Özbəkistan (özb. Oʻzbekiston) və ya rəsmi adı ilə Özbəkistan Respublikası (özb. O‘zbekiston Respublikasi) — Mərkəzi Asiyada dövlət. Özbəkistan Mərkəzi Asiyanın mərkəzi hissəsində yerləşir. Şimalda Qazaxıstan, şimal-şərqdə Qırğızıstan, cənub-şərqdə Tacikistan, cənubda Əfqanıstan, cənub-qərbdə isə Türkmənistanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Daşkənd şəhəri, ümumi sahəsi 448,978 kvadrat kilometr, əhalisinin sayı 35 milyon nəfərdən çoxdur. Əhalisinin sayına görə Mərkəzi Asiyada birinci yeri tutur. Özbəkistanın dənizə birbaşa çıxışı yoxdur və Lixtenşteynlə birlikdə dənizə çıxışı olmayan ölkələrlə əhatə olunmuş nadir dövlətlərdəndir. Özbəkistanda həm də Asiyanın ən böyük qızıl mədəni yerləşir.

Özbəkistan
O‘zbekiston Respublikasi
Bayraq Gerb
Bayraq Gerb
Tarixi
 • Özbəkistan SSR 27 oktyabr 1924
 • Özbəkistan Respublikası 1 sentyabr 1991
Rəsmi dilləri
Paytaxt Daşkənd
İdarəetmə forması Prezident respublikası
Prezident Şavkat Mirziyoyev[1]
Baş nazir Abdulla Oripov
Sahəsi Dünyada 56-cı
 • Ümumi 448,978 km² km²
 • Su sahəsi (%) 4.90
Əhalisi
 • Əhali 35,300,000 nəfər nəfər (44-cü)
 • Siyahıyaalma (1989) 19 810 077[4] nəf.
 • Sıxlıq 65,8 nəf./km² (136-cı)
İİİ (2007) 0.617 (artış; 102-ci)
Valyuta Özbəkistan sumu
İnternet domeni .uz
ISO kodu UZ
BOK kodu UZB
Telefon kodu +998
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][6]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Özbəkistan
Özbəkistan
Daşkənd şəhərindən görüntü
Özbəkistanda taciklər

Özbəkistan böyük bir tarixi olan qədim ölkədir. Burada sanki zaman öz "imzasını" qoyub. Ən mühüm şəhərləri Daşkənd, Nukus, Fərqanə, Səmərqənd, Buxara, Xivə, Kokand, Termez, Muynak, Şəhrisəbzdir. Ölkədə müxtəlif tarixi abidə, məscid və muzeylər var. Onların sırasında Bibixanım məscidi, Uluqbəy rəsədxanası və mədrəsəsi, Şahi Zində məqbərəsi, Əmir Teymur və onun nəslinin uyuduğu Gur-Əmir mavzoleyi, Ağ-Saray, Registan meydanının adını çəkmək olar. Təkcə Mərkəzi Asiyanın müqəddəs şəhəri adlandırılan Buxarada 140-a yaxın arxitektura abidəsi var. Səmərqənddəki Bibixanım məscidi islam aləmində və Mərkəzi Asiyada yerləşən ən böyük məscidlərdən biridir. Qədim Xivə isə müxtəlif əsr və xalqlara məxsus tarixi abidələrin məkanı olduğu üçün 1967-ci ildə, İçan-Qala isə 1990-da YUNESKO-nun Ümumdünya irsinə daxil edilib.

Özbəkistan dəmiryollarının sıxlığına görə Mərkəzi Asiyada birinci yerdədir.

  Əsas məqalə: Özbəkistan tarixi
 
Xorezm divar rəsminin bir parçası.b.e.ə 6–3-cü əsr
 
TeymurSəmərqənddə
 
Sasanilər imperiyasının ərzisi
 
Səmərqənddə Şerdor mədrəsəsi
 
Buxarada İsmayıl Səməninin məqbərəsi
 
Rus əsgərləri qala qapıları yaxınlığında

Özbəkistan Respublikası Orta Asiyada, Əfqanıstanın quzeyində yerləşən müstəqil Türk dövlətidir. Altay dil qrupuna daxil olan müxtəlif Türk tayfalarının bu ərazidə (AmudəryaSırdərya çayları arasında) məskunlaşması prosesi hələ qədim dövrlərdən başlanmışdır. E.ə 3-cü əsrdə bu əraziyə köç edən tayfalar arasında hunlar da olmuşdur. Hunlar daha sonra ərazilərini genişləndirərək cənuba və qərbə doğru hərəkət etmişlər. VIII əsrdə Ərəb xilafətinin Mavəraünnəhri (iki çay arasında Amudərya və Sırdərya çayları arasında yerləşən torpaq) işğal etməsindən sonra bu ərazi Xilafətin sosial və mədəni həyatında əsas rol oynayan regionlarından birinə çevrildi. Ərazidən keçən Böyük ipək yolu şərqlə-qərbi birləşdirir, cənubdan şimala, şimaldan cənuba gedən insanlar bu torpaqlardan keçməli olurdular. Bu bölgədə yerləşən Buxara, SəmərqəndKunya-Urgənc şəhərləri Hindistan, Çin, Misir, Bizans və slavyan ölkələrindən gələn karvan yollarının qovşağında yerləşirdilər. Xilafətin yaranması İslam dininin yayılması ilə nəticələndi. O dövrdən İslam bu regionda hökmran dinə çevrildi və buradakı mədəniyyətin əsasını təşkil etdi. 9-cu əsrin sonlarında region inkişaf etdi və paytaxtı Buxara olan Samani dövləti yarandı. Samanilər dövlətinin hökmran sülaləsi ərəb mənşəli olsa da, dövlət Türk dövləti idi. Bu dövlət 10-cu əsrin sonlarına qədər yaşadı. 10–12-ci əsrlər ərzində Xorasan və Mavəraünnəhr ərazisində Qaraxanilər, Qəznəvilər, Səlcuqlar, Xarəzmşahlar (Türk sülalələrinin hökmran olduğu Türk dövlətləri) dövlətləri mövcud olmuşdur. Ərazinin daimi müharibələrə məruz qalmasına baxmayaraq bu dövrdə mədəniyyət və elm yüksək səviyyədə inkişaf etmişdir. Siyasi cəhətdən müstəqil və muxtar dövlətlərin yaranması regionda iqtisadi və mədəni inkişafın güclənməsinə geniş imkanlar açmışdır. Bu dövr tarixdə "Şərqi İntibah Dövrü" kimi tanınır. Çünki, bu dövr İslam və Türk aləminə, Mahmud Kaşğari (XI əsrdə Orta Asiyanın ilk Türkşünas-ensiklopediyaçı alimi, coğrafiyaşünas və səyyahı), Əl Biruni (böyük ensiklopediyaçı alim, tarix, etnoqrafiya, təbiətşünaslıq, riyaziyyat, astronomiya, minerologiya və başqa elm sahələrinə aid 150-dən çox əsərin müəllifi), İbn Sina (müsəlman dünyasının ən büyük təbibi), Xoca Əhməd Yasəvi (riyaziyyatçı, coğrafiyaşünas alim) kimi ayrı-ayrı elm və sənət sahəsinə yeniliklər gətirmiş bir çox insanları bəxş etmişdir.

Bu dövrlərdə həmçinin İsmailiyyə, Sufizm kimi yeni İslami hərəkatlar da meydana çıxmışdır. Buxara, Səmərqənd, Mərv, UrgəncXivə İslam Dünyasının mərkəzi şəhərlərinə çevrilmişdir. Memarlıq və incəsənət sürətlə inkişaf edirdi. XI əsrin əvvəllərində Xarəzmşah Məmunun rəhbərliyi altında Xarəzmdə Şərq alimlərinin əsas elmi mərkəzi olan yeni araşdırma mərkəzi yaradılmışdır. Bu mərkəz sonradan Xarəzmşaha həsr olunmuş və Mərkəzi Asiyanın ilk Akademiyası adlanmışdır. Ərəb istilasından sonra ərazi ardıcıl olaraq müxtəli Türk dövlətlərinin – Çingiz Ulusunun, Qızıl Orda Dövlətinin və Teymurilər imperiyasının ərazisinə daxil olmuşdur. Bu sürətli inkişaf XIII əsrin əvvəllərində zəifləməyə başlamışdır. Burada olan bütün şəhərlər, suvarma sistemləri, mədəniyyət mərkəzləri dağılıb sıradan çıxmışdır, lakin Əmir Teymurun və onun varislərinin hakimiyyəti dövründə ərazinin siyasi, iqtisadi və mədəni inkişafına səmərəli şərait yaranmışdır. Teymurun hakimiyyəti dövründə dövlət idatəetməsi onun əsas prinsiplərini əks etdirən "Teymur Qanunnaməsi" adlanan qanun əsasında həyata keçirilirdi. Teymurun ölümündən sonra onun varisləri daha cöx incəsənətin, elmin və mədəniyyətin inkişafına diqqət ayırmışdılar. Xüsusilə Uluq bəyin, ŞahruxHüseyn Bəyqaranın dövrlərində mədəniyyətin inkişafı öz zirvəsinə çatdı. Mavəraünnəhr və Xorasan nəinki Şərqdə eləcə də bütün Avropada tanındı. Bu dövr Mərkəzi Asiyanın ikinci "İntibah Dövrü" idi. Böyük filosoflar Əlişir Nəvai, Uluqbəy, Xocazadə Rumi, Əli Quşçu, Mirşərif Gürcani, Xoca Əkrar, Litufi, Xondəmir, Babur və bir çox digər məşhurlar məhz bu dövrdə yaşamışlar. Əlişir Nəvai XV əsrdə yaşamış və şah əsərlər yaratmış, yalnız elm və sənət ardınca deyil, ölkənin mədəni hala gəlməsində, texniki sənətlərin inkişafında və iqtisadiyyatının güclənməsində də böyük xidmətləri olmuş bir şəxsiyyətdir. O, həmçinin yaxşı bir dövlət xadimi, zamanın bəstəkar və rəssamlarını ən çox təşviq və himayə edənlərdən biri kimi tanınmışdır. Ancaq onun əsas böyük xidməti "Türklük" və "Türk dilçiliyi" sahəsində olmuşdur. Teymurilərdən olan Uluqbəy Səmərqənddəki elmi mərkəzin tikilməsinə şəxsən məsul olmuş və bu mərkəz hal-hazırda Uluqbəy Akademiyası adlanır. Bu dövr həmçinin memarlıq abidələrinin yaranması, özbək şerinin sürətli inkişafı, miniatür sənətinin, əlyazmaların, astronomiyanın, riyaziyyatın, tarixin və tibbin geniş inkişafı dövrü kimi tanınır, lakin XV əsrin sonu XVI əsrin əvvəllərində tez-tez baş verən daxili çəkişmələr Teymurilər dövlətinin məhvini labüd etdi, lakin bu yalnız dövlətin məhvi idi. Belə ki, XVII əsrin əvvəllərində Teymur nəslindən olan Fərqanə hakimi Babur Hindistanı işğal etdi və yeni qurduğu dövləti Böyük Babur İmperiyası adlandırdı. İngilislər gələnə qədər Hindistanı məhz Teymurilər idarə etdi. XVII əsrdən etibarən Mavəraünnəhr dərin sosial və iqtisadi çöküşə məruz qaldı. XIX əsrdə Məhəmməd Rəhim xan Xarəzimdə tarixin və ədəbiyyatın inkişafına böyük diqqət vermişdir. Munis, Komil Xarəzimi, Ağai, Bəyani bu dövrün yetirmələrindəndir. XIX əsrin ikinci yarısında Türküstan həyatı çətin sosial, iqtisadi və siyasi hadisələrlə zəngindir. XIX əsrin sonlarında isə Özbəkistan ayrı-ayrı xanlıqlara parçalanmış şəkildə Rusiya imperiyası tərəfindən işğal edilmişdir. Ümumiyyətlə Mərkəzi Asiya torpaqlarının Rusiya imperiyası tərəfindən işğalı 3 mərhələdə həyata keçirilmişdir. Birinci mərhələ 1864–1865-ci illəri əhatə edir və bu dövrdə Kokand xanlığının çox hissəsi işğal edilmişdir. 1866–1873-cü illəri əhatə edən ikinci mərhələdə BuxaraXivə xanlıqları tabe edilmişdir. 1869–1884-cü illərdə isə Türkmənistanın işğalı başa çatdırılmışdır. Bu ərazidə yaşayan Türklərə özbək adı ilk dəfə 1313–1342-ci illərdə Qızıl Orda dövəltinin hökmdarı olmuş Qiyasəddin Məhəmməd Özbək Xan tərəfindən verilmişdir. Özbək Türkləri İslamı məhz Qızıl Orda dövlətinin mövcud olduğu dövrdə qəbul etmişlər. Belə ki, müsəlman ölkələri ilə olan geniş iqtisadi və siyasi əlaqələr İslamın zadəganlar və xalq kütlələri arasında geniş yayılmasına əlverişli imkan yaratmışdır. Batı xanın qardaşı Bərkə xan müsəlmanlığı qəbul etsə də, İslam məhz Özbək xanın hakimiyyəti dövründə Qızıl Ordanın rəsmi dini elan olunmuşdur. Əmir Teymurun ölümündən sonra zəifləyən Teymur imperiyasının torpaqlarının Aral gölü və Seyhun çayının qüzeyindəki bölgələrində dağınıq yaşayan, sonralar Şeybanilər kimi tanınan özbəklər Əbül Hayır xanın rəhbərliyi altında birləşmişlər. Əbül Hayır xan 1428-ci ildə Turada (hazırkı Tobolsk) taxta çıxmış və 40 il hökmranlıq etmişdir. Əbül Hayır xan Çingiz xanın oğlu Cuçinin beşinci oğlu və Batı xanın qardaşı olan Şeybanın sülaləsindən idi. Şeybani xanlığı (Özbək xanlığı) 1468-də Teymurilər tərəfinfən ləğv edilmiş və 1500-cü ildə Məhəmməd Şeybani xan tərəfindən (1451–1510) yenidən qurulmuşdur. Əbül Hayır qısa müddətdə qüvvətlənərək ətrafdakı digər boyları da hakimiyyəti altında birləşdirmiş, Ceyhun çayı sahilindəki Sığnak, Arkuk, Suzak və Özkənt şəhərlərini ələ keçirmiş, Sığnağı paytaxt elan etdimişdir. 1561-də isə xanlığın paytaxtı Buxaraya köçürülmüşdür. Kalmıklar üzərinə yürüşün məğlubiyyətlə nəticələnməsindən sonra Kanay və Canıbəy adlı başbuğlar bəzi tərəfdarları ilə birlikdə Cığatay xanının himayəsinə sığınmış və sonralar bölgədən ayrılan bu özbəklərə Qazax və ya Qırğız Qazaxları adı verilmişdir. 1599-cu ildə Şeybanilər xanlığı əslən Həştərxan xanlığından olan Can Xanın oğulları Din Məhəmməd, Baki Məhəmməd və Vali Məhəmməd tərfindən son qoyulmuş və ərazisi Həştərxan xanlığına (Canoğulları xanədanı) birləşdirilmişdir.

Şeybanilər dövlətinin süqutundan sonra onun yerləşdiyi ərazidə müxtəlif vaxtlarda üç əsas xanlıq – Buxara, Xivə və Kokand xanlıqları yarandı və bu xanlıqlar XIX əsrin əvvəllərinə qədər mövcud oldu. Buxara xanlığı 185 illik (1599–1785) mövcudiyyəti müddətində fəth siyasəti həyata keçirməyib, yalnız öz müstəqilliyini qorumaqla məşğul olmuşdur. Şəhər 1740-cı ildə Nadir şah Əfşar tərəfindən işğal olunmuşdur. Onun ölümündən sonra Buxara özbək əmiri Xudayar bəyin idarəçiliyi altına keçmiş və 1785-ci ilədək mövcud olmuşdur. Əsası Mangird sülaləsindən olan Şah Murad tərəfindən qoyulmuş və 1785-ci ildən Buxara əmirliyi adlanan dövlət 1920-ci ilədək mövcud olmuşdur. Mangirdlər sarayda atabəylik və vəzirlik vəzifəsini tuturdular.

Coğrafiyası

redaktə
 
Özbəkistanın kosmosdan çəkilmiş şəkli
 
Aral dənizinin 1989 və 2008-ci illərdə sahəsi

Ökənin ərazisi 448.900 km²-dir, onun 426.800 km²-i quru, 22.000 km²-i isə su sahəsidir. Özbəkistan əsasən Turan ovalığında yerləşir. AmudəryaSırdərya çayları arasındakı geniş Qızılqum səhrası ərazinin daha çox hissəsini tutur. Ümumiyyətlə, ərazisinin 70%-i səhra və yarımsəhralardan ibarətdir. Respublika ərazisinin qalan hissəsini dağarası vadilər (Fərqanə, Çirçik) və onları əhatə edən dağlar (Tyanşan, Pamir, Altay) əhatə edir. Öz mənbəyini dağlardakı buzlaqlardan götürən, hətta yayın istisində belə öz suyunu azaltmayan Amudərya və Sırdərya kimi çaylar onun təbiətində və təsərrüfatında mühüm rol oynayır. Çaylardan suvarma məqsədilə geniş istifadə olunur. Çay sularının çox hissəsinin suvarma üçün işlədilməsi, gübrələrdən geniş istifadə ekoloji tarazlığın pozulmasına gətirib çıxarır. Aral gölündə baş verən fəlakət buna misal ola bilər. Aral gölü indi tamam yox olmaq təhlükəsi qarşısındadır. Bu, Özbəkistanda təbiəti mühafizə tədbirlərinin gücləndirilməsini, bu məsələyə daha ciddi və hərtərəfli yanaşmağı tələb edir.

Su anbarlarından Çarvax, Gurxan və Çimkurqanı göstərmək olar.

Faydalı qazıntıları

redaktə

Özbəkistanda 100 növdən artıq mineral ehtiyat var. Orta Asiyanın digər ölkələrindən fərqli olaraq Özbəkistanın əsas yanacaq ehtiyatı zəifdir. Kömür ehtiyatı nisbətən az olsa da, Əngren (Daşkənd vilayətində), ŞarqunBaysun (Surxandərya vilayətində) yataqları əsas kömür yataqlarıdır. Kömürün kəşf olunmuş ehtiyatı 2 mlrd tondur. Təbii qaz əsas yanacaq-energetika sərvətidir. 2005-ci ildə ölkə ərazisində 130-dan çox qaz yatağı aşkar edilmişdir. Sənaye əhəmiyyətli ehtiyatının ümumi həcmi 3 trilyon kub metr hesablanmışdır. Qaz ehtiyatlarının 90%-i Buxara-Xivə bölgəsində cəmlənib.

Qızıl ehtiyatına görə dünyada 5-ci yeri tutur. 30-dan çox qızıl yatağında birlikdə təqribən 4000 ton qızıl ehtiyatı var. Qızıl hasilatının mərkəzi Muruntau rayonudur. Bundan başqa Daşkənd, CizzəxNəməngan vilayətlərində qızıl yataqları yerləşir.

Özbəkistanda uran ehtiyatı da çoxdur. Radioaktiv metalların ehtiyatına görə dünyada 7-ci yeri tutur. Kəşf olunmuş ehtiyatı isə 55 min tondur. İnqiçki (Səmərqənd vilayəti) və Koytaşada (Cizzəx vilayəti) isə volfram yataqları ilə zəngindir.

İnzibati ərazi bölgüsü

redaktə

Özbəkistan Respublikası inzibati cəhətdən 1 muxtar respublika, 12 vilayətpaytaxt Daşkənd şəhərindən ibarətdir.

Qaraqalpaqıstan Respublikası:

Qaraqalpaqıstan Özbəkistanın tərkibində muxtar respublikadır. Muxtar respublika kimi 14 oktyabr 1924-cü ildə yaradılmışdır. Qaraqalpaqıstan müxtəlif vaxtlarda QazaxıstanRusiyanın tərkibində olmuşdur. 5 dekabr 1936-cı ildən isə Özbəkistanın tərkibinə qatılmışdır. Paytaxtı Nukus şəhəri, ümumi sahəsi 166,600 kvadrat kilometrdir.

Vilayətlər:

Buxara, Cizzəx, Daşkənd, Fərqanə, Əndican, Xarəzm, Qaşqadərya, Nəməngan, Nəvai, Səmərqənd, Sırdərya, Surxandərya.

  Əsas məqalə: Özbəkistan əhalisi

Özbəkistan insan məşkunlaşmasının ən qədim yerlərindən biridir. Burada daş dövründən qalmış insan məskənlərinin izləri tapılmışdır. Özbək millətinin əsasını oturaq, köçəri və yarımköçəri əhalidən ibarət türk qəbilələri təşkil edir. Etnik tərkibinə görə əhalinin çoxu özbəklərdir(80%). Bundan başqa burda ruslar, ukraynalılar, qarqalpaqlar, azərbaycanlılar, tatarlar, qazaxlar, taciklər, koreyalılar, qırğızlar və digər millətlərin nümayəndələri yaşayırlar. Ölkə əhalisinin çox hissəsi (60%) kənd yerlərində yaşayır. Demoqrafik artım ildə hər 1000 nəfərə 23 nəfərdir.

Özbəkistan Mərkəzi Asiya ölkələri arasında ən sıx məskunlaşan ölkədir. Burada 1 km²-ə 60 nəfər düşür. Ancaq ərazi üzrə məskunlaşma qeyri-bərabərdir. Əhalinin çoxu dağətəyi ərazilərdə, vahələrdə və çay vadilərində yaşayır. Vahələrdə əhalinin sıxlığı 1 km²-də 65–100 nəfərdir. Dağlarda və səhralarda məşkunlaşma çox seyrəkdir.

Mədəniyyəti

redaktə

Özbək mədəniyyəti Şərqin ən parlaq və orijinal nümunələrindən biridir. Onun misilsiz musiqisi, rəsmləri, təsviri sənəti, özünəməxsus mətbəxi, geyim mədəniyyəti və memarlığı var. Özbəklər özlərinin klassik və könül oxşayan xalq mahnıları ilə məşhurdur. Bu musiqilər müxtəlif janr və mövzularla xarakterizə olunur. Özbək klassik musiqisi şaşməqam adlanır. Bu muğam 16-cı əsrin sonlarında Buxarada formalaşmışdır. XX əsrin 50-ci illərindən başlayaraq burada klassik musiqilərin ifası radiolarda qadağan edilmiş, adları dəyişdirilərik "feodal musiqisi" adlandırılmışdır. Şaşməqam Azərbaycan və Uyğur muğamları ilə yaxındır. Bu ad tərcümədə altı muğam deməkdir və musiqinin strukturu ilə əlaqəlidir. Şaşməqam müxtəlif bölmələrdən ibarətdir. "Koşk" adlanan xalq musiqisi də Özbək xalqının milli-mənəvi dəyərlərindəndir. Bu mahnılar "ev nəğmələri" adlanır. Bu melodiya janrı komik rəqslərlə də müşahidə olunur. Mahnının mətnlərini Şərqin milli poemalarının hissələri təşkil edir. Lapar – dialoq (deyişmə) musiqidir və Özbəkistanın digər milli musiqi növüdür. Ölkənin bəzi yerlərində lapar "Ulan" adlanır və toy mərasimlərində istifadə olunur (burada o qadının və kişinin dialoqu kimi ifa edilir). Yallı rəqsinin Özbəkistanda iki növü tanınır. Klassik və xalq musiqisi ilə yanaşı Özbəkistanda populyar musiqi də inkişaf etməkdədir.

Özbəkistanda milli bayramlar

redaktə

1 – 2 yanvar — Yeni il

14 yanvar — Vətən Müdafiəçiləri günü

8 mart — Beynəlxalq Qadınlar günü

21 mart — Novruz bayramı

9 may — Xatirə və Anma günü

1 sentyabr — Özbəkistan Respublikasının Müstəqilliyi günü

1 oktyabr — Müəllimlər günü

8 dekabr — Özbəkistan Respublikasının Konstitusiyası günü

2 gün — RamazanQurban bayramı

Memarlığı

redaktə
 
Buxarada məscid

Özbəkistan ərazisi mədəni abidələrlə olduqca zəngindir. Xüsusilə şəhəri və bu şəhərləri bəzəyən tarixi və memarlıq abidələri özbək mədəniyyətinin ayrılmaz hissələridir. Daşkənd, Səmərqənd, Buxara, Xivə, Kokand, Termez, Muynak, Şəhrisəbz – bunlar Özbəkistanın ən mühüm şəhərlərindəndir. Səmərqənd şəhəri Zərəfşan çayı vadisində yerləşir və Özbəkistanın ikinci böyük şəhəridir. Onun yaşı Babil və Roma şəhərlərinin yaşı ilə müqayisə oluna bilər. Bəzi mənbələr onun yaşının 2500 il olduğunu göstərir. Bu şəhəri şairlər və tarixçilər "Şərqin Roma"sı, "Göylər altında olan ən gözəl şəhər", "Şərq İslamının mirvarisi" adlandırmışlar. Bibi Xanım Məscidi, Reqistan meydanı, Qur-Əmir movzoleyi şəhərin ən möhtəşəm memarlıq abidələrindəndir. Movzeleydə Əmir Teymurdan və Məhəmməd Sultandan başqa, Uluqbəy, Miranşah, Şahrux xan və Əmir Teymurun mənəvi müəllimi Mir Səid Baraka da dəfn olunmuşlar. Uluq bəyin hakimiyyəti dövründə Əmir Teymurun qəbrinin üzəri tünd yaşıl rəngli hade (jade-metamorfik, bəzək daş) daşı ilə örtülmüşdür. Teymurun qəbrini iki dəfə açmağa cəhd olunmuşdur. Birinci dəfə bu cəhdi 1740-cı ildə Nadir şah Əfşar, ikinci dəfə isə 1941-ci ildə sovet arxeoloqları tərəfindən edilmişdir. Sonuncular tərəfindən qəbir dağıdılmışdır. Qeyd edək ki, Teymurun qəbri ilə yanaşı, Uluqbəyin də qəbri açılmışdır və onların skletləri 1942-ci ilin noyabırında Stalinqrad döyüşləri başlayarkən təkrar həmin yerdə dəfn edilmişdir. Bibi Xanım məscidi təkcə Səmərqəndin və Özbəkistanın deyil bütün İslam Türküstanının tanınmış tarixi məscididir. Məscidin tikintisinə 1399-cu ildə Teymur Hindistan yürüşlərindən qayıtdıqdan sonra başlamış və 1404-cü ildə bitmişdir. Məscid-sarayın həyətində böyük mərmər Quran yerləşir. Səmərqəndin digər möcüzəsi olan Registan kompleksi şəhərin ürəyi sayılır. Burada üç mədrəsə Uluq Bəy mədrəsəsi (1417–1420), Şer-Dor Bəy mədrəsəsi (1619–1636), Tilya-Kori Bəy mədrəsəsi (1646–1660) yerləşir.

Görməli yerlər

redaktə
 
Səmərqənd

Ölkədə müxtəlif tarixi abidə, məscid və muzeylər var. Onların sırasında Bibixanım məscidi, Uluqbəy rəsədxanası və mədrəsəsi, Şaxi Zinda məqbərəsi, əmir Teymur və onun nəslinin uyuduğu Qur-Əmir movzoleyi, Ağ-Saray, Reqistan meydanının adını çəkmək olar. Təkcə Orta Asiyanın müqəddəs şəhəri adlandırılan Buxarada 140-a yaxın arxitektura abidəsi var. Qədim Xivə isə müxtəlif əsr və xalqlara məxsus tarixi abidələrin məkanı olduğu üçün 1967-ci ildə, İçan-Qala isə 1990-cı ildə YUNESKO-nun Ümumdünya irsinə daxil edilib.[7]

Ənənələr

redaktə
 
Özbək plovu

Özbəklərə məxsus əsas xüsusiyyətlərdən biri qonaqpərvərlikdir. Burada qonaq qarşılamaq süfrənin zənginliyi və ailədəki çatışmazlıqlardan öndə durur. Nahar və ya şam yeməyinə dəvətdən imtina etmək düzgün sayılmır, qonaq üçünsə ən əsası dəqiqlikdir. Qonaq gedərkən suvenir və uşaqlar üçün şirniyyat aparmaq arzu olunandır. Hörmətli qonaqları ev sahibləri həyətdə qarşılayıb hal-əhval tutduqdan sonra evə dəvət edirlər. Süfrəyə ilk öncə şirniyyat, sonra isə ağır yeməklər verilir. Ümumiyyətlə, özbəklərdə çayiçmə xüsusi mərasim hesab olunur. Onu kişilər dəmləyib piyalələrdə süfrəyə verirlər. Əgər qonaq ev sahibinin sevimlisidirsə, onun piyaləsinə çay az süzülür. Bu, qonaqla ev sahibi arasındakı qarşılıqlı hörmətlə izah olunur. Belə ki çayını içən adam yenidən ona çay süzülməsini xahiş edir və beləliklə bu hal bir neçə dəfə təkrarlanır. Çağrılmamış qonaqlara isə çayla dolu piyalə verilir.[7]

Özbəkistan Respublikasının Konstitusiyası

redaktə

Özbəkistan Respublikasının Konstitusiyası 1992-ci il dekabırın 8-i Özbəkistan Ali Şurasının XII sessiyasının XI çağırışında qəbul olundu. Konstitusiya preambuladan, 6 bölmə, 26 fəsil və 128 maddədən ibarətdir. Birinci bölmə Konstitusiyanın təməl prinsiplərini, ikinci bölmə insan və vətəndaşların əsas hüquq, azadlıq və vəzifələrinin təminatını, üçüncü bömə dövlətin iqtisasdi və sosial əsaslarını, dördüncü bölmə idarəetməni, ərazi və dövlət stukturunu müəyyən edir, sonuncu bölmə isə Konstitusiyaya düzəlişlərin qaydasını ifadə edir. Qeyd etmək lazımdır ki, Konstitusiyanın 128 maddəsindən 60-ı özbək xalqının və vətəndaşlarının hüquqi statusna həsr edilib. Konstitusiyanın qəbul edildiyi gün – 8 dekabr ölkədə Konstitutsiya günü kimi qeyd edilir.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. APA TV. "Özbəkistanın yeni prezidenti məlum oldu" (az.). Youtube.com. 05.12.2016. 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-06.
  2. Central Intelligence Agency - CİA - The World Factbook :Country comparison: Area Arxivləşdirilib 2012-11-13 at the Wayback Machine
  3. Central Intelligence Agency - CİA - The World Factbook :Country comparison: Population Arxivləşdirilib 2012-10-23 at the Wayback Machine
  4. Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Всесоюзная перепись населения 1989 года.: Национальный состав населения по республикам СССР :Узбекская ССР Arxivləşdirilib 2012-01-06 at the Wayback Machine--Источник: Рабочий архив Госкостата России.Таблица 9с. Распределение населения по национальности и родному языку.
  5. 115 // Özbəkistan Konstitusiyası.
  6. http://chartsbin.com/view/edr.
  7. 1 2 Böyük tarixi olan qədim, gəzməli ölkə-Özbəkistan Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Anspress. tarixi:2009.09.28

Xarici keçidlər

redaktə