Mehdiyev Famil Ağalar oğlu (Famil Mehdi; 25 dekabr 1934, Sarıhacılı, Ağdam rayonu29 sentyabr 2003, Bakı) — Azərbaycan şairi, tənqidçi, publisist, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1974), professor (1977).

Famil Mehdi
Doğum adı Famil Mehdiyev
Doğum tarixi 25 dekabr 1934(1934-12-25)
Doğum yeri
Vəfat tarixi 29 sentyabr 2003(2003-09-29) (69 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti jurnalist, şair, ədəbiyyat tənqidçisi

Həyatı

redaktə

Famil Mehdi 1934-cü il dekabrın 25-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Əhmədvar kənd yeddiillik məktəbini bitirib Ağdam pedaqoji məktəbində təhsil almışdır. Sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir (1953–1958). Əmək fəaliyyətinə "Bakı" axşam qəzetində ədəbi işçi kimi başlamışdır (1958). ADU-nun filologiya fakültəsində aspirant (1961–1964), müəllim, baş müəllim olmuş, jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində işləmişdir (1973-cü ildən). "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Bədii yaradıcılığa 1951-ci ildə "Lenin yolu" adlı Ağdam rayon qəzetində çıxan ilk şeri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının və bəzi xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir. Fəal pedaqoji, elmi və ictimai işlə məşğul olmuşdur. "Jurnalistika məsələləri" adlı ali məktəb tələbələri üçün dərsliyin müəlliflərindən biridir. "Alovlu publisist Səməd Vurğun", "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri", "Mətbuatda publisistika", "Bədii publisistika" kimi monoqrafik kitablar və dərs vəsaitləri onun qələminin məhsuludur. Bakı şəhər Oktyabr rayonu Xalq Deputatları Sovetinin (XVII, XVIII, XIX çağırış) deputatı olmuşdur. "Oqonyok" jurnalının laureatı adına layiq görülmüşdür. SSRİ "Bilik" cəmiyyətinin ən yaxşı elmi-kütləvi əsərlərə görə diplomunu almışdır.

2003-cü il sentyabrın 29-da Bakıda vəfat etmişdir.

İctimai fəaliyyəti

redaktə

Qarabağ müharibəsinin ilk günlərindən "Nicat" cəmiyyətini yaratmış və Vətənin müdafiəsinə qalxan könüllülər arasında stimul yaratmaq məqsədi ilə cəmiyyət adından "General Məhəmməd Əsədov" mükafatı təsis etmişdir[1].

Əsərləri

redaktə
  1. Sevəndən bəri. Bakı: Uşaqgəncnəşr, 1961, 29 səh.
  2. Sadə sətirlər. Bakı: Azərnəşr, 1963, 29 səh.
  3. Mənim ulduzlarım. Bakı: Azərnəşr, 1964, 95 səh.
  4. Ünvanım dəyişir. Bakı: Azərnəşr, 1966, 78 səh.
  5. Ömürdən səhifələr, Bakı: Gənclik, 1970, 76 səh.
  6. Qarabağ şikəstəsi. Bakı: Azərnəşr, 1970, 93 səh.
  7. İllər və talelər. Bakı: Azərnəşr, 1974, 141 səh.
  8. İnsan unudulmur. Bakı: Gənclik, 1976, 195 səh.
  9. Səni gözləyirəm. Bakı: Azərnəşr, 1978, 174 səh.
  10. Anam elə bilir. Bakı: Yazıçı, 1979, 200 səh.
  11. Təbriz xalısı. Bakı: Yazıçı, 1981, 187 səh.
  12. Ömür keçir, gün keçir. Bakı: Yazıçı, 1983, 246 səh.
  13. Borc. Bakı: Gənclik, 1984, 273 səh.
  14. Əyilmə, dünyam. Bakı: Yazıçı, 1985, 170 səh.
  15. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1989, 223 səh.
  16. 50-dən sonra. Bakı: Yazıçı, 1993, 132 səh.
  17. Qarabağ faciəsi (publisistika). Bakı: Gənclik, 1995, 320 səh.

İstinadlar

redaktə
  1. "Xalqımızın böyük şairi. Təzadlar.- 2009.- 17 dekabr.- S.11". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-03.