On səkkizincı sülalə (Misir)
XVIII sülalə( e.ə 1550-1292) - yeni padşahlıq dövründə Qədim Misirdə hakimiyyətdə olmuş ilk sülalə[1][2]. Sülalə bəzən Tutmoslar xanədanı da adlanır. XIII sülalənin fironluğu zamanı Qədim Misir yüksək inkişaf mərhələsinə çatmışdır.
Ümumi məlumat
redaktəI Ahmos və I Amenhotepin hakimiyyəti dövrü
redaktəXVIII sülalənin banisi I Ahmos XVII sülalənin son hökmdarı Kamosun qardaşı idi. I Ahmos Kamosun yadelli hiksoslara qarşı müharibəni davam etdirdi və onları Nil deltasından qova bildi. I Ahmosun hakimiyyətə gəlməsi ilə ikinci aralıq dövr başa çatdı və yeni padşahlıq dövrü başladı. I Ahmosdan sonra taxta oğlu I Amenhotep çıxdı[3]. I Amenhotep tarixdə Nubiyaya hücumu və liviyalılarla qarşı hərbi yürüşləri ilə yadda qalmışdır. I Amenhotep Fələstinə də hücumlar təşkil etmişdir. Ancaq bu barədə məlumat çox azdır. I Ahmos və I Amenhotepin yürüşləri nəticəsində Misir orta padşahlıq dövründə əldə etdiyi ərazilərə yenidən qovuşdu. İki hökmdar birlikdə təqribi olaraq 46 il hökmdarlıq etmişlər.
I Amenhotepin uşağı yox idi. Buna görə firon hələ sağlığında yaxın qohumu I Tutmosu öz vəliəhdi elan etmişdi. I Tutmosla I Amenhotep arasında hansı qohumluq əlaqəsinin olduğu bilinmir. Birincinin mumyasının üzərində aparılan yoxlamalar onun vəfat edərkən 60-a yaxın yaşı olduğunu deməyə imkan verir. Manefona görə I Tutmos 13 il hökmdarlıq edib. Belə çıxır ki, I Tutmosun taxta çıxarkən təxminən 47 yaşı vardı. Deməli o I Amenhotepin hansısa qohumunun oğlu ola bilməzdi. Bəzi tədqiqatçılar I Tutmosun nikah you ilə sonradan firon nəslinə qoşulduğunu qeyd edirlər.
I və II Tutmosun hakimiyyəti dövrü
redaktəI Tutmos taxta çıxan kimi Nubiyada üsyan qalxdı. Belə olan halda I Tutmos şəxsən özünün rəhbərlik etdyi ordu ilə Nilin yuxark axarlarına doğru yürüşə başlayır. İlk olaraq üsyançı nubiyalılar məğlub edildi. Bu qələbə firona öz təsirini bu ərazilərdə yaşayan digər qəbilələrə yaymağa imkan verdi. Bu uğurun şərəfinə Tombos adasındakı qalada fironun qələbəsindən bəhs edilən pilitə qoyuldu.
Nubiya yürüşündən qayıdandan sonra I Tutmos üzünü şimal torpaqlarına tutdu. Misir ordusu Tir, Sidon və Levantdan keçərək Fərat çayı sahillərinə qədər irəlilədi. Mitanni çarı məğlub edildi. Məlumatın azlığına baxmayaraq bu yürüşün də əvvəlki kimi qələbə bitdiyini deyə bilərik. Firon Misirə böyük qənimətlə qayıtdı. I Tutmosun ölümündən sonra taxta oğlu II Tutmos çıxdı.
İyirmili yaşlarındakı II Tutmos I Tutmosun həyatda olan ən böyük övladı olmasına baxmayaraq vəliəhd sayılmırdı. Beləki onun anası Mutnofret fironun ikinci dərəcəli həyat yoldaşı idi. I Tutmosun əsas həyat yoldaşı çariça Ahmosdan Hatşepsut adlı bir qızı vardı. Hatşepsut II Tutmosdan təxminən 5-6 yaş kiçik idi. II Tutmosu taxtın öncül varisi etmək üçün ögey bacısı Hatşepsutla evləndirirlər. Hatşepsuta aid yazılardan əldə edilən məlumata görə I Tutmos belə bir izdivaca qarşı idi və ondan sonra hakimiyyətə qızının gəlməsini istəyirdi.
II Tutmos hakimiyyətə gələndən dərhal sonra Nilin yuxarı axarında yenidən üsyan qaldıran nubiyalılarla müharibə aparmalı olur. Müasir Sudan ərazisindəki Cəbəl-Barkal adlanan yerdə II Tutmosun adı həkk olunmuş fraqmentlər tapılmışdır. Bu isə Misir ərazisinin Nilin dördüncü axarına qədər genişləndiyini göstərir. Deyr əl-Bahridəki məbəddə aşkar edilən yazılarda II Tutmosun Suriya ərazilərinə yürüş etdiyindən bəhs edilir. Farafra çölündə tapılan yazıda isə II Tutmosun liviyalıları tabe etdiyi qeyd olunur. II Tutmos təqribən 40 yaşında vəfat edir. Ondan sonra hakimiyyətə oğlu III Tutmos gəlir.
Hatşepsut və III Tutmosun hakmiyyəti dövrü
redaktəII Tutmos sələfi kimi ikinci dərəcəli həyat yoldaşı İsetdən oğlu Tutmosu göstərdi. II Tutmosun qəfil ölümündən sonra taxta III Tutmos çıxdı. Yeni firon azyaşlı olduğundan II Tutmosun əsas həyat yoldaşı Hatşepsut onun regenti təyin edilir. Hatşepsut hələ II Tutmosun sağlığında çox böyük nüfuza malik idi. Misirşünaslar bəzi hallarda onun təsirinin firondan dha çox olduğunu göstərirlər. Hatşepsut cəmi 18 ay sonra Amon məbədi kahinlərinin dəstəyi ilə III Tutmosu hakimiyyətdən kənarlaşdırır və Misirin təkbaşına hökmdarına çevrilir.
Manefon və İosif Flaviyə görə Hatşepsut 21 il 9 ay hökmdarlıq etmişdir. Sekst Yuli Afrikan isə onun 22 il taxtda oturduğunu qeyd edir. Hatşepsutun hakimiyyəti Misirin çiçəklənməsi, iqtisadi və siyasiyüksəlişi dövrü kimi xarakterizə olunur[4]. Ona qurucu hökmdar da deyə bilərik. Beləki çariça II Ramzeslə yanaşı tarixdə özündən sonra ən çox tikili buraxan firondur. O nəinki yeni məbədlər tikir, həm də uzunmüddətli müharibələrdə ziyan görmüş binaları bərpa edir və böyüdürdü. Hatşepsutun hakimiyyəti dövründən günümüzə gəlib çatan ən möhtəşəm abidə fironun qəbri olan Deyr əl-Bahridəki "Ceser-ceseru" (Müqəddəslərdən müqəddəs) məbədidir.
Hatşepsutun hökmdarlığı zamanı Punt ölkəsi fironun hakimiyyətini tanıyır. Bu dövr Suriya üsyançılarına və fələstinlilərinə qarşı mübarizəni çıxmaqla sakit keçmişdir. Hatşepsut təqribən e.ə. 1458-ci ildə vəfat etdi. Ondan sonra hakimiyyətə yenidən III Tutmos gəldi[5]. III Tutmos tarixdə öz hərbi yürüşləri ilə yadda qalmışdır. Misirşünaslar onun azı 15 yürüşündən bəhs edirlər. Nubiya, Levant, Fələstin, Finikiya (Cahi), Suriya, Mesopatamiya, İran körfəzi sahilləri, Kiçik Asiya və s. əraziləri hücumlar nəticəsində Misirin bölgədə hegemoniyası böyüdü, təsir dairəsi genişləndi. Karnakdakı Amon məbədində III Tutmosun Suriyadakı uğurları haqqında yazılar əldə edilmişdir.
III Amenhotep və Exnatonun hakimiyyət dövrü
redaktəIII Amenhotep Qədim Misir tarixinin ən qüdrətli fironlarından biridir. Onun zamanında sosial-iqtisadi və mədəni yüksəlişinin əsas göstəricisi aşkar edilən çoxsaylı artefaktlardır[6]. Misirin xarici ölkələrlə əlaqəsi haqqında ilk əlyazma III Amenhotepin dövrünə aiddir. Bu yazışmaların bir qismi akkad dilində aparılmışdır. III Amenhotepin dövründə su tanrısı Sebekə həsr edilmiş çox saylı məbədlər ucaldılmışdır. Firon Babilistan çarının qızı ilə evlənərək bu ölkə ilə əlaqələri gücləndirdi. Egey dənizi adalarında tapılan predmentlər Misirin bu bölgə ilə təmasının olduğunu göstərir.
III Amenhotepdən sonra taxta onun oğlu IV Amenhotep çıxdı. Yeni hökmdar öz islahatları ilə yadda qalıb. Onun hakimiyyət periodu Amarna dövrü adlanır. IV Amenhotepin etdiyi ən böyük dəyişiklik dini görüşlə bağlı idi. O nəsillərcə davam edən Amona sitayişi dayandıraraq Aton kultunu qəbul etdi. Firon hökmdarlığının beşinci ilində adını Aton tanrısın şərəfinə Exnaton kimi dəyişdi[7]. Exnaton həmçinin Tebesdən 300 km aralıda Axetaton adlı yeni paytaxt şəhərini saldırdı.
Aton kultunun ən güclü və sərbəst inkişaf etdiyi yeganə dövr elə Exnatonun hakimiyyəti zamanı idi. Onadan sonra taxta çıxan Smenxkara və Nefernefruaton yavaş-yavaş köhnə adətləri bərpa etdilər.
Tutanhamonun hakimiyyəti və sülalənin süqutu
redaktəTutanhamon təqribən e.ə 1332-1323-cü illər aralığında hökmdarlıq etmişdir. Hakimiyyətinin ilk illərində adı Tutanxaton idi. Ancaq sonradan Amon kultunu qəbul edərək adını dəyişdirdi. Əlbəttə ki, Tutanhamonu müasir dövrdə məşhur edən onun naliyətləri yox, qəbri idi. İlgilis misirşünas və arxeoloq Hovard Karter 1922-ci ildə Hökmdarlar vadisində Tutanhamonun toxunulmamış qəbr abidəsini tapır. Fironun gənc yaşında nədən ölməsi uzun müddətdir ki, müzakirə mövzusudur və müxtəlif fikirlər söylənilir[8]. Övladsız olduğundan ondan sonra hakimiyyətə firon nəslindən olmayan sərkərdələr Eye və Horemheb gəlir. Horemhebin zamanında Amar dövrü yeni yüksəliş dövrünü keçirdi. Horemhebdən sonra taxta onun vəziri Parames gəlir. Parames I Ramzes adını götürərək Misirin yeni fironu olur. I Ramzes həm də yeni sülalənin əsasını qoydu.
Fironlar
redaktəXVIII əsr fironları 250 ilə qədər fironluq etmişlər.
Ad | Şəkil | Taxt adı | Hakimiyyət illəri |
XVII və XVIII sülalələrin nəsil ağacı
redaktə
Ədəbiyyat
redaktə- Kuhrt, Amélie (1995). The Ancient Near East: c. 3000–330 BC. London: Routledge. ISBN 9780415013536.
İstinadlar
redaktə- ↑ "Eighteenth Dynasty". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-04.
- ↑ "Eighteenth Dynasty of Egypt". 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-04.
- ↑ Aidan Dodson, Dyan Hilton: pg 122
- ↑ "Queen Hatshepsut (1500 B.C.)". nbufront.org. 21 February 2017 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Thutmose III". 2021-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-04.
- ↑ "Amenhotep III". 2021-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-04.
- ↑ "Akhenaten". 2008-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-04.
- ↑ Dodson, Aidan; Hilton, Dyan. The Complete Royal Families of Ancient Egypt. Thames & Hudson. 2010. səh. 143. ISBN 978-0-500-28857-3. 2020-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-04.