Yevgeni Leonov
Yevgeni Leonov (rus. Евге́ний Па́влович Лео́нов; d. 2 sentyabr 1926, Moskva, RSFSR, SSRİ – ö. 29 yanvar 1994, Moskva, Rusiya) — məşhur aktyoru, Rusiyanın Xalq artisti (1978).
Yevgeni Leonov | |
---|---|
rus. Евге́ний Па́влович Лео́нов | |
| |
Doğum tarixi | |
Doğum yeri | Moskva, RSFSR, SSRİ |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Vəfat səbəbi | ağciyər arteriyasının tromboembolizmi |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor, kino aktyoru, səsləndirmə aktyoru[d], komediyaçı, televiziya aktyoru |
Fəaliyyət illəri | 1947-1994 |
Mükafatları |
|
IMDb | ID0503095 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və fəaliyyəti
redaktəYevgeni Leonov 2 sentyabr 1926-cı ildə Moskva şəhərində anadan olmuşdur.[1]
Atası Pavel aviazavodda mühəndis, anası Anna evdar qadın olub. Ana oğulları Yevgeni və ondan iki yaş böyük Nikolayın təlim-tərbiyəsinə xüsusi diqqət yetirirdi, onlara hələ kiçik yaşlarından kitablar oxuyar, məşhur təyyarəçilər haqqında danışardı. Qardaşlar böyüyəndə təyyarəçi olmaq arzusunda idilər. Nikolay məktəbi qurtaranda aviasiya sahəsini seçir. Yevgeni isə artıq 5-ci sinifdə məktəbin dram dərnəyinə yazılmışdı və onda teatra maraq vardı. Ancaq o, 7-ci sinfi bitirəndə Böyük Vətən müharibəsi başlayır.[1]
Yevgeni əvvəlcə aviasiya zavoduna işə düzəlir. Sonra Orconikidze adına Aviasiya Texnikumuna daxil olur. Tələbə gecələrində şeirlər deyir, səhnəciklərdə iştirak edir, buna görə də yoldaşları onu “bizim artist” deyə çağırırlar. Texnikumun 3-cü kursunda oxuyanda Moskva Eksperimental Teatr Studiyasına daxil olur. Studiyada təhsilini bitirdikdən sonra teatrda işləməyə başlayır. 1948-ci ildən K.C.Stanislavski adına teatrda[2], 1969-cu ildə isə V.Mayakovski adına teatrda fəaliyyət göstərir.[1]
Kinoda ilk dəfə 1947-ci ildə “Həmyaşıdlar” filmində Kolya roluna çəkilir. 1949-cu ildə rejissor Vladimir Nemolyayev onu “Xoşbəxt reys” və “Buz üstdə karandaş” filmlərinə çəkir. Bundan sonra istedadını görən rejissorlar Leonovu filmlərinə dəvət edirlər.[1]
Yevgeni 1957-ci ildə Sverdlovsk şəhərində qastrolda olarkən gələcək həyat yoldaşı Vanda ilə tanış olur. Qastroldan qayıdandan sonra Vandaya zəng edərək onu Moskvaya qonaq dəvət edir. Vandanın valideynləri qızlarının aktyora ərə getməsini istəməsələr də, sonda bu evliliyə razılıq verirlər. 1957-ci ildə onlar ailə qururlar. 1959-cu ildə Andrey adında oğlanları dünyaya gəlir.[1]
1961-ci ildə rejissor Vladimir Fetinin “Zolaqlıların səfəri” filmində bufetçi Şuleykin rolu ilə onun sənət ulduzu parlayır. Film 1973-cü ildə Kəlküttədə (Hindistan) beynəlxalq uşaq filmləri festivalında “Gümüş mükafat” qazanır. Üç ildən sonra Vladimir Fetinin aktyoru “Don povesti” filminə dəvət edir. Burada o, Yakov Şibalok rolunu oynayır. Əvvəlcə rol ona çətin gəlsə də, sonradan öhdəsindən layiqincə gəlir. Ekran əsəri Hindistanda, həmçinin Kiyevdə ümumittifaq kinofestivalında mükafatlara layiq görülür.[1]
1969-cu ildə Yevgeni Leonov məşhur rejissor Eldar Ryazanovun “Uğur ziqzaqı” filmində Oreşnikov roluna çəkilir. Filmlərə çəkilməklə yanaşı, cizgi filmlərinin səsləndirilməsində də yaxından iştirak edir. Əsasən də “Vinni-Pux” cizgi filmində məşhur personajı səsləndirməsi onun vizit kartı olur. 1970-ci ildə rejissor Andrey Simirnovun “Belarus vağzalı” filmində İvan Prixodko roluna çəkilir. Lakin bu film senzuradan keçmir. Elə həmin ildə də V.Mayakovski teatrının müdiriyyəti ilə mübahisələri olduğuna görə oranı tərk edir. “Belarus vağzalı” iki il rəfdə qaldıqdan sonra Karlovı Varı festivalında mükafat qazanır və filmin ekranlarda göstərilməsinə icazə verilir.[1]
Aktyor 1971-ci ildə “Uğur centlmenləri”ində Troşkin, 1977-ci ildə “Mimino”da İvan Voloxov, 1979-cu ildə “Payız marafonu”nda çilingər Xaritonov obrazları ilə bir daha tamaşaçı sevgisi qazanır. 1979-cu ildə SSRİ-də “Ən yaxşı kişi aktyoru” adını qazanır.[1]
1988-ci ildə Yevgeni Leonov Almaniyada qastrolda olarkən infarkt keçirərək 16 saat komada qalır. Əməliyyatdan 4 ay sonra yenidən fəaliyyətə başlayan aktyor filmlərə dəvət alır, reklam çarxlarına çəkilir. Kinoda sonuncu işi “Amerkalı baba” filmində Qoqolev rolu olur. Milyonların sevimli aktyoru 1994-cü il yanvarın 29-da 67 yaşında vəfat edib.[1]
Filmoqrafiya
redaktə- Otuz üç (film, 1965) / Тридцать три
- Qar kraliçası (film, 1966) / Снежная королева
- Qəm yemə! (1969) / Не горюй!
- Mimino (film, 1977) / მიმინო
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 Səbinə Əlibalaqızı. Milyonların sevimlisi[ölü keçid] medeniyyet.az, 19.09.2014 (az.)
- ↑ "Евгений Леонов". Легенды. Официальный сайт театра «Ленком». 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-14.