Qantəmir Qafur
Qantəmir Qafur (tam adı: Qafur Sədrəddin oğlu Əfəndiyev; 22 may 1888, Potu, Göyçay qəzası – 28 yanvar 1944, Cizak vilayəti) — Azərbaycan görkəmli maarif xadimi, pedaqoq, yazıçı. İstanbul Darülfununun tarix-ədəbiyyat fakültəsini (1914)[1], Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsini (1929) bitirmişdir.
Qantəmir | |
---|---|
Qafur Sədrəddin oğlu Əfəndiyev | |
Doğum tarixi | 22 may 1888 |
Doğum yeri | |
Vəfat tarixi | 28 yanvar 1944 (55 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | şair, yazıçı, müəllim |
Həyatı
redaktə1888-ci ildə Göyçay mahalının Potu kəndində anadan olub. Deyilənə görə, Qafurun atası Sədrəddin Əfəndi mədrəsə müəllimi olsa da, dövrünün tanınmış ziyalılarından sayılıb. Hətta Sədi Salis təxəllüsü ilə şeirlər də yazardı. Qafur da elə ilk təhsilini məhz atasının müəllim işlədiyi mədrəsədə alıb. Uşaqlıq illərindən klassik şairləri, xüsusilə də Şərq ədəbiyyatını müntəzəm mütaliə edər, sənətə, elmə xüsusi maraq göstərərdi. Şair təbiətli Sədrəddin kişi oğlunun qabiliyyətindən xəbərdar olduğundan onu mükəmməl oxutmaq arzusunda idi. Bu səbəbdən də Qafur 1905-ci ildə Göyçaya gələrək o dövrün açıqfikirli, dünyagörüşlü, tanınmış ziyalılarından olan İbrahim Həqqinin yeni üsulda açdığı məktəbdə oxuyub.
Qantəmir 1908-ci ildə Göyçayda pedaqoji fəaliyyətə başlamışdır. 1915-ci ildə fəaliyyətini şəhərdə yeni açılan "İqbal" məktəbində davam etdirmişdir. 1916-cı ildə "Nəşri-maarif" cəmiyyətinin Qubada açdığı məktəbə müdir vəzifəsinə dəvət olunmuşdur. Müəllim işlədiyi dövrdə Abbas Səhhətlə, Mirzə Ələkbər Sabirlə olan görüşləri bu istedadlı gəncin bir qələm sahibi kimi inkişafında öz sözünü deyib. Uzun müddət Sabirin şeirlərinin təsirindən çıxa bilməyib. Qantəmirin əsərlərini oxuduqca hekayələrində məhz Sabir ruhunun təsirini aydın duymaq olur. Doğrudur, Qantəmir əsasən şeir yox, hekayə yazırdı, sadəcə fərq bundan ibarət idi. Sabir öz şeirlərində millətinin maariflənməsini, ayıq olmasını nə qədər çox istəyirdisə, eləcə də qansızları, millət düşmənlərini, çar məmurlarını satira atəşinə tuturdusa, Qantəmir də hekayələrində bu ideyanı özünəməxsus şəkildə qabardırdı.
Maraqlıdır ki, Qafur Əfəndiyev 1911-ci ildə təhsilini davam etdirmək məqsədilə Türkiyəyə gedərək İstanbul Universitetinin tarix-filologiya fakültəsinə daxil olub. Türkiyə mühiti gəncin həyatında xüsusi bir mərhələ təşkil edib. O, burada da yaradıcılıqla məşğul olur, kiçik hekayələr yazırdı. Yəqin ki, elə Qantəmir imzasını da Türkiyə mühitində yaşayarkən götürüb. Hüseyn Caviddən sonra Azərbaycan ədəbiyyatına, mühitinə İstanbul ruzigarı gətirənlərdən biri də məhz unudulmaz və sevimli yazıçımız Qantəmir olub. Gəncliyində yazdığı bir-iki şeiri nəzərə almasaq, bu yazıçı ədəbiyyatımızda əsasən satirik hekayələr müəllifi kimi öz adını əbədi həkk etdirib.
Sonralar sorağı Qubadan gələn Qantəmir bir müddət bu bölgədə yeni tipli məktəblərin təşkilində və fəaliyyətində fədakarlıqla çalışıb. Gah müəllim, gah da məktəb direktoru kimi ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr edən Qantəmir xalqın savadlanması üçün böyük zəhmət çəkib. Bioqrafiyasından məlum olur ki, ömrünün sonuna kimi də orta və ali məktəblərdə müxtəlif fənlərdən dərs deyib. Bakı Ali Pedaqoji İnstitutu nəzdində fəaliyyət göstərən "Şaiq" məktəbinə rəhbərlik edib.
Bir maraqlı faktla da üzləşdik ki, aldığı müfəssəl təhsillə heç zaman kifayətlənməyən Qantəmir 1924-cü ildən müəllimlikdən ayrılmadan Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olub. Müəllim, yazıçı olan Qantəmir diş həkimi kimi də həmvətənlərinə xidmət göstərib. Bütün fəaliyyəti müddətində əsl vətəndaş yanğısı ilə xalqın maariflənməsinə çalışan Qantəmir həm də millətin mənəvi və fiziki sağlamlığı yolunda da öz töhfəsini əsirgəməyib.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da xalq maarifi sahəsində işləmiş, Göyçayda müəllim hazırlamaq üçün qısamüddətli pedaqoji kurslar təşkil etmişdir. Sonralar Bakıda Ali Pedaqoji institutun nəzdində təşkil edilmiş Abdulla Şaiq adına ikinci dərəcəli nümunə məktəbində direktor vəzifəsində çalışmış, 1937-ci ildə Ağsu rayonuna köçüb diş həkimi işləmiş, 1939-cu ildə həbs olunaraq, Orta Asiyaya sürgün edilmişdir.
Sağlığında bir neçə kitabı işıq üzü görən Qantəmir ölkəni bürümüş repressiyalardan çəkdiyi mənəvi əzablar nəticəsində 1944-cü ildə 56 yaşında dünyasını dəyişib.[2]
Əsərləri
redaktəYazıçı "Buğda quyusu", "Sara bibi", "Hacı Qambay", "Vəsiyyət" və digər satirik hekayələrində ictimai tərəqqiyə qadın azadlıqlarına mane olanları din xadimlərini kəskin tənqid etmişdir.
O, "qisas alındı", "Nisa xala", "Zeynəb Tükəzbanova", "Kiçik Volodiya" və digər əsərlərində inkişafı, tərəqqini tərənnüm etmişdi. Qantəmir Qafur Azərbaycanda satirik nəsrin inkişafında mühüm rol oynamışdı. Onun əsərləri 1964, 1972-ci illərdə Bakıda nəşr olunnuş, həyat və yaradıcıllığına aid məqalələr yazılmış mətbuatda dərc edilmişdi.
- Seçilmiş hekayələr, B., 1964.
- "Ağıl dəryası" 1930-cı ildə
- "Şarlatan" 1934-ci ildə
- "Kolxozstan" 1935-ci ildə
Mənbə
redaktəƏdəbiyyat
redaktə- Abdullayev A., Qantəmirin həyatı və yaradıcılığı. Filologiya elmləri namizədi diss. avtoreferatı, B., 1964;
- Azərbaycan sovet ədəbiyyatı tarixi, 2 cilddə, c.l, B., 1967.
İstinadlar
redaktə- ↑ "Ali təhsil tariximizdən". 1 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Fevral 2012.
- ↑ "Arxivlənmiş surət". 2012-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-20.