları
[redaktə | vikimətni redaktə et]Sayları 1999-cu ildə 14,978 nəfər, 2009-cu ildə isə 19,314 nəfər[1] olmuşdur.
Dilləri
[redaktə | vikimətni redaktə et]Dilləri çuru dilidir. Bu dil Malay-Polineziya dilləri qrupuna aiddir. Çuru dili tyam və raqlay dillərinə yaxındır. Müstəmləkə dövründə latın əlifbası əsasında yazı yaradılmışdır. Vyetnam dili və yazısı, qismən də koxo dili yayılmışdır[2].
Məşğuliyyətləri
[redaktə | vikimətni redaktə et]Ənənəvi məşğuliyyətləri kotan (qismən toxa), suvarma və dəmyə əkinçiliyi (çəltik, qarğıdalı, köküyumrular, maniok, qabaq və s.), maldarlıq (kəl, öküz, donuz, keçi, at), quşçuluq, yığıcılıq, ovçuluq və balıqçılıqdır. Sənətkarlıq sahələrindən qamış və bambukdan məişət əşyalarının hörülməsi, dəmirçilik və dulusçuluq inkişaf etmişdir[2].
Çuru xalqı 1907-ci ildə Touneh Han Danq tərəfindən iqtisadiyyata cəlb edilmişdir ki, nəticədə də bu xalq toxuculuq da daxil olmaqla bir sıra peşələri öyrənmişdir[3].
Rəhbərləri
[redaktə | vikimətni redaktə et]Pley adlanan kənd icmalarına popley adlanan ağsaqqallar başçılıq etmiş, qru və ya yux adlanan şamanlar icmada böyük rol oynamışlar[2].
Qohumluğu ana xətti üzrə hesablanan böyük ailə 3–4-cü nəslədək üstünlük təşkil edir[2].
Nikah
[redaktə | vikimətni redaktə et]Nikah matrilokaldır, elçilik yolu ilə evlənmək təklifini qızlar edirlər və nikah bağlandıqdan sonra iki həftə ər evində yaşayırlar. Varislik hüququ da qızlara məxsusdur. Dayının ailədə böyük roluvar. Kuzen nikahları və levirat nikah növləri geniş yayılmışdır[2].
Evləri
[redaktə | vikimətni redaktə et]Ağac və bambukdan tikilmiş ənənəvi evləri yortacəsaslıdır. Uzunsov evlər yayılmışdır[2].
İnancları
[redaktə | vikimətni redaktə et]Ənənəvi inancları əcdadların kultu, animizm, aqrar kultlardır. Musiqi və nəğmə folkloru, əfsanə və rəvayətlər qalmaqdadır[2]. Ənənəvi inanclarını qoruyub saxlayırlar; amma bəzi yerlərdə xristianlıq da yayılmışdır[2].
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 "The 2009 Vietnam Population and Housing Census: Completed Results". General Statistics Office of Vietnam: Central Population and Housing Census Steering Committee. June 2010. səh. 135. 18 October 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 November 2013.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 182. ISBN 978-9952-441-11-6.
- ↑ Gerald Hickey, Sons of the Mountains: Ethnohistory of the Vietnamese Central Highlands to 1954, p. 316
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Егорунин О. Е. Чуру // Народы и религии мира. М., 1999. С. 636—637. (rus.)