Qarakənd faciəsi
Qarakənd faciəsi və ya 20 noyabr faciəsi — 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsi. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 radələrində vurulub.[1] Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi.[2] Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.[2]
Qarakənd faciəsi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Tarix |
|
Qəza səbəbi | Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulub |
Yer | Qarakəndin üç kilometr yaxınlığı |
Sərnişin sayı | 22 |
Ölü sayı | 22 |
Helikopter | |
Helikopter modeli | Mİ-8 helikopteri |
Havayolu şirkəti | Aeroflot |
Qalxma yeri | Ağdam |
İstiqamət | Xocavənd |
Uçuş nömrəsi | N72 |
Tarix
redaktə1991-ci il noyabrın 7-də Bakıda Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan həmsədrlərinin görüşü keçirildi.[3] Görüşün səbəbi Qarabağ müharibəsi və hansı xalqın (Azərbaycan türkləri və ya ermənilər) sıxışdırıldığı məlum edilməsi idi.[3] Bu səbəbdən də həmsədrlər razılaşdılar ki, hadisələri öz gözləri ilə görsünlər və Xankəndiyə getsinlər.[3]
1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vurur və Azərbaycan Respublikasının Dağlıq Qarabağ rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirsin çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulur.[4] Bu telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur.[4] Siyahıya Viktor Polyaniçko rəhbərlik etməli idi. Nümayəndələr, ancaq güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər orqanlarından ibarət olmalıydı.[4]
Rayon komendantı Nikolay Jinkinin müavini, polkovnik Vladimir Kuşnarikin 1991-ci il noyabrın 18-də tərtib etdiyi və Bakı ilə razılaşdırılmış siyahısına "Aşanak" kolxozunun Heyvandarlıq Birliyinin sədri Emil Balayan, Vladimir Kuşnarikin özü, beynəlxalq erməni diasporu (əsasən Fransa və Kaliforniya erməni kilsələri) tərəfindən maliyyələşdirilən "Krunk" təşkilatının Dağlıq Qarabağdakı ideoloqlarından Oleq Yeseyan, "Yevkrapa" cəmiyyətinin maliyyə məsələlərinə baxan, onun Livan erməni diasporu ilə əlaqələndiricisi Leonard Petrosyan, zabit Tatavis Baqramyan və bir də qərara alınmışdı ki, Azərbaycan Xalq Cəbhəsinin Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Xocalı, Əsgəran rayon şöbələrinin liderləri və onların Bakı nümayəndəsi daxil olsun.[1] Məşvərət lentə alınmalı və respublika televiziyasının "Günün ekranı" xəbərlər proqramında göstərilməli idi.[1] Saat 13:40 dəqiqədə Ağdam hava limanına verilən xəbərdən sonra bu adamlar helikopterə minmirlər.[1]
Rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun hökmən iştirakını xahiş edir. Bu xahişi isə məhz polkovnik Georgi Septa çatdırır. 1991-ci il noyabrın 19-u saat 19.05-də siyahı tərtib olunur. İlkin siyahı Tofiq İsmayılovun rəhbərliyilə müzakirə edilir. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıdan çıxarılır. Onların yerinə güc nazirliklərinin, qoşun birləşmələrinin rütbəli məmurları salınır. Siyahıya Viktor Polyaniçkonun başçılıq etməsi qüvvədə qalır.[4]
Ancaq 1991-ci il noyabrın 19-da gecədən xeyli keçmiş siyahı təzələnir. Viktor Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıya daxil edilir. Tofiq İsmayılov tərtib olunmuş siyahıya başçılıq etməli, Ağdamda Təhlükəsizlik Şurasının səyyar iclası keçirməliydi. Yeni siyahını Ayaz Mütəllibov 1991-ci il noyabrın 19-u, saat 23:00-da təsdiqləyir. Siyahıdakıların bəzilərinə hazırlıq üçün telefon zəngləri olunur. Dağlıq Qarabağa gedəcək adamların siyahısı DQ rəhbərliyinə, Ağdam hava limanına, hərbi komendanta və Moskvaya göndərilir. Qrupun Dağlıq Qarabağ ərazisindəki fəaliyyətinə isə üçlük nəzarət edir — Dağlıq Qarabağ təhlükəsizlik rəisi, polkovnik Georgi Septa, hərbi komendantın müavini, polkovnik Vladimir Kuşnarik və Xocavənd milis rəisi, polkovnik Oleq Osenov.[4]
Qəza
redaktə1991-ci il noyabrın 20-də saat 12.57-də Ağdam uçuş zolağındakı Mİ-8 tipli iki helikopterin 69 və 72 nömrəli yanacaq bakları doldurulur.[4] Mİ-8 N69 helikopteri əsas helikopter olmalı, onu iki nəfər — 1981-ci ildə Əfqanıstan döyüşlərində iştirak etmiş kapitan Lantev Mamontov və kapitan Pyotr Babuşkin idarə etməliydi.[4] İkinci helikopter — Mİ-8 N72 isə birincini müşayiət etməli idi.[4] Amma ikinci helikopter müşayiət olunmadan, yəni təhlükəsizliyi təmin edilmədən 13.48-də birincinin yerinə havaya qalxır.[4]
Bəzi araşdırmalarda göstərilir ki, 1991-ci ilin noyabrın 20-də helikopteri idarə edən 26 saylı Mİ-8 helikopterini idarə edən kapitan Gennadi Domov adlı pilot 1984-cü il martın 26-da Əfqanıstanda Cəlalabadın "İslam cəmiyyəti"-nin Mömin Camalxanın dəstəsi tərəfindən idarə etdiyi Mİ-8 helikopteri ilə birgə vurularaq öldürülüb.[1][5]
Həmin ərəfədə Gülablı və Yenikənd istiqamətlərində hərbi maşınlarda qurulmuş (M-16–26 və MS-22–22 nömrəli) və Ağdam, Xocalı hava limanlarının uçuş və enmə zolaqlarını nəzarətə götürən radarlar vasitəsilə saat 14:05-də Ağdamdan Qarakənd istiqamətinə uçan Mİ-8 N72 helikopterin rabitə əlaqələri kəsilir. Qırılmış rabitə ilə bağlı ilkin məlumatlar Xocavənd istiqamətində ötürülür, lakin törədilən faciə haqqında ilkin məlumat təqribən altı saatdan sonra verilir. Ağdam, Xankəndi və Xocavənd hərbi birləşmələrinin komandanlığı susurdu.[1]
Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatıb, lakin bu faciə haqqında xəbər Xankəndidən erməni dilində yayımlanan "Vətən və vətəndaş" verilişinin xəbərlər bölümündə, saat 15:30-da yayımlanmışdı.[1] Həmin gün Yerevan radiosu saat 16:15-də həmin xəbərin "qəza" kimi şərhini verdi.[1] Saat 16:40-da Tehran radiosu, 17:00-da Moskva radiosu açıqladı.[1]
Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi.[2][6] Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.[2]
İlkin olaraq Azərbaycanın nümayəndə heyətinin məlumatına görə, cəsədlərdən 12-si tam şəkildə tanınırdı, 3-cü qismən tanınırdı, qalanlarının şəxsiyyəti isə ekspertiza nəticəsində müəyyən edildi.[7] İsmət Qayıbovun oğlu İsmayıl Qayıbovun sözlərinə görə, ilk və son dəfə onun atası ailə üzvlərinə vida etməmişdi.[8] İsmət Qayıbovun geyindiyi pencəyin cibində isə Ömər Xəyyamın rübaisi var idi:
Из допущенных в рай и низвергнутых в ад
Никогда и никто не вернулся назад.
Грешен ты или свят, беден или богат,
Уходя, не надейся и ты на возврат.
Qəzanın səbəbləri
redaktəRusiyanın İTAR-TASS agentliyindən DQMV-nin komandirin xüsusi sahəsi istinadına görə, helikopter dumanlı havada qayalara çırpılmışdı.[9] 1991-ci ildə The New York Times-da nəşr olunan məqalədə qeyd olunur ki, helikopter heyətinin üzvü Sovet televeziyasına "biz heç nə görmürük" və "buludlar qatıdı" olduğunu deyib.[10] Lakin istintaq zamanı, helikopterdə raket partlayışına müvafiq gövdə deşikləri aşkar olunmuşdu.[11]
Həlak olanların siyahısı
redaktəHəlak olanların dəfni 1991-ci ildə noyabrın 22-də Bakıda keçirilib.[9][12]
Sıra nömrəsi | Ad | Məlumat |
---|---|---|
1 | Tofiq İsmayılov | Azərbaycan Respublikasının Dövlət katibi |
2 | İsmət Qayıbov | Azərbaycan Respublikasının Baş prokuroru |
3 | Məhəmməd Əsədov | Azərbaycan Respublikasının müdafiə və dövlət təhlükəsizliyi məsələləri üzrə Dövlət müşaviri |
4 | Vaqif Cəfərov | Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili |
5 | Vəli Məmmədov | Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili |
6 | Zülfü Hacıyev | Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili |
7 | Osman Mirzəyev | Azərbaycan Respublikasının Prezident Administrasiyasında şöbə müdiri |
8 | Alı Mustafayev | Telejurnalist |
9 | İqor Plaviski | Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru |
10 | Saylau Serikov | Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini |
11 | Fəxrəddin Şahbazov | Video-operator |
12 | Arif Hüseynzadə | AzTV-nin işıqçısı |
13 | Rafiq Məmmədov | Azərbaycan Respublikası Dövlət katibinin köməkçisi |
14 | Sergey İvanov | Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik şöbəsinin rəisi |
15 | Nikolay Jinkin | Fövqəladə vəziyyət rayonunun komendantı |
16 | Mixail Lukaşov | Milis general-mayoru |
17 | Oleq Koçerev | polkovnik-leytenant |
18 | Vladimir Kovalyov | Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəisi |
19 | Qurban Namazəliyev | Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı nazirinin 1-ci müavini |
20 | Vyaçeslav Kotov | Helikopter heyətinin komandiri |
21 | Gennadiy Domov | Helikopter heyətinin üzvü |
22 | Dmitri Yarovenko | Helikopter heyətinin üzvü |
Reaksiyalar
redaktəHelikopterin vurulmasından sonra Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi hadisəni terror aktı və diversiya adlandırmışdı.[13][14] Qarakənd faciəsindən sonra Bakıda Azərbaycan SSR Ali Soveti və Ayaz Mütəllibova qarşı Qarabağda asayişi bərpa və ya istefa şərti ilə kütləvi mitinqlər baş vermişdi.[15]
2013-cü ildə ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki Qarakənd faciəsini Dağlıq Qarabağ münaqişəsini həll etmək səylərini geriyə atdığını qeyd etmişdi.[16]
Araşdırma
redaktəQarakənd faciəsi ilə bağlı bu günədək müxtəlif versiyalar səsləndirilir.[2] Bəzi mənbələrə görə, Qarakənd faciəsi Rusiyanın törətdiyi təxribat idi.[17] Diplomat Vəfa Quluzadənin sözlərinə görə, Qarakənd faciəsində Ayaz Mütəllibovun rolu olub və faciə nəticəsində Azərbaycan müqavimət qabiliyyətini itirdi.[18]
Xankəndidəki rus qarnizonunun hərbi prokuroru İ. Lazutkin 248-ci maddə ilə (RF CM) ("Uçuşun düzgün idarə olunmaması və insan tələfatı") cinayət işi açdı. İ. Lazutkin ilkin istintaq materiallarını düzgün tərtib etmədiyindən heç nə anlamaq olmurdu. 1991-ci il noyabrın 24-də İrəvan televiziyasının xəbərlər proqramına müsahibə verən prokuror Lazutkin iddia edir ki, həlak olan azərbaycanlılara ilkin yardımı "ermənilər göstərib". Polkovnik bu terror aktını adi bir qəza kimi soyuqqanlıqla şərh edirdi. Lazutkin helikopterin "qara qutusu"-nu da əlinə keçirib, ona toxunmağı qadağan etmişdi. Onun sözlərinə görə, qara qutu "istidən", "yanğından" və "partlayışdan" sıradan çıxıb və əriyib. Bəzi araşdırmalara görə, Mİ-8 N72 hərbi helikopterinə ABŞ istehsalı olan Barret M81A1 və Barret M82-A1 silahından atəş açılıb.[1] "Time" jurnalının 2009-cu il 20 iyul sayında "Qara qutular və qısa tarix" məqaləsində Mİ-8 N72 helikopterlərində olan qara qutuların yanma ehtimalının 0-a bərabər olduğu qeyd edilib.[7]
1991-ci ildə Füzuli və Xocavənd rayonlarının hərbi komendantı olmuş general-leytenant Aleksandr Volox 1991-ci il, noyabrın 20-də Xocavənd rayonunun Qarakənd faciəsinə münasibət bildirərkən qeyd etmişdi ki, əgər onun ezamiyyət müddətini artırsaydılar, Qarakənd səmasında vurulan helikopterdə o da olacaqdı.[19] Həmin ildə Azərbaycan Respublika Prokurorluğunun istintaq idarəsinin rəisi Adil Ağayev qeyd edirdi:
Kimsə helikopterə avtomat silahdan atəş açmışdı və helikopter zədələnmişdi. Atəş zamanı helikopter idarə edən pilot iki güllə yarası almışdı. Pilot aldığı güllə yarası nəticəsində helikopteri idarə edə bilməmiş, yerə düşərək partlamışdı.[20] |
Jurnalist Salman Alıoğlunun sözlərinə görə, Mərzilini keçəndə hərbçilər jurnalistləri saxladılar və o əraziyə bir sutka heç kəsi buraxmadılar.[21] Alıoğluya görə, jurnalistlər əraziyə gedəndə ruslar və ermənilər ərazidə ciddi təmizləmə işi aparmışdılar.[21] Onun fikrincə, helikopter yerə düşmüş və onlar helikopteri yerdə yandırmışdılar:[21]
Helikopterdən təxminən 500-600 metr məsafədə nazir müavini Qurban Namazəliyevin cəsədi vardı. 700-800 metrlikdə Osman Mirzəyevin cəsədi vardı. Mən o vaxt dediyim versiyada qalıram ki, onlar helikopteri endirəndə içindəkilər sağ olublar.[21] |
Alıoğlunun sözlərinə görə, səfərdən əvvəl İsmət Qayıbov və Məhəmməd Əsədov kürk geyinmişdi və onların kürkünün altında İsrail istehsalı olan avtomatları var idi.[21] Jurnalistin fikrincə, helikopterin içində atışma olub.[21] Alıoğluya görə, meyitləri tabutlara yerləşdirəndə helikopterdə olanlarla, tabutda olanların sayı düz gəlmirdi və təxminən üç-dörd cəsəd yox idi.[21]
2010-cu il noyabrın 20-də Qarakənd faciəsi cinayət işi üzrə istintaq dayandırılıb.[2] Səbəb hadisənin baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasıdır.[2][22] Cinayəti törədən şəxsləri müəyyənləşdirmək mümkün olmayıb.[2]
2016-cı ildə Qarakənd faciəsində həlak olan jurnalist Osman Mirzəyevin qızı, Sevinc Osmanqızı Azərbaycan Ali Soveti sədrinin o dövrdəki müavini və istintaq komissiyasının sədri Tamerlan Qarayevi ittiham edib:
O vaxt belə bir versiya var idi ki, faciədə azərbaycanlıların yerli özünümüdafiə dəstəsinə rəhbərlik edən səhra komandiri "Qatır Məmməd"-in (Yaqub Rzayev) əli olub. "Qatır Məmməd" həbsxanada ifadə verib ki, helikopteri vurmağı bizə Tamerlan Qarayev tapşırıb və deyib ki, içərisində gələn ermənilərdir. Sonra "Qatır Məmməd" həbsxanada müəmmalı şəkildə öldü. Onun bu etirafından sonra Tamerlan Qarayev ən azı şübhəli qismində dindirilməli idi. Bu, baş vermədi...[23] |
Sevinc Osmanqızı hesab edir ki, istintaq və parlament təhqiqat komissiyasının işlərindən mühüm dəlillərin yoxa çıxması, ikinci helikopterin uçduğunu, yanan Mİ-8-ə yaxınlaşan maşın karvanını görən azərbaycanlı çobanın ifadəsinin silinməsi — bütün bunlar müstəqilliyini təzəcə qazanmış Azərbaycana qarşı yaxşı hazırlanmış terror aktının tərkib hissələridir.[24]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Novruzoğlu, Rövşən. GENOSID......ECOCID. Bakı: «Adiloğlu» nəşriyyatı. 2005. 544. (#accessdate_missing_url)
- ↑ 1 2 3 4 5 6 7 8 "20 Noyabr, 1991-ci il "Qarakənd faciəsi" kimi əbədi xatirələrdə qaldı". azl.abna24.com. azl.abna24.com. 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2016.
- ↑ 1 2 3 "Qarakənd faciəsi - Erməni dəhşətləri". karabakhmedia.az. karabakhmedia.az. 2018-01-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2016.
- ↑ 1 2 3 4 5 6 7 8 9 Şirinova, Arzu. "Qarakənd düyünü". anl.az. anl.az. Archived from the original on 2022-03-25. İstifadə tarixi: 17 iyul 2016.
- ↑ Özbəkistan, Daşkənd Hərbi Dairəsi. Əfqanıstan-İran istiqamətindən polkovnik V. İ. Qurinin 1984-cü il dekabrın 12-də Moskvaya, MN BQ-a ünvanladığı 216/051 saylı məktubundan
- ↑ Makili-Aliyev, Kamal. "Enforcement of International Law in the Nagorno-Karabakh Conflict". lup.lub.lu.se. lup.lub.lu.se. səh. 12. Archived from the original on 2021-05-01. İstifadə tarixi: 17 iyul 2016.
- ↑ 1 2 Əliyev, Zaur. "Qarakənd faciəsi unudulmamalıdır". karabakhinfo.com. karabakhinfo.com. 2017-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2016.
- ↑ 1 2 Батыев, Бахрам. "«ОТЕЦ ВООДУШЕВЛЕННО СКАЗАЛ: «ВЧЕРА МЫ ОЧИСТИЛИ ОТ БОЕВИКОВ ЧАЙКЕНД...!»". vesti.az (rus). vesti.az. 2017-04-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2016.
- ↑ 1 2 "Издательский дом «Коммерсантъ». Журнал «Власть», № 45 (89) от 25.11.1991. В Азербайджане сбит вертолет с VIP на борту". 2009-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-17.
- ↑ "Soviet Air Crash Kills 20 on Peace Mission". www.nytimes.com. The New York Times. Archived from the original on 2018-01-22. İstifadə tarixi: 17 iyul 2016.
- ↑ Croissant, Michael P. The Armenia-Azerbaijan conflict: causes and implications. Westport, CT: Praeger Publishers. 1998. səh. 45. ISBN 0-275-96241-5. (#accessdate_missing_url)
- ↑ "Azerbaijanis Mourn Victims Of Copter Crash in Enclave". www.nytimes.com. The New York Times. Archived from the original on 2018-01-22. İstifadə tarixi: 17 iyul 2016.
- ↑ Kuznetsov, Oleq. "First Terrorist War: A Look from Russia (Transnational Armenian Terrorism and Nagorno-Karabakh Conflict of 1988-1994)" (PDF). İrs. 2 (21). 2015: 54–63. 2021-07-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyul 2016.
- ↑ Белых, В. "Ошибка пилота или диверсия?" (rus). İzvestiya. 22 noyabr 1991. Archived from the original on 2022-03-28. İstifadə tarixi: 17 iyul 2016.
- ↑ Qlebov, Roman. "В Азербайджане сбит вертолет с VIP на борту". www.kommersant.ru. Kommersant. Archived from the original on 2022-09-24. İstifadə tarixi: 17 iyul 2016.
- ↑ "ABŞ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini açıqladı". www.anspress.com. www.anspress.com. Archived from the original on 2018-01-22. İstifadə tarixi: 17 iyul 2016.
- ↑ "Qarakənd faciəsi Azərbaycanın bel sütununu qırdı". karabakhinfo.com. karabakhinfo.com. Archived from the original on 2022-11-08. İstifadə tarixi: 17 iyul 2016.
- ↑ Osmanqızı, Sevinc. "Sülh missiyası 2". www.youtube.com. ANS. Archived from the original on 2022-03-28. İstifadə tarixi: 17 iyul 2016.
- ↑ Dəniz, Ramiz. Həqiqət (PDF). Bakı: “MM-S” müəssisəsi. 2014. səh. 41. ISBN – 978-9952-8230-9-7. Archived from the original on 2018-01-22. İstifadə tarixi: 17 iyul 2016.
- ↑ "Helikopter faciəsi - 24 il". www.anspress.com. www.anspress.com. Archived from the original on 2018-01-22. İstifadə tarixi: 17 iyul 2016.
- ↑ 1 2 3 4 5 6 7 "Əcələ qaçan deputat və ya İsmət Qayıbovun sonuncu yemək sifarişi". kulis.lent.az. kulis.lent.az. 2018-01-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2016.
- ↑ "Helikopter Terörü Soruşturması Kapandı". www.zeynebiye.com. www.zeynebiye.com. 2018-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2016.
- ↑ "Qarakənd faciəsi ilə bağlı yeni iddia". xitab.az. xitab.az. 17 iyul 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2016.
- ↑ ""Qarakənd faciəsi"ni də ədalət anı gözləyir!" - Sevinc Osmanqızı yazır". koordinat.az. koordinat.az. Archived from the original on 2022-03-28. İstifadə tarixi: 17 iyul 2016.
Xarici keçidlər
redaktə- Tural Həsənqarayev. Qarakənd: faciəyə gedən yol. (1-ci hissə) (2-ci hissə)
- Ən Yeni Tarix Qarakənd faciəsi 2001 (ANS)
- Qarabağ Döyüşləri 20 Noyabr FACIƏSI
- Ayaz Mütəllibovdan Hacı Əbdülün dediklərinə REAKSİYA: "Qarakənddə helikopteri Qatır Məmmədin vurmasını iddia etmək…"
- Hacı Əbdüllə hadisə kimi müsahibə: "Tamerlan Qarayev Qatır Məmmədə demişdi…"
- ""Qatır Məmməd"-in etirafından sonra Tamerlan Qarayev dindirilməli idi"
- Qarakənd faciəsinin gizli məqamları: Əslində nə baş vermişdi? — Şahidlər danışır Arxivləşdirilib 2021-01-20 at the Wayback Machine